Bildiyimiz kimi, Prezident İlham Əliyev Faiq Qürbətovu Biləsuvar, Elmir Bağırovu isə Saatlı rayon icra hakimiyyətlərinin başçısı vəzifələrinə təyin edib. Prezident hər iki icra başçılarını bu münasibətlə videoformatda qəbul edərkən onlara bir icra başçısında, bir rayon rəhbərində formalaşmalı olan işgüzar və mənəvi keyfiyyətlərin dəqiq yolunu göstərdi.
Prezident bildirdi ki, yeni təyin etdiyi icra başçıları mütəmadi olaraq kəndlərdə, qəsəbələrdə olmalı, burada olan problem və nöqsanların səbəbini kökündən araşdırmalı, insanları narahat edən problemləri aradan qaldırlmalı, kifayət qədər işgüzar olmalıdırlar. “Siz öz işinizdə həmişə insanlarla bir yerdə olmalısınız. İnsanlar sizin qayğınızı hiss etməlidirlər. Bütün kəndləri bir-bir gəzib, vətəndaşlarla görüşüb, mövcud problemləri onların dilindən eşitməli və problemləri həll etməlisiniz. Mən bunu bir neçə dəfə demişəm, bir daha demək istəyirəm ki, əgər ölkəmizin bütün kəndlərində mövcud problemlər həll olunarsa, demək olar ki, biz öz işimizi daha da yüksək səviyyəyə qaldıra bilərik”.
Bundan əlavə, ölkə başçısı onlara tövsiyə etdi ki, öz fəaliyyətləri, işgüzarlıqları, davranışları ilə insanların hörmətini qazansınlar: “Siz, eyni zamanda, öz davranışınızla insanların hörmətini qazanmalısınız. Təvazökar olmalısınız, həm işdə, həm məişətdə, həm özünüz, həm yaxın qohumlarınız. İnsanları qıcıqlandıra biləcək addımlar atmamalısınız. Özünüzü hamıdan yuxarıda hiss etməməlisiniz. Bəzi hallarda bəzi xırda səviyyəli məmurlar özlərini elə aparırlar ki, sanki bütün dünya bunlara borcludur. Özlərini ağa kimi, xan kimi aparırlar, insanlara yuxarıdan aşağı baxırlar. Mən dəfələrlə demişəm ki, Prezident başda olmaqla, bütün dövlət məmurları xalqın xidmətçisidir. Məhz buna görə biz bu vəzifədəyik. Buna görə xalq mənə etibar edib və mən təyin etdiyim bütün kadrlardan bunu tələb edirəm”.
Prezidentin bu tövsiyələrinin icra başçılarına nə kimi faydası dəyəcək?
Milli QHT Forumunun prezidenti Rauf Zeyni bizimlə söhbətində bildirdi ki, ölkə başçısı hər iki icra başçısına kifayət qədər lazımlı və vacib tövsiyələr verdi və bu onlarda Prezidentin onlardan tələb etdiyi işgüzarlığın, mənəvi keyfiyyətlərin üzə çıxmasına şərait yaradacaq. “Birinci növbədə, cənab Prezidentin bütün istiqamətlərdə apardığı çox əhəmiyyətli islahatlar öz ciddi nəticələrini verməkdədir. Son dövrdə aparılan islahatların ən prioritetlərindən biri də kadr islahatlarıdır. Ölkəmizdə nə qədər müsbət istiqamətdə kadr islahatları gedirsə, təyin edilən yeni kadrlar öz potensialına, işgüzarlığına görə özlərindən əvvəlkilərdən fərqlənirlər. Onlar idarə etdikləri rayonlarda, şəhərlərdə, idarələrdə böyük uğurlar qazanırlarsa, bunların hər birinə vətəndaşlarımız sevinirlər. O cümlədən də bu sevinclərin ünvanı, əlbəttə, ölkə Prezidentidir. Ona görə ki, yaxşı kadrların təyin olunması ölkəyə, ölkə rəhbərliyinə, hakimiyyətə dividend gətirir və təbii, pozitiv münasibətlər yaradır”.
R.Zeyninin sözlərinə görə, ölkə başçısı öz çıxışlarında qeyd edir ki, biz idarəetmə sistemimizi müasir dövrün tələblərinə uyğun qurmalıyıq, buna uyğun da kadrlar təyin olunmalıdır. “Son zamanlar da cənab Prezident uğurlu kadr təyinatları edir. Ölkə başçısı Biləsuvar və Saatlı rayonlarına təyin etdiyi icra başçılarını qəbul edərkən dedi ki, xalqın içində olun, özünüzü xalqdan üstün tutmayın, öz davranışlarınızla, işgüzarlığınızla daim xalqın rəğbətini, hörmətini qazanın, xalqa xidmət edin. Cənab Prezidentin yeni icra başçılarına aşıladığı işgüzar və mənəvi keyfiyyətlər onların fəaliyyətində bir mayak rolu oynayacaq. Əlbəttə, hər bir rəhbər şəxsdə işgüzarlığın, çalışqanlığın və mənəvi keyfiyyətlərin olması çox vacibdir, əsasdır. Bu keyfiyyətlərə malik olmayan kadrlar müsbət nəticə verə bilməz. Hesab edirəm ki, yeni təyin edilən icra başçıları cənab Prezidentin tövsiyələrini əsas götürərək fəaliyyətlərini bu istiqamətdə quracaqlar. Rəhbər kimdir? Prezidentin təbirincə desək, xalqın xidmətçisidir. Əgər sən bu rayonun rəhbərisənsə, camaatın, əhalinin dostu, yaxını olmalısan. Rayona rəhbərlik edən şəxs necə xalqdan qaça bilər? İcra başçıları rayon əhalisinin ümid, pənah yeri olmalıdırlar. Ehtitac varsa, gecə saat 2-də də icra başçısının qapısı döyülə bilər”.
Ölkə başçısının həyata keçirdiyi kadr islahatlarını ciddi dəstəklədiyni deyən R.Zeyninin sözlərinə görə, Prezident tərəfindən Biləsuvar və Saatlıya təyin edilən hər iki icra başçısı olduqca savadlı, bacarıqlı, işgüzar kadrlardır. O hesab edir ki, hər iki başçı öz işinə məsuliyyətlə yanaşacaq və Prezidentin tövsiyələrinə tam əməl edəcək.
İradə SARIYEVA