Azərbaycanın kosmik peyklərinin 44 günlük müharibədə həlledici rolu...

Osman Gündüz: “44 günlük müharibə dönəmində Azərbaycanın müşahidə peykinin imkanlarından səmərəli və effektiv istifadə olunub”

img

“Mən texnoloji inkişafla bağlı görülmüş işlər arasında peykləri qeyd etməliyəm. Biz peykləri orbitə çıxaranda bəziləri sual verirdilər ki, bu, nə üçün lazımdır. Ancaq həyat göstərdi ki, bu, bizə çox lazımdır. Həm müharibə dövründə, həm müharibədən sonrakı dövrdə peyklərdən istifadə bizə çox böyük üstünlük təmin etdi”.

Bu barədə Prezident İlham Əliyev yanvarın 26-da Rəşad Nəbiyevi nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən söyləyib.

Ölkə başçısı qeyd edib ki, bizim həm telekommunikasiya, həm Yer səthini müşahidə edən peyklərimiz qarşıda duran bütün vəzifələri icra etmək üçün imkan yaradır: “Biz məhdud sayı olan kosmik klubun üzvüyük. Burada kadr hazırlığı əlbəttə ki, önəmli rol oynayır. Bu sahədə çalışan kadrlar artıq bizim ümumi intellektual potensialımızı gücləndirirlər. Eyni zamanda, Vətən müharibəsi dövründə düşmənin hərəkətlərini onlayn formatda izləmək və onların təxribatlarının qarşısını almaq əlbəttə ki, bizə əlavə üstünlük yaratdı. Təsadüfi deyil ki, Vətən müharibəsi, Azərbaycanın apardığı əməliyyatlar dünyada hərbi ekspertlər tərəfindən XXI əsrin müharibəsi adlandırıldı. Çünki bu, texnoloji inkişaf baxımından bir yenilik idi”.

Prezidentin qeyd etdiyi kimi, bizim peyklər 44 günlük müharibə dövründə ölkəmizə çox böyük faydalar verdi. Peyklərin ölkəmizə verdiyi fayda barədə danışan "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, 44 günlük müharibə dönəmində Azərbaycanın müşahidə peykinin imkanlarından səmərəli və effektiv istifadə olunub: “Məlumat üçün bildirim ki, müşahidə peykinin imkanları çox genişdir. Müşahidə peykindən dəqiq məlumatlar toplanılıb. Adıçəkilən peyk vasitəsilə müharibə zamanı düşmən tərəfindən bəzi məlumatların toplanılmasında istifadə olunub. Həmçinin, rəqəmsal xəritələrin hazırlanması kimi məsələlərdə müşahidə peykindən effektiv istifadə edilib. “Azerkosmos”un Vətən müharibəsi dövründə keyfiyyətli fəaliyyəti də danılmazdır”.

Günel CƏLİLOVA

Son xəbərlər