Avropa Parlamenti Avropa İttifaqı (Aİ) və “Şərq tərəfdaşlığı” ölkələri arasında ümumi iqtisadi məkanın yaradılmasını təklif edib. Bu barədə məlumat yayan erməni mediası yazır ki, sözügedən məsələ Avropa Parlamentində hazırlanan hesabatda öz əksini tapıb.
Sənəddə qeyd olunub ki, “Şərq tərəfdaşlığı”na üzv ölkələrlə ümumi iqtisadi məkanın yaradılması həmin ölkələrin Aİ-yə mərhələli şəkildə inteqrasiyasını nəzərdə tutur.
Hesabat yaxın həftələrdə Avropa Parlamentinin Xarici məsələlər üzrə komitəsində nəzərdən keçiriləcək. Erməni mediasi iddia edir ki, guya bu təşəbbüs may ayında plenar sessiyada səsverməyə çıxarıla və iyun ayında keçiriləcək sammitdə təsdiqlənə bilər. Parlament üzvlərinin altı ölkənin – Azərbaycan, Gürcüstan, Ermənistan, Moldova, Belarus və Ukraynanın Aİ-nin energetika, nəqliyyat birliyi və vahid rəqəmsal bazarına mərhələli inteqarasiyasını dəstəkləyəcəkləri gözlənir.
O da qeyd edilir ki, bu sammitdə Aİ qonşularla bağlı yeni bir siyasət təsdiqləmək niyyətindədir. Ancaq koronavirus səbəbindən sammit ilin ikinci yarısına təxirə salına bilər.
O da məlumdur ki, Azərbaycan “Şərq tərəfdaşlığı” proqramında təmsil olunsa da, məlum səbəblərdən Ermənistanla heç bir iqtisadi münasibətlərə malik deyil. Nə qədər ki, Ermənistan işğala son qoymayıb, bu mümkün deyil. Belə olan halda, Azərbaycan Ermənnistanla birlikdə Aİ və “Şərq tərəfdaşlığı” ölkələri arasında ümumi iqtisadi məkanda necə təmsil oluna bilər? Yəni Azərbaycan Ermənistanla vahid iqtisadi məkanda necə ola bilər ki?
“Aİ vahid iqtisadi məkan istəyirsə, o zaman işğalçı tərəfə təzyiq etməlidir”
Məsələyə münasibət bildirən keçmiş diplomat, politoloq Fikrət Sadıqovun fikrincə, Ermənistan işğala son qoymayana qədər belə bir vahid iqtisadi məkanda təmsil olunmaqdan söhbət gedə bilməz: “Bu, erməni mediasının növbəti təhrif olunmuş informasiyasıdır. Əlbəttə, belə bir iqtisadi məkanın yaradılması Ermənistan üçün əlverişli olardı. Çünki onların iqtisadiyyatı çox pis vəziyyətdədir. Koronavirus pandemiyasından sonra bu özünü daha qabarıq göstərir. Ancaq nə qədər ki, Ermənistan işğala son qoymayıb, Azərbaycanın belə bir vahid iqtisadi məkanda iştirakından söhbət gedə bilməz. Çünki bizim Ermənistanla heç bir iqtisadi əlaqələrimiz yoxdur və işğal davam etdiyi müddətdə bu ola da bilməz. Haçan torpaqlarımız işğaldan azad edilsə və Qarabağ məsələsi həll olunsa, o zaman iqtisadi əlaqələr ola bilər. Başqa bir tərəfdən, proseslər onu göstərir ki, Aİ məkanının özündə ciddi mənfi proseslər gedir. Hansı ölkəyə nə qədər köməklik göstərməklə bağlı qurum üzvləri bir araya gələ bilmirlər. Bununla belə, sərhədləri bağlayıblar. Yəni belə bir fors-major vəziyyətdə vahid məkan işləmir. Ona görə də Aİ vahid iqtisadi məkan istəyirsə, o zaman Ermənistana yürütdüyü işğalçılıq siyasəti ilə bağlı təzyiq etməlidir. Başqa cür mümkün deyil”.
Vidadi ORDAHALLI