Ölkədə qeydiyyata alınan 500-dən çox QHT, gənclər təşkilatı var. Qeyd edək ki, QHT-lərin və ya gənclər təşkilatının əsas missiyası ictimai problemlərin həllinə vətəndaşların könüllü olaraq cəlb edilməsindən ibarətdir. Bunun üçün hansısa bir qurumun maliyyə yardımı o qədər də vacib deyil.
Yəni bir qrup ictimai fəal insan peşəsindən asılı olmayaraq, bir araya gələrək hansısa bir ictimai problemin həllinə öz əməyini könüllü olaraq sərf edir. QHT-lərin və gənclər təşkilatının fəaliyyətinin fəlsəfəsi məhz bundan ibarətdir.
Bir sözlə, vətəndaş cəmiyyətinin fəlsəfəsində məhz könüllülük, ictimai problemin həllində vətəndaş təşəbbüsü, vətəndaş töhfəsi durur. Əlbəttə, bu cür vətəndaş töhfələri daha geniş miqyasdadırsa, daha uzunmüddətli müdaxilə tələb edən məsələdirsə, əlbəttə, belə məsələlərdə həmin ictimai təşkilatlar həm dövlət qurumuna, həm də ayrı-ayrı donorlara müraciət edib layihələr həyata keçirə bilərlər. Ayrı-ayrı sahələr üzrə ixtisaslaşmış qurumlar, mütəxəssislərdən ibarət bir beyin mərkəzi ola bilər ki, onlar istehsal etdikləri məhsulları maraqlı tərəflərə sata bilərlər. Belə olan halda, bu, niyə də insanların iş yerinə çevrilməsin. Həmin QHT-lər və ya gənclər təşkilatı həm dövlət qurumlarına, həm özəl sektora, həm də yerli özünüidarəetmə orqanlarına öz xidmətlərini təklif edə, onların sifarişlərini yerinə yetirərək pul qazana bilərlər. Bu, normal yanaşmadır və istənilən təşkilat belə layihələrlə özünə daimi bir iş yeri də yarada bilər.
Ancaq bu gün ölkədə çoxlu sayda QHT və ya gənclər təşkilatı olmasına baxmayaraq, onların fəaliyyəti, demək olar ki, yox səviyyəsindədir. Bir sözlə, adı olub, özü olmayan vətəndaş cəmiyyətləri yetərincədir. Qeyd etdiyimiz kimi, ölkədə çoxlu sayda gənclər təşkilatı olmasına baxmayaraq, yalnız bir neçəsi aktiv fəaliyyət göstərir.
“...onların çoxu aktiv deyil”
Millət vəkili Vüqar İsgəndərov bildirdi ki, Azərbaycanda qeydiyyatdan keçmiş 500-dən çox QHT, gənclər təşkilatı var. Çox təəssüf ki, onların çoxu aktiv deyil: “Bəzi təşkilatların isə fəaliyyəti ürəkaçan səviyyədə deyil. Ancaq elə təşkilatlarımız da var ki, xarici ölkələrdə aktiv fəaliyyət göstərirlər. Arzu edərdik ki, Ədliyyə Nazirliyindən qeydiyyatdan keçən gənclər təşkilatının hamısı aktiv fəaliyyət göstərsin. Təəssüf ki, bəzilərində fəaliyyətsizlik yaşanır”.
Millət vəkili hesab edir ki, fəaliyyətsiz olan təşkilatların qeydiyyatı ləğv edilməlidir.
Günel CƏLİLOVA