“İlk növbədə, hansısa məmura yox, dövlətə, Vətənə sədaqətli insanlar önə çəkilməlidir”. Bunu Prezident İlham Əliyev Faiq Qürbətovu Biləsuvar Rayon İcra Hakimiyyətinin, Elmir Bağırovu isə Saatlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar videoformatda qəbul edərkən deyib.
Dövlət başçısı bildirib ki, kadr siyasətində gərək düzgün addımlar atılsın: “Bəzi hallarda, rəhbərlər özlərinə yaxın olan, özlərinə sadiq saydıqları kadrları önə çəkirlər və o kadrların digər xüsusiyyətləri nəzərə alınmır. İlk növbədə, hansısa məmura yox, dövlətə, Vətənə sədaqətli insanlar önə çəkilməlidir. Müstəqilliyi, müstəqil həyatımızı hər şeydən üstün tutan, vətənpərvər, milli ruhda, milli dəyərlər əsasında tərbiyə alan insanlar önə çəkilməlidir və əlbəttə ki, bu insanların peşəkarlığı da yüksək səviyyədə olmalıdır. Kadr siyasəti məhz bu prinsiplər əsasında qurulmalıdır. Sizin də icra başçıları kimi işinizin əsas prinsipləri məhz bu olmalıdır - Vətənə, dövlətə sədaqət, peşəkarlıq, şəffaflıq, dürüstlük. Belə olan halda, həm vətəndaşlar sizi dəstəkləyəcək, mən də sizin işinizə yüksək qiymət verəcəyəm. Əks təqdirdə, əgər əyri yolla getsəniz, onda qanun qarşısında cavab verəcəksiniz”.
Zaman-zaman bir sıra icra başçıları kadr siyasətində məhz sözügedən prinsiplərə önəm veriblər. Yəni yaxınlıq və şəxsi əlaqələri əsas götürərək kadr təyinatları həyata keçiriblər. Peşəkarlıq, səriştə və bacarıq arxa planda qalıb. Bu da nəticədə rayonlarda müəyyən sosial problemlərin üst-üstə yığılmasına, onların həll edilməməsinə səbəb olub. İcra başçılarının bu cür ziyanlı kadr siyasətindən məhz rayon sakinləri daha çox əziyyət çəkirlər. Bu baxımdan yeni təyin olunan icra başçıları bu arzuolunmaz “ənənəyə” son qoymalıdırlar .
“Artıq bəzi başçıların normal savadının olmaması üzə çıxır”
Məsələyə münasibət bildirən İctimai Problemlərin Tədqiqi Assosiasiyasının rəhbəri Məhərrəm Zülfüqarlının fikrincə, icra başçılarının kadr siyasətində olduqca ciddi nöqsanlar mövcuddur: “İndiyə qədər kadr siyasətində yol verilən səhvlərin səbəbləri müəyyən olunur. Bunun kökündə dayanan səbəblərin nə ilə bağlı olduğu bəlli olur. Bunun kökü onunla bağlıdır ki, bir sıra şəxslərə etimad göstərilsə də, onlar bunu doğrultmayıblar. Artıq bəzi icra başçılarının normal savadının olmaması üzə çıxır. Heç şübhəsiz ki, onlardan bir çoxu diplomu pulla alıb. Aydın məsələdir ki, belə icra başçıları uğurlu kadr siyasəti həyata keçirə bilməz. Çünki belələrinin bununla bağlı potensialı yoxdur. Hesab edirəm ki, sözügedən problemlərdən xilas olmaq üçün dövlət qulluğu haqqında müəyyən prosedurlar var. Həmin prosedurlardan irəli gələn məsələlər ədalətli şəkildə tətbiq edilməlidir. Hansı ki, cavanlar dövlət qulluğunda işə düzəlmək üçün imtahan verirlər. Fikrimcə, icra başçıları bu imtahandan keçəndən sonra təyinat almalıdırlar. Belə olarsa, o zaman icra başçısı kadr siyasətini düzgün həyata keçirəcək. Bu zaman hansısa tanışlığa, şəxsi əlaqələrə yox, peşəkarlıq prinsiplərinə önəm veriləcək. Digər tərəfdən, icra başçılarının yerlərdə fəaliyyətini stimullaşdırmaq üçün onların əməkhaqlarını artırmaq lazımdır. Hansısa şəxs kənd rayonlarının birinə icra başçısı təyin edilirsə və 900 manat maaş alırsa, əlbəttə ki, o, gec-tez, korrupsiyaya bulaşacaq. Ona görə də icra başçılarının iqtisadi təminatı olmalıdır ki, onlar başqalarının əlinə baxmasınlar. Bütün bunların nəticəsində rayonlarda sosial problemlər, əhalini narahat edən məsələlər öz həllini tapa bilər”.
Ekspertin fikrincə, bütün bunlarla yanaşı, icra başçılarının kadr siyasətinə nəzarət də artırılmalıdır.
Vidadi ORDAHALLI