Prezident Əliyev Azərbaycan və Türkmənistanın dövlət siyasətləri arasında maraqlı müqayisə apardı - asılı olmamaq, milli kökə bağlılıq, özünü təmin etmək...

Ramil Hüseynov: “Böyük güclər bu iki ölkə zəngin enerji resurslarına sahib olduğuna görə onları öz təsir dairələrinə salmağa çalışırdılar”

img

“Bizim ölkələrimiz özlərini tamamilə təmin edən ölkələrdir”. Bunu Prezident İlham Əliyev “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumunun imzalanması ilə bağlı Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovla keçirilən videokonfrans formatında görüşdə çıxışı zamanı deyib.

Dövlət başçısının sözlərinə görə, bugünkü mərasim ölkələrimizin müstəqilliyinin, suverenliyinin, iqtisadi potensialının möhkəmləndirilməsi üzrə çoxillik gərgin fəaliyyətinin nəticəsidir: “Bu gün Türkmənistan və Azərbaycan beynəlxalq arenada tam əsasla müstəqil xarici və daxili siyasət barədə danışa bilən ölkələrdir. Təəssüf ki, artıq bu gün dünyada belə hallara az-az rast gəlirik. Bizim ölkələrimiz özlərini tamamilə təmin edən ölkələrdir. Onlar istər beynəlxalq kreditlərdən, istər xarici köməkdən, istərsə də xarici təsirin hər hansı başqa formalarından və növlərindən asılı deyil. Bu ölkələr öz milli, mənəvi, əxlaqi ənənələrinə möhkəm sadiqdirlər. Bu, bizi irəliyə aparan əsasdır”.

Prezidentin iki ölkə ilə bağlı müqayisələri reallığı əks etdirir. Bir sıra məsələlərlə bağlı Azərbaycanla Türkmənistan arasında bənzərliklər var.

  • “Ancaq bütün bunlar heç bir nəticə vermədi”

Məsələyə münasibət bildirən siyasi ekspert Ramil Hüseynovun sözlərinə görə, Azərbaycanla Türkmənistan, sözün həqiqi mənasında, tam müstəqil dövlətlərdir: “Hər iki ölkə uzun illər SSRİ tərkibində olub. SSRİ dağılandan sonra eyni dövrlərdə müstəqillik əldə ediblər. Ötən 30 il ərzində bu ölkələr, xüsusən də Azərbaycan bir sıra çətinliklərlə üzləşib. Azərbaycan işğala məruz qaldı. O cümlədən, əksər postsovet ölkəsi kimi Azərbaycanla Türkmənistan da 90-cı illərdə iqtisadi çətinliklərlə üzləşdilər. Böyük güclər bu iki ölkə zəngin enerji resurslarına sahib olduğuna görə onları öz təsir dairələrinə salmağa çalışırdılar. Ancaq bütün bunlar heç bir nəticə vermədi. Hər iki ölkə müstəqil siyasət yeritməyi hər şeydən üstün tutdular. Azərbaycanla Türkmənistan heç bir hərbi blokda təmsil olunmurlar. Türkmənistan müstəqillik əldə edəndən bəri öz neytrallığını qoruyur. Hər iki ölkə beynəlxalq maliyyə qurumlarından asılı deyil. Əksinə, beynəlxalq maliyyə qurumları bu ölkələrə kredit verməkdə daha çox maraqlıdırlar. Çünki bu ölkələrin krediti geri qaytarmaq imkanları daha böyükdür. Bununla belə, Azərbaycanla Türkmənistan milli ənənələrə son dərəcə bağlı olan dövlətlərdir. Bu, müxtəlif formalarda özünü göstərir”.

Bütün bunlardan çıxış edən ekspet hesab edir ki, əldə olunan anlaşma Azərbaycanla Türkmənistan arasında əlaqələrin genişlənməsinə güclü təkan verəcək.

Vidadi ORDAHALLI

Son xəbərlər