“…26 avqust 2020-ci il tarixində Fransanın “Liberasyon” (Liberation) qəzetində Şuşanın guya qədim erməni mədəniyyət mərkəzi olduğuna və 1992-ci ilədək Azərbaycanın işğalı altında qaldığına dair nəşr edilən fotoməqalə, rusiyalı kosmonavt İqor Vaqnerin Xankəndi şəhərinin kosmosdan çəkdiyi şəkillərini sosial şəbəkələrdə “qədim erməni məkanının təsvirləri” qismində təqdim etməsi, həmçinin, Rusiya Təhsil Nazirliyinin orta məktəblərin 9-cu sinif şagirdləri üçün nəşr etdiyi “Rusiya tarixi” dərsliyində 1828-ci ilin Türkmənçay sülhünə görə çarizmin nəzarətinə keçən bölgələrimizin “Şərqi Ermənistan” adı ilə qələmə verilməsi faktları erməni təbliğatının əldə etdiyi son nəticələrdir...”
Bu fikirlər AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin “Ermənistanın hibrid müharibəsi fonunda dövlətimizin maraqları hər şeydən üstündür” başlıqlı məqaləsində qeyd edilib.
Ümumiyyətlə, heç bir tarixi əsası olmayan “Şərqi Ermənistan” məsələsi ermənilərin onillərdir uydurduğu mifik “coğrafi ərazi” olduğu gizlin deyil. Rusiyanın 9-cu sinif şagirdləri üçün nəşr etdiyi “Rusiya tarixi” dərsliyində bu mifdən bəhs edilməsi bütün mənalarda zərərlidir və bu ölkənin gəncliyini əyri istiqamətə yönəldən və ermənilərin məkrli təbliğatına yönəldən bir amildir.
“Şərqi Ermənistan” mifologiyası haqqında son zamanlara qədər yalnız saxtakarlıq ustası olan erməni müəllifləri yazırdılar, amma artıq bu ziyanlı və cinayətkar təbliğata Rusiya da açıq şəkildə şərik olduğunu ortaya qoyur. Ümumiyyətlə, “Şərqi Ermənistan” yox idi.
“Rusiya dərsliyində Azərbaycan və Gürcüstan torpaqlarının “Şərqi Ermənistan” kimi qələmə verilməsi tarixi həqiqətlərin məqsədli şəkildə təhrif edilməsidir”
Rusiyanın 9-cu sinif şagirdləri üçün nəşr etdiyi “Rusiya tarixi” dərsliyində yer alan “Şərqi Ermənistan” məsələsini şərh edən AMEA-nın Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Faiq Ələkbərli “Bakı-Xəbər”ə bildirdi ki, Şuşa və Xankəndinin “qədim erməni şəhəri” kimi təqdim edilməsi yolverilməzdir. F.Ələkbərlinin qeyd etdiyinə görə, Rusiya məqsədli şəkildə ermənilərin xeyrinə Türkmənçay müqaviləsini təhrif edir. F.Ələkbərlinin sözlərinə görə, Çar Rusiyası ilə Qacarlar dövləti arasında bağlanan müqavilədən sonra ermənilərin Cənubi Qafqaz, xüsusən də Azərbaycan ərazilərinə köçürülməsindən söhbət gedib: “Həmin dövrdə Ermənistan dövləti yox idi ki, “Şərqi Ermənistan”dan bəhs edilsin. Türkmənçay müqaviləsindən əvvəl də Azərbaycan və Gürcüstan əraziləri vardı və Çar Rusiyası bu torpaqları işğal edib və onda isə ümumiyyətlə, “Şərqi Ermənistan” adlı bir ərazi yox idi. Bilirsiniz ki, Gülüstan və Türkmənçay müqaviləsindən sonra ermənilərin bizim torpaqlara köçü başlayıb. Rusiya dərsliyində Azərbaycan və Gürcüstan torpaqlarının “Şərqi Ermənistan ” kimi qələmə verilməsi tarixi həqiqətlərin məqsədli şəkildə təhrif edilməsidir. Rusiyanın 9-cu sinif “Rusiya tarixi” dərsliyində Türkmənçay müqaviləsi təhrif edilir, müqaviləni ermənilərin xeyrinə saxtalaşdırmağa meyl göstərilir”.
