Məlum olduğu kimi, koronavirus pandemiyası ilə əlaqədar bir sıra məhdudiyyətlər tətbiq edilir. O cümlədən, bir sıra beynəlxalq və yerli görüşlər videoformat şəklində təşkil olunur. Nazirlər Kabinetinin toplantıları, bir sıra bu kimi görüşlər sözügedən rejimdə keçirilir. Bu, təkcə Azərbaycanda deyil, bütün ölkələrdə belədir.
Son aylar videoformat şəklində Prezident İlham Əliyev bir sıra görüşlər keçirib. Yeni təyin edilən nazirlərə, icra başçılarına müvafiq tapşırıqlarını verib. Onların qarşısında konkret vəzifələr qoyub. Bütün bunların fonunda, Prezidentin icra başçılarını videoformat üzərindən qəbul etməsinin indiyə qədərki əhəmiyyətini ekspertlər necə dəyərləndirirlər?
“Bunun sayəsində vaxta qənaət edilir, proseslərə çevik müdaxilə təmin olunur”
Məsələyə münasibət bildirən iqtisadçı-ekspert Fuad İbrahimovun fikrincə, belə formatda görüşlərin keçirilməsinin bir sıra əhəmiyyəti var: “Məsələ ondadır ki, artıq biz yeni eraya qədəm qoyuruq. Bu da özü ilə yeniliklər gətirir. Güman edilir ki, postpandemiya dövründə də belə formatda iclaslara üstünlük verilsin. Nəzərə almaq lazımdır ki, dövlət və dövlətçiliyin idarəetmə mexanizmi olduğu halda, istənilən idarəetmə üslubundan istifadə etmək olar. İstər tetatet görüşlər, istərsə də onlayn qaydada görüşlər keçirmək mümkündür. Əsas odur ki, idarəetmə mexanizmi olsun. Respublikanın və dövlətin idarəetmə mexanizmi illərdir formalaşıb. Bununla bağlı heç bir problem yoxdur. Görüşlərin videoformat müstəvisində keçirilməsi effektivliyi xeyli artırır. O mənada artırır ki, bunun sayəsində vaxta qənaət edilir, proseslərə çevik müdaxilə təmin olunur və s. Bununla belə, icra başçılarının belə qəbulları iqtisadi cəhətdən səmərəlidir. Buna görə heç kim avtonəqliyyat vasitəsindən istifadə etmir, yol getmir. İş yerini tərk etmədən, əlavə vəsait, vaxt sərf etmədən iclas keçirilir. İş yerini tərk etmədən dövlət başçısı ilə birbaşa onlayn rejimdə iclasda olmaq mühüm əhəmiyyət kəsb edir. İstər-istəməz, verilən tapşırıqların sürətində, həyata keçirilməsində bunun müsbət əhəmiyyəti var. Bu qəbildən olan görüşlərin qarşıdakı illərdə daha geniş formatda keçirilməsi qaçılmazdır. Çünki zamanın tələbi dəyişib. Müasir dövr bunu tələb edir”.
Ekspert hesab edir ki, bu istiqamətdə, bir növ, Azərbaycanda yeni ənənə yaranır.
Vidadi ORDAHALLI