“Qraparak” nəşri yazır ki, Ermənistan cəmiyyətində polisə qarşı ciddi narazılıqlar yetişməyə başlayır və bir sıra amillər insanların polisə münasibətini kəskin şəkildə dəyişdirdi. Bu isə ölkədə çox ciddi siyasi təlatümlərə və qarşıdurmalara gətirə bilər.
Bununla bağlı qəzet konkret faktları bir-bir ortaya qoyub: “Çox böyük gərginlik yığılır, bu da, öz növbəsində, narahatlığa və ciddi risqlərə malikdir.
1. Dövlət tərəfindən epidemiyaya qarşı sərt bir mübarizə təqlidini yaratmaq, uğursuzluqları və səhvləri cəmiyyətin üzərinə atmaq üçün, siyasi hakimiyyət polisi maskalar məsələsində ən dözülməz üsullara əl atmağa məcbur etdi. Polislər şəhərin izdihamlı yerlərində qrup halında gəzir, onları kütləvi şəkildə cərimələyir, bununla da dözülməz bir atmosfer yaradırlar. Polis insanları izləyir, onu izləmək üçün başqa bir polis əlavə olunur, digər üçüncü polis isə izləyicini izləyir.
Polisin davranışı çoxdan məntiqdən kənara çıxmış və absurd həddə çatır. Maska taxmamağa görə cərimə (bəzi hallarda bu da çox mübahisəlidir) bir qədər başadüşüləndirsə, boğulmamaq üçün maskanı təsadüfən bir və ya iki dəqiqə endirməyin cəzası və çox vaxt yaranan gərginlik sağlam düşüncəyə uyğun gəlmir. Bütün bunlar ağılasığmaz haldır. Bütün bunların özəyinin siyasi hakimiyyət tərəfindən polisə verilən səhv siyasi təlimat olduğu açıq-aşkar görünür. Ancaq nəticədə partlayış təhlükəli bir vəziyyət yaranır. Hər gün irili-xırdalı qarşıdurmalar, mübahisələr və münaqişələr olur, bu, gözlənilməz nəticələrə gətirib çıxaracaq. Çox böyük gərginlik yığılıb ki, bu da çox təhlükəlidir.
2. Eyni zamanda, polis baltalama yolu ilə maska üçün cərimələrin “yazılması” sisteminə çevrilərkən, şəhərdə açıq şəkildə özlərini həyasız aparan bir təbəqə yenidən canlanıb. Şəhərin mərkəzində yüksək səslə avtomobil idarə edən sürücülər yenidən adi hala çevrilib. Vətəndaş müdafiəsizdir, polis isə mövcud deyil, görmür, müdaxilə etmir.
3. Digər bir problem sürücülük vəsiqəsi üçün imtahan tarixləridir. İnsanlar aylarla, nəhayət, imtahanvermə növbəsinin gələcəyini, imtahanın nə vaxt təyin olunacağını gözləyirlər. 21-ci əsrdə sürücülük vəsiqəsi imtahanını aylarla gözləmək ayıbdır. Rəqəmsal dünya ilə heç bir əlaqəsi olmayan anlaşılmaz bir sistem hökm sürür. Əksər hallarda heç bir sistem, ümumiyyətlə, işləmir”.
Qeyd edilir ki, bütün bunların nəticəsində polisə münasibət dəyişir. Polis sırf siyasi göstərişləri yerinə yetirən və cərimələr yazan bir sistemin təmsilçiləri kimi nəzərdən keçirilir. Bunun isə çox təhlükəli nəticələri ola bilər: “Bu gün heç bir nəticə çıxarılmasa, belə davam edərsə, sabah ölkədə çox dəhşətli hadisələrin baş verəcəyi qaçılmazdır”.
Göründüyü kimi, Ermənistan cəmiyyətində güclü vətəndaş-polis qarşıdurması prosesi inkişaf edir. Bu isə ölkəni kəskin qarşıdurmalara və siyasi böhrana sürükləyir.
“Son dövrlər Rusiyanın himayəsi ilə təşkilatlanan “Qarabağ klanı”nın təmsilçiləri bu amildən məharətlə istifadə edəcəklər”
Sözügedən məsələ ilə bağlı fikirlərini baki-xeber.com-la bölüşən AMİP funksioneri Əli Orucovun sözlərinə görə, Paşinyanın polis sistemindən siyasi alət kimi istifadə etməsi ciddi qarşıdurmalar üçün münbit zəmin yaradır: “Bu artıq heç kəsə sirr deyil. Məsələ ondadır ki, iqtisadi problemlər bir tərəfdən, pandemiyanın yaratdığı çətinliklər o biri tərəfdən Paşinyanı çıxılmaz duruma salıb. Xüsusən də pandemiya ilə əlaqədar gediş-gəlişin məhdudlaşdırılması son zamanlar Ermənistanda sosial narazılıqları xeyli gücləndirib. Əsasən də Rusiyaya gedə bilmirlər. Vəziyyət o həddə gəlib çatıb ki, Xarici İşlər naziri Mnatsakanyan buna etiraz edənlərlə görüşüb onlara izahat verir. Küçə etirazları dalğasında hakimiyyətə gələn Paşinyan polisdən, faktiki olaraq, dəyənək kimi istifadə edir. Onun yeganə məqsədi hakimiyyətini bu yolla qorumaqdır. Ancaq bu adam düşünmək belə istəmir ki, artan vətəndaş-polis qarşıdurması məhz onun devrilməsi ilə nəticələnəcək. Son dövrlər Rusiyanın himayəsi ilə təşkilatlanan “Qarabağ klanı”nın təmsilçiləri bu amildən məharətlə istifadə edəcəklər. Bununla yanaşı, Rusiyanın Ermənistanın güc strukturlarında ciddi təsir imkanlarına malik olması heç kəsə sirr deyil. Ehtimal ki, qarşıdurmaları kəskinləşdirmək üçün üçüncü qüvvə olan Rusiya da bu prosesin içindədir və detanator rolunu oynayır”.
Siyasi ekspertin fikrincə, qarşıdakı dövrdə Ermənistan cəmiyyətində qarşıdurmalar daha da arta bilər.
Vidadi ORDAHALLI