Azərbaycanda daha iki siyasi partiya qeydə alınıb. Verilən rəsmi məlumata görə, Azad Demokratlar Partiyasının və Yeni Zaman Partiyasının qeydiyyat ilə bağlı müraciətlərinə əsasən təqdim olunmuş təsis sənədlərinin qanunvericiliyə uyğunluğu məsələsi öyrənilib və onların dövlət qeydiyyatına alınması barədə qərar qəbul edilib. Bununla bağlı aprel ayının 16-da Ədliyyə Nazirliyinin rəhbərliyi ilə qeydiyyata alınmış partiyaların sədrləri Sülhəddin Əkbər və Musa Ağayev arasında görüş keçirilib və onlara dövlət qeydiyyatı haqqında şəhadətnamələr təqdim edilib.
Qeyd edək ki, uzun zaman idi ölkədə yeni partiya qeydiyyata alınmırdı. Birdən-birə iki partiyanın qeydiyyata alınması bu baxımdan maraqlı göründü. Bu, siyasi partiyalarla bağlı qeydiyyat meyarlarına yenidən baxılacağı anlamına gələ bilərmi? Siyasi partiyaların qeydiyyata alınmasına hakimiyyətin yüksək ranqlı təmsilçiləri tərəfindən də qiymət verilib. Bu addım ölkəmizdə mövcud olan yeni siyasi münasibətlərin təzahürü kimi dəyərləndirilib. Milli Məclisin Hüquq komitəsinin sədri Əli Hüseynli Ədliyyə Nazirliyi tərəfindən yeni partiyaların qeydiyyata alınmasına münasibət bildirərkən deyib ki, bu çox müsbət haldır:“Hazırda fərqli siyasi baxışlarına baxmayaraq, milli dövlətçilik mənafeyindən, dövlət maraqlarından çıxış edən siyasi qüvvələrlə dialoq daha da dərinləşməkdədir. Altıncı çağırış Milli Məclisdə ilk dəfə olaraq, müxalifət partiyasını təmsil edən millət vəkili Milli Məclisin sədr müavini seçilib. Həmçinin, komitələrin sədr və sədr müavinləri sırasında müxalifət partiyalarının təmsilçiləri də yer alıb. Bütün bunlar həm də Azərbaycanda çoxpartiyalı sistemin təkmilləşdirilməsinə, siyasi sistemin yeni konfiqurasiyasının formalaşmasına xidmət edir. Yeni siyasi partiyaların qeydiyyata alınması isə ölkəmizdə siyasi sistemin daha da təkmilləşməsinə və münasibətlərin daha sağlam zəmində qurulmasına xidmət edəcək”. Bu barədə müxalifət təmsilçiləri nə düşünür?
Rəfail Becanov:“Bu proses əsnasında partiyaların yenidən qeydiyyatı məsələsinə də baxıla bilər”
AXCP adına iddialı olan digər partiyanın funksioneri Rəfail Becanov “Bakı Xəbər”ə bildirdi ki, iki partiyanın qeydiyyata alınması iqtidarla müxalifət arasında yaranan yeni siyasi münasibət sistemini şərtləndirir:“Artıq məlumdur ki, siyasi qütblər arasında dialoq məsələsi gündəmdədir. Şəxsən Prezident bir neçə dəfə iqtidarla müxalifət arasında sağlam əməkdaşlığın olmasına zərurət olduğunu bildirib. Hiss edilir ki, ölkədə yeni siyasi sistem oturuşur. Əslində bu hamımızın istədiyi, ürəyindən olan mənzərədir. Biz bunu arzulayırdıq və iqtidar-müxalifət münasibətlərinin sağlamlığı ilə bağlı xarici təcrübədən misallar çəkirdik. İstəyirdik ki, ümumilli məsələrlə bağlı bizim iqtidarla müxalifət arasında da birlik olsun, fikir ayrılğı hökm sürməsin. Partiyaların qeydiyyata alınmasını dediyim prosesin davamı sayıram. Qeydiyyata alınan partiyalardan biri müxalif mövqeyi ilə tanınan Sülhəddin Əkbərin rəhbəri olduğu siyasi təsisatdır. Bu onu göstərir ki, iqtidar-müxalifət münasibətlərində yeni bir dönəmə start verilib. Bu təqdirəlayiq addımdır və cəmiyyətin ümumi inkişafına hesablanıb. Bu proses əsnasında partiyaların yenidən qeydiyyatı məsələsinə də baxıla bilər. Çünki qeydiyyatdan keçən elə partiyalar var ki, fəaliyyəti nəzərə çarpmır. Ancaq qeydiyyata alınmayan kifayət qədər fəal partiayalar da var. Bu proses həm də deyilən amili tənzimləmiş olar”.
Məhəmmədəli QƏRİBLİ