Ermənistanda “Qarabağ klanı”nın getdikcə daha çox sıxışdırılması onun əsas himayədarlarından biri sayılan Rusiyanı da narahat etməkdədir. Digər tərəfdən belə görünür ki, klan artıq Moskvanın İrəvana qarşı daha sərt addımlar atmasını da istəyir. Bunu Ermənistanın ikinci prezidenti Robert Köçəryanın ofisinin rəhbəri Viktor Soqomonyanın açıqlamaları da təsdiq edir. O, Nikol Paşinyan iqtidarının “Qarabağ klanı”na qarşı addımlarının Rusiya-Ermənistan münasibətlərinə ciddi zərbə vurduğunu qeyd edir. Xüsusən də Robert Köçəryan ətrafında baş verənlərin bu prosesi daha da sürətləndirdiyini vurğulayır:“Keçmiş prezident Robert Köçəryanın həbsi Ermənistan-Rusiya münasibətlərinə böyük təsir göstərir. Əlbəttə, hakimiyyət bunun belə olmadığını təsəvvür etməyə çalışır. Hətta bir neçə ay əvvəl Rusiyanın yüksək vəzifəli şəxslərindən birinin sözlərini təhrif etmək cəhdi olmuşdu, guya bu həbs Ermənistan-Rusiya münasibətlərinə təsir etməyəcək. Amma reallıq bunun əksini göstərir”. Soqomoyan Köçəryanın ikitərəfli münasibətlərin pozulmasının tərəfdarı olmadığını bildirib:“Ümid edirəm ki, bu problemlər aradan qaldırılana qədər münasibətlər davam edəcək, amma bunun yaxın gələcəkdə davam edəcəyinə zəmanət verə bilmərəm. Köçəryanın qanunsuz həbsi uzadılsa, Ermənistan-Rusiya münasibətlərindəki problemlərin artması təsadüf olmayacaq”.
Bunlara paralel olaraq, Paşinyanın “Qarabağ klanı”nın digər təmsilçisi olan sabiq prezident Serj Sarkisyanı həbs etmək niyyəti də, “İrates” qəzetinin yazdığına görə, Moskvada xoş qarşılanmayacaq:“Moskva bu şəxslərlə bağlı İrəvana müxtəlif formada xəbərdarlıqlar edib. Amma Paşinyanın geri çəkilməməsi Kremli daha çox qəzəbləndirir”. Məhz belə bir vaxtda Serj Sarkisyanın aprel müharibəsi ilə əlaqədar parlamentdə dindirilməsinə start verilib. Onun bu məsələdə günahkar elan edilib həbs olunması gözlənilir. Eyni zamanda, Ermənistanın Apelyasiya Məhkəməsi də Serj Sarkisyanın vəkillərinin onun barəsində yaşayış yerini tərk etməmə haqqında qərarın ləğvinə dair vəsatətlərini rədd edib. Qeyd edək ki, Sarkisyan 1 milyon dollardan çox dövlət vəsaitini mənimsəməkdə ittiham olunur. Onun barəsində cinayət işi məhkəməyə göndərilib. Keçmiş prezidentin yaşayış yerini tərk etməməsinə dair qərar verilib.
