Ermənistan Xarici İşlər Nazirliyi separatçı qurumda keçirilən “prezident seçkiləri” ilə bağlı bəyanat verib. Bəyanat başdan-ayağa beynəlxalq hüquq normalarına ziddir. Həmin bəyanatda qeyd edilib ki, Ermənistan "Artsax"ın öz müqəddəratı uğrunda mübarizəni sonadək dəstəkləyəcək: “Artsax” xalqını, hakimiyyətini və siyasi qüvvələrini təbrik edirik. Tərəflərin birgə səyləri sayəsində 14 apreldə “Artsaxda” milli “seçkilər” prosesi uğurla başa çatdı. Demokratik və rəqabətli prosesin nəticəsi olaraq, “Artsax xalqı” yeni “prezident” və “parlament” üzvlərini seçdi”.
Sözügedən bəyanatda o da qeyd edilir ki, Ermənistan sülh prosesində “Artsax xalqı”nı təmsil edən “orqanlarla” sıx əməkdaşlıq edəcək: “Ermənistan “Artsax xalqı”nın heç bir məhdudiyyət qoyulmadan öz müqəddəratını təyinetmə hüququnu ardıcıl şəkildə qoruyacaq”.
Ermənistan XİN-in sözügedən bəyanatı bütün Qarabağ danışıqlarına zərbə vurur. Hansı ki, Ermənistan XİN-i məlum bəyanatı ilə bütün beynəlxalq qanunları pozur. Ancaq təəssüflər olsun ki, münaqişənin tənzimlənməsi ilə məşğul olan ATƏT-in Minsk Qurupu bütün bunları, sadəcə, seyr edir. Maraqlıdır, həmsədrlər belə pozucu bəyanata görə Ermənistana niyə irad tutmurlar?
“Minsk Qrupu münaqişənin həllində maraqlı olsaydı, o zaman dərhal məlum məsələyə görə Ermənistana irad bildirərdi”
Məsələyə münasibət bildirən AMİP funksioneri Əli Orucovun fikrincə, həmsədrlər işğalçı tərəfi cilovlamaq istəmədikləri üçün belə biabırçı mövqe sərgiləyirlər: “Paşinyan əvvəl həyasızcasına bəyan edirdi ki, mən Qarabağdakı erməniləri təmsil etmirəm. Ona görə də onların adından danışa bilmərəm. Ermənistan özü rəsmən qondarma “DQR”i tanımayıb. Ancaq Paşinyan hakimiyyəti bir tərəfdən separatçıları danışıqlarda tərəf kimi görmək istəyir, o biri tərəfdən də belə bəyanatlarla çıxış edir. Bütün bu pozucu hərəkətlər ona hesablanıb ki, danışıqlar prosesi uzansın. Çünki onlar hesab edirlər ki, danışıqların uzanması onların xeyrinə işləyir. Hesab edirlər ki, yeni nəsil böyüyür və gedən proseslər vəziyyəti onların xeyrinə dəyişəcək. Ancaq beynəlxalq hüquq normaları və bir sıra nüfuzlu qurumların qətnamələri Azərbaycanın xeyrinədir. Lakin qəribədir ki, ATƏT-in Minsk Qrupu bütün bunları və Ermənistan XİN-in son bəyanatını sükutla izləyir. Bütün bunlar onu deməyə əsas verir ki, həmsədrlər işğalçı tərəfi cəzalandırmaq istəmir. Nəinki cəzalandırmaq, heç cilovlamaq da istəmirlər. Həmsədrlər, sadəcə, mövcud status-kvonu qorumağa çalışırlar. Təki müharibə yenidən başlamasın. Həmsədrlər münaqişənin həllində maraqlı olsaydılar, o zaman dərhal məlum məsələyə görə Ermənistana irad bildirərdilər”.
Vidadi ORDAHALLI