Bu gün Rusiya və Fransada Azərbaycanın ərazi bütövlüyünün təhrif edilməsinə dair təxribatçı məlumatların ayrı-ayrı formalarda əks olunduğunu deyən F.Ələkbərli hesab edir ki, bu cür həqiqətə uyğun olmayan təxribat dolu məlumatların yayılması səbəblərindən biri bizim bu istiqamətdə yetərincə təbliğat apara bilməməyimizdir. Alim Fransa mətbuatında Şuşanın guya qədim erməni mədəniyyət mərkəzi olduğunun qeyd edilməsinin bu ölkənin bizə bəslədiyi mənfi münasibətin göstəricisi olduğunu deyir. “Fransa həmsədr ölkələrdən biridir, amma o, açıq şəkildə daha çox Ermənistanın yanında yer aldığını zaman-zaman göstərib. Rusiyanın 9-cu sinif şagirdləri üçün nəşr etdiyi “Rusiya tarixi” dərsliyində 1828-ci il Türkmənçay müqaviləsində Azərbaycan torpaqlarının, yəni indiki İrəvanın, İrəvan xanlığının və ümumiyyətlə, ətraf ərazilərin saxtakarlığa yol verilərək “Şərqi Ermənistan” olaraq təqdim edilməsi aydın şəkildə göstərir ki, bu, Rusiyanın Ermənistana bəslədiyi münasibətin nəticəsidir. Doğrudur, deyə bilərik ki, bu dərsliyin hazırlanmasında ermənilərin, ermənipərəst qüvvələrin iştirakı var. Məsələ burasındadır ki, bu gün Ermənistan kimi tanınan təcavüzkar ölkənin Azərbaycan torpaqlarında yaradılmasının bir nömrəli səbəbkarı Rusiyadır. Ona görə də demək istəyirəm ki, Rusiya dərsliyində Azərbaycan torpaqlarının “Şərqi Ermənistan” kimi qələmə verilməsində erməni barmağının olması ilə yanaşı, həm də bu ölkənin özünün marağı var. Bu bir həqiqətdir ki, məhz bu məsələnin belə bir şəkil almasında Rusiyanın apardığı siyasətin də böyük rolu var. Əlbəttə, biz rus xalqını ittiham etmirik. Amma istər Çar, istər Sovet Rusiyası, istərsə də indiki Rusiya Federasiyasının əsasən apardığı siyasət Ermənistanı müdafiə etmək, qorumaq məsələsinə əsaslanır”.
F.Ələkbərlinin sözlərinə görə, biz bunu yalnız Rusiyanın orta məktəblər üçün nəşr etdirdiyi kitablarda görmürük, eyni zamanda, Ermənistanı hərbi sursatlarla təmin etməsində, ikinci hərbi bazasının Ermənistanda yerləşdirilməsində və sairdə görə bilərik. Bu baxımdan, müsahibimizin fikrincə, həm Rusiyanın, həm də Fransanın mətbuatında və dərsliklərində, digər təbliğat vasitələrində Azərbaycan torpaqlarının “erməni məkanları” kimi təsvir edilməsi, bizim ərazilərin “Şərqi Ermənistan” adlandırılması, Dağlıq Qarabağın da bu şəkildə təqdim edilməsi bu həmsədr ölkələrin Azərbaycana mənfi münasibətinin göstəricisidir. “Bu onların Ermənistana xoş münasibətlərinin təzahürüdür. Biz hələ də indiyə qədər özümüzü daha çox inandırmağa çalışırıq ki, Rusiya və Fransa həmsədr ölkələr, yaxud da dünyanın güclü ölkələri olaraq, obyektiv olacaqlar. Mənə elə gəlir ki, bu məsələlərdə nə Rusiyadan, nə də Fransadan obyektivlik gözləmək mümkün deyil. Gördüyünüz kimi, eyni zamanda, Rusiya da həmsədrlərin dəyişməsini istəmir. Bu məsələlərdə biz yalnız öz mövqeyimizi gücləndirməyə və hər hansı bir şəkildəsə Türkiyənin həmsədr ölkələrdən biri olmasına nail olmağa çalışmalıyıq” - deyə F.Ələkbərli vurğuladı.
Tarixçinin fikirlərindən belə nəticəyə gəldik ki, vaxtilə Çar Rusiyası tərəfindən işğal edilən Azərbaycan və Gürcüstan ərazilərinin bu gün “Şərqi Ermənistan” kimi qələmə verilməsi zərərli, təxribatçı bir tendensiya, tarixin təhrif edilməsidir.
İradə SARIYEVA