Dünyanın mükəmməl ölkələrinin (best countries of the world) reytinqi açıqlanıb. Siyahıda Azərbaycan 9 pillə irəliləyərək 61-ci yerə yüksəlib. “US News & World Report” tərəfindən doqquz meyar əsasında hər il tərtib edilən reytinqdə ölkəmiz Boliviya (60) ilə Latviya (62) arasında qərarlaşıb.
Belə ki, bu reytinq tərtib edilərkən səyahət üçün əlverişli olması, sahibkarlığın inkişafı, vətəndaşlara münasibət (insan hüquqlarının, ətraf mühitin, cinslər bərabərliyinin qorunması), mədəniyyətin səviyyəsi, yerli miras, inkişaf amilləri, biznesə açıqlıq, müdafiə qüdrəti, həyatın keyfiyyəti kimi amillər əsas götürülür.
Qeyd edək ki, Azərbaycan (adambaşına ÜDM 18.023 ABŞ dolları) ötən ilə nisbətən sahibkarlıq meyarında 75-ci yerdən 64-ə, biznesə açıqlıq baxımından 62-ci yerdən 57-yə, mədəniyyətin səviyyəsi baxımından 76-cı yerdən 69-a, səyahət baxımından 69-cu yerdən 66-ya, yerli miras baxımından 73-cü yerdən 69-a irəlilədiyi halda, müdafiə qüdrəti (45) və həyatın keyfiyyəti (69) baxımından əvvəlki mövqeyində qalıb, inkişaf amilləri baxımından 35-ci yerdən 36-ya, vətəndaşlara münasibət baxımından isə 60-cı yerdən 61-ə geriləyib.
Mükəmməl ölkələr siyahısında ölkəmizin adının ön sıralarda olması sevindiricidir.
“…ölkəmiz dünyada öz sözünü demiş ölkələrlə rəqabət aparmağa hazırdır”
Sosial sahə üzrə ekspert Azər Allahverənov bildirdi ki, Azərbaycanın mükəmməl ölkələr siyahısında yer alması qürurvericidir: “Zamanla ölkəmiz bir sıra sahələr üzrə əksər xarici ölkəni qabaqlayıb. Ən yaxşı ölkələr siyahısında yer alan ölkələr arasında Azərbaycanın adının olması qürurvericidir.
Azərbaycanda əhalinin həyat səviyyəsinin yüksəlməsi son illər açıqlanan statistik rəqəmlərdə də özünü göstərir. Bu sahədə aparılan işlər sayəsində qarşıdakı illərdə də ölkə əhalisinin həyat səviyyəsi daha da artacaq”.
Həmsöhbətimiz hesab edir ki, Azərbaycanın güclü və mükəmməl ölkələr arasında yer alması onu göstərir ki, ölkəmiz dünyada öz sözünü demiş ölkələrlə rəqabət aparmağa hazırdır: “Müxtəlif beynəlxalq analitik mərkəzlərin həyata keçirdikləri “Təhlükəsiz ölkə” və “Təhlükəsiz şəhər” rəy sorğularında Azərbaycan və Bakı bu sahədə öndə olan coğrafi məkanlar sırasında yer tutur. Bakının dünyanın ən təhlükəsiz şəhərləri siyahısına daxil edilməsi iqtisadi sabitlik, biznes mühitinin inkişaf etdirilməsi, əhalinin sosial rifahı, investisiyanın cəlb edilməsi baxımından çox ciddi göstəricidir”.
Qeyd edək ki, bir sıra beynəlxalq media qurumlarının və təşkilatlarının müxtəlif istiqamətlər üzrə keçirdikləri sorğuda ölkəmiz ön sıralarda yer alır. Azərbaycanın mükəmməl ölkələr sırasında yer alması son zamanlar ölkəmizdə yaşanan sabitliklə bağlıdır.
Günel CƏLİLOVA