“Human Rights Watch” (HRW) hüquq müdafiə təşkilatının bəyanatı yayılıb. Bəyanatda qeyd olunur ki, guya Azərbaycan hakimiyyəti koronavirusa qarşı mübarizə çərçivəsində tətbiq edilmiş məhdudiyyətlərdən sui-istifadə edir və hökuməti tənqid edənləri susdurmaq üçün müxalifət fəallarını həbs edir.
İddia edilir ki, son həftələr ərzində ən az altı fəal və müxalif jurnalist saxta karantin rejimini pozmaq və ya polisə tabe olmamaq ittihamları ilə 10 gündən 30 günədək həbs edilib. Guya onların hamısı karantin mərkəzlərindəki şəraiti və ya hökumətin əhalinin həssas təbəqələrinə adekvat kompensasiya vermək iqtidarında olmamasını tənqid etdikdən sonra həbs edilib. Həbs edilənlər arasında hətta xroniki xəstəliyi olan övladını müalicə üçün xəstəxanaya aparan insanın da olduğu iddia edilir.
HRW-nin Avropa və Mərkəzi Asiya üzrə direktor müavini Georgi Qogiya bildirib ki, guya bu həbslər tamamilə Azərbaycanda köhnə siyasi qisas modelinə uyğundur.
HRW hesab edir ki, Azərbaycanda tətbiq edilmiş evdən çıxmaq üçün icazə sistemi yerdəyişmə azadlığını və şəxsi azadlığı həddindən artıq məhdudlaşdırır.
Onu da qeyd edək ki, Azərbaycan hökuməti bu kimi tənqidləri qəbul etmir və bunları qərəzli sayır. Rəsmi Bakı ölkədə karantin rejiminin tətbiqində ayrıseçkiliyə yol verilmədiyini bildirir və müxalif fəalların izlənərək həbs edilməsini dezinformasiya sayır.
O da məlumdur ki, sözügedən təşkilat zaman-zaman Azərbaycanla bağlı qərəzli və süni şəkildə mənfi rəy formalaşdırmağa cəhd göstərir. Ölkə barədə əsası olmayan, cəfəng xarakterli və qərəzli şəkildə mənfi rəy yaratma kampaniyası aparır. Heç şübhəsiz ki, təşkilatın məlum son bəyanatı da bu qəbildəndir.
Maraqlıdır, bəs ekspertlər bunu necə dəyərləndirirlər?
“Sözügedən təşkilat isə bundan çirkin siyasi məqsədlər üçün istifadə etməyə çalışır”
Məsələyə münasibət bildirən “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadənin sözlərinə görə, HRW-nin belə bir qərəzli bəyanatla çıxış etməsi təəccüblü deyil: “Ona görə ki, sözügedən təşkilat ancaq Azərbaycan hakimiyyətini qaralamaqla, əsassız ittihamlar irəli sürməklə məşğuldur. Neçə ildir biz bunu müşahidə edirik. Bunlar, faktiki olaraq, anormal düşüncəyə malikdirlər. Bütün dünyanı koronavirus cənginə alıb. Azərbaycanda sözügedən virusun fəsadlarını önləmək üçün ciddi işlər görülür. Sözügedən təşkilat isə bundan çirkin siyasi məqsədlər üçün istifadə etməyə çalışır. Azərbaycan hakimiyyətinin koronavirusa qarşı mübarizə çərçivəsində tətbiq edilmiş məhdudiyyətlərdən müxalifətə qarşı sui-istifadə etdiyi barədə deyilənlər böhtandır. Təşkilatın məqsədi, nəyin bahasına olursa-olsun, Azərbaycan barəsində mənfi rəy yaratmaqdır. Ona görə də ölkəmizə qarşı bu cür heç bir əsası olmayan ittihamlar səsləndirilir. Azərbaycanda tətbiq olunan məhdudiyyətlər insanların həyatını qorumaq üçün edilir, kimisə təqib etmək üçün yox. Ona görə də, birmənalı şəkildə, səslənən fikirləri rədd edirəm”.
Vidadi ORDAHALLI