Prezident İlham Əliyev avqustun 24-də Faiq Qürbətovu Biləsuvar Rayon İcra Hakimiyyətinin, Elmir Bağırovu isə Saatlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar videoformatda qəbul edərkən deyib ki, qaydaların pozulması və bunun acı nəticələri hər kəs üçün dərs olmalıdır:
"Mən dəfələrlə demişəm ki, Prezident başda olmaqla, bütün dövlət məmurları xalqın xidmətçisidir. Məhz buna görə biz bu vəzifədəyik. Buna görə xalq mənə etibar edib və mən təyin etdiyim bütün kadrlardan bunu tələb edirəm. Ancaq əfsuslar olsun ki, bir çox hallarda, bəzi hallarda yox, bir çox hallarda dövlət məmurları özlərini apara bilmirlər. Hesab edirlər ki, onlara hansısa xüsusi imtiyaz verilib. Onlar qanunları pozurlar, bəzi hallarda çox ciddi pozurlar. Cəmiyyətimizdə formalaşmış ənənəvi davranış qaydalarını pozurlar. Özünü xalqdan yuxarıda hiss edirlər, təkəbbürlə yanaşırlar. Ona görə belə hallar mənə məruzə ediləndə dərhal müvafiq göstərişlər verilir və bu insanlar ya inzibati qaydada cəzalandırılır, ya da ki, cinayət məsuliyyətinə cəlb edilir. Ona görə rəhbərin təvazökarlığı rəhbərin yaraşığıdır, bu birincisi. İkincisi, rəhbərin mənəvi haqqı olmalıdır ki, öz tabeliyində olan insanlardan nəyisə tələb etsin. Əgər bu mənəvi haqq yoxdursa, nə istəyirsiniz deyin, nə istəyirsiniz edin, sizə nə hörmət, nə də ki, rəğbət olacaq. Ona görə, siz məişətdə də, işdə də nümunə olmalısınız və özünüzü təvazökar aparmalısınız. Bu bütün məmurlara, ictimai işlərdə çalışan bütün insanlara aiddir. Bizim bu məsələ ilə bağlı siyasətimiz, eyni zamanda, konkret işlərdə də özünü göstərir. Hesab edirəm ki, hər kəs artıq bunu özü üçün yəqin edib. Qaydaların pozulması və bunun acı nəticələri hər kəs üçün dərs olmalıdır".
Göründüyü kimi, ölkə başçısı məmurların nadir hallarda deyil, bir çox hallarda qaydaları pozmasından danışıb və belə halların təkrarlanamsı ilə bağlı onlara lazımi göstərişlər verib. Məmurlar bu tapşırıqlardan hansı nəticələri çıxarmalıdırlar?
Beynəlxalq idarəetmə üzrə ekspert Asif Bayramov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, ölkə başçısının bu çıxışlarından lazımi nəticələr çıxarmaq lazımdır:“Təəssüflər olsun ki, biz əksər hallarda bunun əksini müşahidə edirik. Prezident artıq bunu əksər məmurlar əmsalında dəyərləndirirsə, deməli, vəziyyət ürəkaçan deyil. Hələ pandemiyadan əvvəl ölkə başçısı toplantılarda dəfələrlə məmurlara xəbərdarlıq etmişdi. Onlara rüşvətdən uzaq olmağı, xalqa xidmət göstərməyi, hətta harınlamamağı tapşırmışdı. Əvəzində biz nəyi gördük? Bir neçə icra başçısının ard-arda həbslərinin şahidi olduq. Bütün əməliyyatlar çəkilişlərə əsasən aparılmışdı. Ortada biabırçı bir mənzərə vardı. Ən maraqlısı budur ki, hələ də bu əməlləri davam etdirən məmurlar var. Məmur korpusunda həyata keçirilən əməliyyatlar bunları deməyə əsas verir. Ancaq hiss edilir ki, dövlətin bununla bağlı möhkəm iradəsi var. Məmurların və dövlət idarəçilyində kifayət qədər təvcrübəsi olan adamların xalqda qıcıq yaradan və ən əsası, qanunlarla qadağan olunan bir çox əməllərinə isə biz pandemiya dönəmində şahidlik etdik.
Nazirlər Kabineti yanında Operativ Qərargah ölkədə avqustun 31-dək karantin elan edib. Rəsmi qaydalara əsasən, ölkədə toy və marasimlər qadağandır. Qadağaların icrasına nəzarət edən Daxili İşlər Nazirliyi mütəmadi olaraq toy və mərasim keçirən şəxslərin cərimələnməsi, inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı məlumatlar, foto-video görüntülər yayır. Bu baxımdan vəzifəli şəxslərin toy mərasimi təşkil etməsi və buna görə cəzalandırılmaması sosial şəbəkələrin əsas müzakirə mövzusuna çevrilib. Operativ Qərargah toy məclislərinə qadağa qoyduğu halda, biz bəzi məmurların öz doğmalarına məclis təşkil edib, ordan çəkilən fotoları sosial şəbəkələrdə yaydıqlarının şahidi olduq. Buna əlaqədar qurumların reaksiyası sərt və qənaətbəxş oldu. Hiss edilir ki, kiməsə belə harınlıqla bağlı güzəştlər edilmir və edilməyəcək. Bütün bunlardan və ölkə başçısının xəbərdarlıqlarından məmurlar özləri üçün nəticə çıxarmalıdır. Bilməlidirlər ki, məmur olmaq xalqa xidmət anlamına gəlir, pul qazanmağı, kimlərdənsə imtaiyazlı yaşamağı özündə əks etdirmir”.
Artıq məmurlar onların qarşısına qoyulan tam yeni tələblərin mahiyyətini anlamalı və buna uyğun fəaliyyət göstərməlidirlər.
Məhəmmədəli QƏRİBLİ