Prezident İlham Əliyevin son dövrdə ölkədə həyata keçirilən inqilabi islahatlarla bağlı cəmiyyətin ictimai rəyinə müstəsna əhəmiyyət verməsini nəzərə alaraq, Sosial Tədqiqatlar Mərkəzi (STM) 2019-cu ildən etibarən yeni formatlı sosioloji sorğulara start verib. Mərkəzdən bildirilib ki, bu sorğular islahatlarla bağlı ictimai rəyin rüblük (3 aylıq) monitorinqi baxımından ölkədə bir ilk olmaqla yanaşı, həm də sosial proseslərin dinamikasını və ictimai rəydə dəyərləndirilməsini daha operativ izləməyə imkan verir.
Təqdim edilən növbəti hesabat 2020-ci ilin sona çatan ilk rübünü (yanvar-mart) əhatə edir. Sosioloji sorğu əsaslı bu analitik hesabatın məqsədi bəhs edilən müddətdə dövlət başçısının daxili və xarici siyasətinin başlıca məqamları, ölkədəki ictimai-siyasi proseslərin vəziyyəti ilə bağlı xalqımızın rəyinin operativ öyrənilməsi, qanunverici, icraedici hakimiyyət və hüquq-mühafizə sistemində gedən proseslərə cəmiyyətin münasibətini çevik dəyərləndirməklə ümumi mənzərənin göz önündə canlandırılması, müvafiq qərarların qəbulunda mötəbər mənbə kimi həm də ictimai rəyə istinad edilməsinə şərait yaratmaqdır. Rəy sorğusunda dövlət başçısının həm daxili, həm də xarici siyasət sahəsində çoxşaxəli fəaliyyətini izləməyə imkan verən, siyasi təqvimdə tarixi əhəmiyyətə və xüsusi çəkiyə malik olan, rəsmi xronikada, eləcə də yerli və xarici mediada geniş işıqlandırılan hadisələr əksini tapıb. 2020-ci ilin yanvar-mart ayları ərzində də, həmişə olduğu kimi, Azərbaycanın dövlət başçısının fəaliyyətində yerli və beynəlxalq ictimai rəydə gündəmə çevrilən və yadda qalan hadisələr baş verib. Bu hadisələr Prezident İlham Əliyevin dövlətçiliyin gücləndirilməsi naminə daxili və xarici siyasət sahəsində həyata keçirdiyi fəaliyyəti diqqət mərkəzinə gətirməklə yanaşı, ona olan inam və etibarın daha da yüksəlməsini təmin edib. Beləliklə, 2020-ci ilin birinci rübü ərzində Prezident İlham Əliyevin daxili və xarici siyasət sahəsində həyata keçirdiyi fəaliyyətə ictimai rəyin münasibətinin və Prezidentə inam indeksinin öyrənilməsi üçün Sosial Tədqiqatlar Mərkəzi (STM) tərəfindən keçirilən sorğunun nəticələri ən qısa şəkildə belə ifadə edilə bilər ki, hakimiyyətin digər qolları (qanunverici və məhkəmə hakimiyyəti) ilə müqayisədə respondentlərin mütləq əksəriyyəti (94.7%) Prezidentə etibar edir. Respondentlərin mütləq əksəriyyəti (93%) dövlətin koronavirusla bağlı ilkin mərhələdə həyata keçirdiyi tədbirləri müsbət dəyərləndirərək yetərli sayır. Göründüyü kimi, keçirilən rəy sorğusunda Prezidenti rəyin soruşulanların 94 faizdən çoxu tam dəstəkləyib. Koronavirusla mübarizə və digər tədbirlərin Prezidentin reytinqini belə dəyərləndirilməsində hansı rolu olub?
Rauf Zeyni:“Belə ağır günlərdə Prezident bir daha öz səmimiyyətini nümayiş etdirdi”
Milli Qeyri Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, son dövrdə ölkə başçısının rəhbərliyi altında həyata keçirilən islahatlar öz müsbət effektini göstərməkdədir:“Bu islahatlar, demək olar ki, bütün sahələri əhatə edir. Bunun da nəticəsində ölkəmizin əhalisi Prezidentə tam dəstəyini ifadə edir, ona olan inamı daha da güclənib. Xüsusilə də 2019-2020-ci illərdə struktur və kadr islahatları daha geniş vüsət aldı. Bilirsiniz ki, bu rəy sorğusu həm də pandemiyanın tüğyan etdiyi zamanı əhatə edir. Bu bizim ölkəmiz üçün həm də bir sınaqdır. Görürük ki, ölkəmiz bu sınaqdan alnı açıq çıxa bilir. Bütün dünyanı əhatə edən iqtisadi böhranın bizə də təsiri olub. Bunu danmaq olmaz. Ancaq belə çətin dönəmdə belə, biz hansısa dövlətdən və təşkilatdan pul və yardım istəməmişik. Əksinə, öz yardım əlimizi uzatmışıq. Hətta dünyanın ən inkişaf etmiş ölkələri belə bu stabilliyi göstərə bilmir. Təbiidir ki, bütün bu uğurlar ölkə başçısının yürütdüyü doğru siyasətin nəticəsində əldə olunub. Belə həssas dönəmlərdə vətəndaşlar ölkə başçılarını daha çox diqqətdə saxlayırlar. Aparılan bu sorğunun nəticələri bizi təəccübləndirməməlidir. Biz ölkədə baş verən bütün prosesləri yaxından izləyirik. Əhalinin Prezidentə olan münasibətini görürük. Bizim də gəldiyimiz qənaətlə həmin rəy sorğusunun nəticəsi, demək olar ki, tam üst-üstə düşür. Belə ağır günlərdə Prezident bir daha öz səmimiyyətini nümayiş etdirdi. Təbiidir ki, bunun da Prezidentin reytinqinin bir qədər də artmasında rolu olub. Çünki ölkə başçısı koronavirusun vurduğu ziyanla bağlı əhalinin bütün təbəqələrinə diqqət göstərməyə çalışır. Bu özünü həm də Azərbaycanın elan etdiyi sosial yardım paketlərində göstərir. Hesab edirəm ki, ölkə başçısına ifadə olunan bu inamda aparılan struktur və kadr islahatlarının ardıcıllığı və koronavirus dönəmində ölkə başçısının nümayiş etdirdiyi səmimiyyətin, atdığı addımların böyük rolu var. Bu dönəmdə biz də xalqın içində çox oluruq. Maarifləndirmə, ehtiyacı olanlara yardım kampaniyasında iştirak edirik. Əminliklə deyə bilərəm ki, ölkə başçısına xalqın rəğbəti çox böyükdür”.
Məhəmmədəli QƏRİBLİ