Bütün şüurlu həyatları boyu ianələr hesabına yaşayan ermənilər pandemiyadan da öz maraqları, daha doğrusu isə, təminatları üçün istifadə etməyə çalışırlar. Maraqlıdır ki, ermənilər bu işə separatçı qurumu da ayrıca qoşmağa çalışırlar. Yəni Ermənistanın öz dilənçiliyindən kənar olaraq, həm də separatçıların adından dünya birliyinə əl açıblar. Separatçı qurumun “xarici işlər nazirliyi” BMT-nin baş katibi Antonio Quterreşə məktubla müraciət edib. Həmin məktubda bildirilir ki, güya ermənilər baş katibin 24 mart müraciətinə əməl etdikləri üçün atəşkəs rejiminə riayət edirlər. Bu xüsusda onlar qeyd edirlər ki, yaranmış konflikt səbəbindən izoliyasiyada qalıblar və koronavirusla bağlı vəziyyətləri acınacaqlıdır. Separatçılar bütün sadalananları əsas tutaraq BMT-dən xahiş edirlər ki, dünyanın humanitar təşkilatlarını , xüsusilə də Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) koronavirusla mübarizə üçün onlara yardım etməyə səsləsin.
Separatçıların koronavirusdan istifadə edərək növbəti saxtakarlığını necə dəyərləndirmək olar? Beynəlxal məsələlər üzrə ekspert Elşən Mustafayev “Bakı-Xəbər”ə bildirdi ki, bu addımı da ermənilərin növbəti saxtakarlıqları sırasına əlavə etmək olar:
Elşən Mustafayev:“İstər BMT, istərsə də ÜST separatçı rejimi məhz kornavirus dönəmində keçirdiyi “seçkiyə” görə sərt tənqid etməlidir, nəinki onlara dəstək verməlidir”
“Ermənilər daima çalışıblar ki, müxtəlif fırıldaqlarla həm Ermənistana, həm də separatçı rejimə ianələr alsınlar. Deyərdim ki, bu istiqamətdə bəzən səyləri alınıb da. Yəni dünyanı aldatmağa mahirdirlər. Bir müddət əvvəl ABŞ hökuməti Dağlıq Qarabağın inzibati ərazisində və işğal edilmiş ətraf rayonlarda neçə illərdir minaların təmizlənməsini həyata keçirən “Halo Trust” təşkilatının maliyyələşdirilməsini dayandırıb. Bundan dünya erməniləri, o cümlədən diaspor çox narahat olub. Ona görə ehtimal etmək olar ki, ermənilər bu istiqamətdə fəaliyyətlərini gücləndirmək üçün bundan sonra koronavirusdan isitifadə etməyə çalışırlar. Çünki minalardan təmizlənmə adı ilə separatçı quruma maliyyə cəlb edə bilmişdirlər. ABŞ-ın Ermənistandakı səfiri bu günlərdə keçirdiyi videokonfransda Qarabağa maliyyə yardımını kəsəcəkləri ilə bağlı məsələyə münasibət bildirərkən, Ermənistan istisna olmaqla, son 20 ildə işğal altındakı Dağlıq Qarabağa maliyyə yardımı ayıran yeganə ölkə olduqlarını xatırladıb. Bildirib ki, son 20 ildə HALO proqramı çərçivəsində Qarabağda minalanmış ərazilərin təmizlənməsi üçün ABŞ Dağlıq Qarabağa 17 milyon dollar məbləğində maliyyə yardımı göstərib. Artıq Ermənistana pandemiyaya qarşı mübarizə aparmaq məqsədilə yardımlar edilir. Şübhəsiz ki, ondan Qarabağdakı separatçı rejim üçün də ayırmalar olacaq. ABŞ Ermənistanın səhiyyə sisteminə 1,1 mln. ABŞ dolları ayırıb. Ancaq erməni diasporu ABŞ Dövlət Departamentindən Ermənistana koronavirusa görə 25 mln. ABŞ dolları ayrılmasını istəyib”. Ekspertin sözlərinə görə, ermənilərin indi də atəşkəslə manipulyasiya etməsi biabırçılıqdır: “Onlar deyilən müddət ərzində atəşkəs rejiminə riayət etməyiblər. Statistikaya baxsanız, dəfələrlə atəşkəsi pozublar. Bundan əlavə, kornavirusa görə pul dilənən separatçı rejim, yaxşı olardı ki, pandemiya dönəmində keçirdiyi iki turdan ibarət saxta “seçkini” də nəzərdən keçirsin. ÜST buna görə Ermənistana sanksiyalar tətbiq etməlidir, nəinki yardım. Bundan əlavə, separatçı qurum hazırda Azərbaycanın ərazilərində müvəqqəti qərar tutub. Onlara hansısa dövlətin, təşklatın Azərbaycanın icazəsi olmadan yardım etməsi həm də beynəlxalq hüquq normalarına ziddir. Bu baxımdan da, ermənilərin yardımla bağlı saxta göz yaşlarına inanmamalıdırlar. İstər BMT, istərsə də ÜST separatçı rejimi məhz koronavirus dönəmində keçirdiyi “seçkiyə” görə sərt tənqid etməlidir, nəinki onlara dəstək verməlidir”.
Məhəmmədəli QƏRİBLİ