Ermənistan faşizmin dövlət səviyyəsində qəhrəmanlaşdırılmasını Qarabağa da yayır - Xocavənddə Njdenin heykəli və sülh razılaşmasına aşkar saymazlıq...

Elşad Musayev: “Fakt təsdiqini taparsa, Azərbaycan ordusu sülhməramlılara məhəl qoymadan girib həmin heykəli darmadağın etməlidir”

img

Ermənilər hərbi qəhrəman hesab etdikləri faşist cəlladı Qaregin Njdeyə Xocavənd şəhərində heykəl ucaldıblar. Sosial medianın erməni sektorunda yayılan xəbərlərdə yazılır ki, mənfur heykəl müharibədən əvvəl hazırlansa da, bugünlərdə Xocavəndin mərkəzi küçələrindən birində qoyulub.

Xatırladaq ki, Prezident İlham Əliyev dəfələrlə öz çıxışlarında Njdeni faşist, cəllad və terrorçu adlandırıb. Onun başlatdığı siyasi təzyiq nəticəsində insanlıq düşməni olan Njdeyə Rusiyada qoyulan heykəl demontaj olundu. İndi ermənilərin əldə olunan 10 noyabr sülh razılaşmasından sonra bu cür addım atması nəyin əlaməti sayıla bilər?

Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bu hərəkətin edilməsi ilə bağlı məlumatlar sosial şəbəkələrdə yayılıb: “Mən araşdırdım ki, həmin məlumatların ilkin mənbəyi sosial şəbəkələrin erməni seqmentidir. Hələlik bununla bağlı rəsmi heç bir məlumat yoxdur. Son vaxtlar ermənilər bu tipdə olan dezinformasiya xarakterli məlumatları çox dövriyyəyə buraxırlar. Bu hadisə təsdiqini tapsa da, tapmasa da ermənilər vəziyyətin gərginləşməsində maralıdırlar. Araik Arutyunyan bugünlərdə bir bəyanat verdi və dedi ki, Qarabağ heç vaxt Azərbaycanın tərkibində olmayacaq. Görünür, vəziyyəti gərginləşdirmək onlara sərf edir. Bununla onlar qondarma qurumun mövcudluğunu diqqətə çatdırmaq istəyirlər. Azərbaycan bununla bağlı sərt tədbir görməlidir. Əgər həqiqətən Xocavənddə Njdeyə heykəl qoyulduğuna dair fakt təsdiqini taparsa, Azərbaycan ordusu sülhməramlılara məhəl qoymadan  girib həmin heykəli damadağın etməlidir. Bu cür sərt addımlar atılmalıdır ki, onlara ibrət dərsi olsun”.

Partiya sədrinin sözlərinə görə, ermənilər nəsə hiss etdikləri üçün belə aşkar təxribatlara əl atırlar: “ Bizim hakim dairələrin səbr nümayiş etdirməsi də təsadüfi sayıla bilməz. Görünür, hansısa plan var və ermənilər başa salınacaq. Ermənilər manevr imkanları daraldığı səbəbindən bizi belə təxribatlara çəkir. Biz sülhməramılara sərt xəbərdarlıq etməliyik ki, bu cür təxribatlara son qoyulsun. Tələbimizə əməl olunmasa yenidən ermənilərin başını əzməliyik. Onlar zərbə almayanda özlərinə gəlmirlər. Əgər sülhməramlılar bu cür təxribatlara göz yumurlarsa, deməli, bunun kökündə erməni-rus birliyinə aid bir plan var”.

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər