Ermənistanın Baş naziri Nikol Paşinyan avqustun 24-də əməkhaqqı göstəricilərini açıqlayıb. O, 2020-ci ilin iyul ayında işləyənlərin ümumi maaş fondunun 127 milyard 391 milyon drama yüksəldiyini, həmin məbləğin 613 min 62 əməkçi arasında bölündüyünü vurğulayıb.
Baş nazir ölkə üzrə orta maaşı 207 min 795 dram göstərib. O qeyd edib ki, 2019-cu ilin iyul ayında orta əməkhaqqı 193 955 dram idisə, 2020-ci ilin iyununda bu rəqəm 198335, 2020-ci ilin iyul ayında artıq 207.795 olub. Paşinyan, həmçinin, bunları deyib: “2020-ci ilin iyul ayında Ermənistanda işləyən vətəndaşların əməkhaqqı fondu 127 milyard 391 milyon dram təşkil edib. Bu, işçilərə ödənilən və gəlir vergisinin ödənildiyi məbləğdir. Eyni göstərici 2020-ci ilin iyun ayında 120 milyard 846 milyon dram, 2019-cu ilin iyul ayında isə 117 milyard 627 milyon dram təşkil edib.Yenilənmiş məlumatlara görə, 2019-cu ilin iyul ayında ümumi əməkhaqqı 606.465, 2020-ci ilin iyununda 609.302 nəfər arasında bölüşdürüldüsə, 2020-ci ilin iyul ayında artıq əməkhaqqının paylanmasında 613.062 nəfər iştirak edib”.
Bu açıqlamasından dərhal sonra erməni mediası Paşinyanı sərt tənqid edərək onu yalan danışmaqda ittiham edib. “News.am” saytı bu statistik məlumatlardan sonra Paşinyanın yenə də yalan danışdığını və əvvəlki əməllərindən əl çəkmədiyini vurğulayıb: “Koronavirus iqtisadiyyatı bərbad vəziyyətə salıb. Hara əməkhaqqı artıb? Nə qədər işçi işsiz qalıb. Belə olan halda, deyilənlər, sadəcə, yalandır”.
“Görünür, Paşinyan belə bir ağır durumda öz siyasi reytinqini qaldırmaq istəyir”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadə bununla bağlı bir sıra məqamlara toxundu: “Ermənistanda sosial-iqtisadi vəziyyətin pandemiya dövründə daha da ağırlaşması sirr deyil. Bütün dünyada iqtisadi aktivlik aşağı düşüb. Bir çox iş yeri bağlanıb. Özəl biznes müflis olub. Belə olan təqdirdə, heç bir iqtisadi potensialı olmayan Ermənistanda maaşların artırılması və iqtisadi sıçrayış barədə Baş nazir Nikol Paşinyanın açıqladığı rəqəmlər, sadəcə, xalqı ələ salmaqdır. Ermənistan hansı iqtisadi vəziyyətinə görə bu sahədə uğur qazanıb?! Rusiyadan və digər ölkələrdən bu ölkəyə miqrant pullarının göndərilməsi də xeyli azalıb. Görünür, Nikol Paşinyan belə bir ağır durumda öz siyasi reytinqini qaldırmaq istəyir. Amma artıq ermənilər onu populizmin mahir ustası hesab edirlər. İnqilabın acı nəticələrini bundan sonra görəcəklər. Yəni bunun daha çətin sosial-iqtisadi vəziyyətə gətirəcəyinin fərqindədirlər. Düşünürəm ki, Ermənistanda iqtisadi vəziyyətin ağırlaşması siyasi situasiyada gərgin mərhələnin başlanmasına gətirəcək”.
Politoloqun fikrincə, Ermənistan əhalisi artıq mövcud vəziyyətlə barışmır.
Vidadi ORDAHALLI