“Qarabağ klanı”na qarşı atılan addımlar isə, yuxarıda qeyd olunduğu kimi, Rusiyada da xoş qarşılanmır. Moskvanın Ermənistana qarşı artıq iqtisadi müstəvidə təzyiq rıçaqlarını işə salmasının əsas səbəblərindən biri də məhz bununla izah olunur. “Qazprom Ermənistan”ın istehlakçılar üçün təbii qaz tariflərinə yenidən baxılmasını tələb edərək, bütün istehlakçılara vahid tarif, yəni min kubmetr üçün 283 dollar təklif etməsi də məhz bununla izah edilir. Artıq qiymətlə bağlı şirkət Ermənistan Dövlət Xidmətləri Tənzimləmə Komissiyasına müraciət edib. Mövcud tarif orta hesabla 255 dollardır. “Qazprom”un təklifi sosial cəhətdən aztəminatlı olanlar, müavinət alanlar üçün, istixanalar və kiçik təkrar emal şirkətləri üçün təxminən 35 faiz bahalaşmanı nəzərdə tutur. Ermənistan İctimai Xidmətləri Tənzimləmə Komissiyasının “Qazprom Ermənistan”ın müraciətinə baxması üçün 80 gün müddəti var. Ermənistan parlamentinin sədri Ararat Mirzoyanın sözlərinə görə, “Qazprom Ermənistan”ın iyulun 1-dən istehlakçılar üçün qazın qiymətinin artırılması ilə bağlı müraciəti yersizdir: “Fikrimcə, koronavirus pandemiyası “Qazprom” tərəfdaşlarımızı təklifin vaxtını yenidən nəzərdən keçirməyə məcbur etməli idi. Düşünmürəm ki, bu təklif üçün ən münasib vaxtdır. Problemlə çox tanış deyiləm, amma dəyərələndirməm belədir. Əminəm ki, hökumət tərəfdaşlarımız və rəsmilərimiz optimal çıxış yolu tapmaq üçün “Qazprom”la hər saniyədə danışıqlar aparır”.
Ermənistanda siyasi qüvvələr hesab edir ki, tələb yerinə yetirilsə, bu, Ermənistan iqtisadiyyatına fəlakətli təsir göstərəcək. Amma indi dünya bazarında neftin və qazın qiymətinin düşdüyü bir vaxtda qazın qiymətinin Ermənistan üçün artırılması irəvana Moskva tərəfindən vurulan böyük zərbə kimi dəyərləndirilir. Ermənistanın “Aravot” nəşri yazır ki, bugünkü hökumət mühüm strateji sistemlərin Rusiyaya satılması qərarını miras olaraq əldə edib, lakin bu gün mövcud hökumət sonrakı Ermənistan-Rusiya danışıqlarının nəticəsi üçün cavabdeh olacaq:“Qeyd edilməlidir ki, qaz tariflərinə görə erməni-rus münasibətlərinə xələl gətirmək də eyni şəkildə perspektivsiz bir siyasət olar. Bütün bunlarla yanaşı, əlbəttə ki, bu gün Ermənistanın doğrudan da Rusiya siyasətinə tabe olmağının necə yarandığı tarixini unutmamalıyıq. 1997-ci ildən etibarən “ArmRosgazprom” qurulanda səhmlərin 45% -i Ermənistan şirkətinə, qalan 45% “Qazprom”a, 10% başqa bir Rusiya şirkəti olan “İtera” şirkətinə aid idi. “İtera” öz payını “Qazprom”a satdı. Ermənistan hökuməti də öz payını “Qazprom”a satdı. Bu proses ikinci prezident Robert Köçəryanın hakimiyyəti dövründən başladı. Xüsusilə, 2003-cü ildə Ermənistan və Rusiya, mübahisəli “Borc müqabilində əmlak” Borc Sazişi imzaladılar. Bu müqaviləyə əsasən Ermənistan bir sıra digər enerji və strateji obyektləri 100 milyon dollar borcu müqabilində Rusiyaya təhvil verildi. Yeri gəlmişkən, Robert Köçəryan bu razılaşmanı Ermənistan üçün ən uğurlu və gəlirli sazişlərdən biri hesab etdi. Köçəryanın sonrakı hakimiyyəti dövründə strateji əhəmiyyətli mühüm obyektlərin Rusiyaya təhvil verilməsi prosesi davam etdi. Beləliklə, 2005-ci ildə İran-Ermənistan qaz boru kəməri yeni inşa edilərkən Rusiya rəsmiləri Moskvanın strateji maraqlarına ciddi təhlükə yarada biləcəyini qeyd edərək, İranın Ermənistan üzərindən Avropaya qaz ixrac edə biləcəyindən narahatlıqlarını gizlətmirdilər. Belə olan halda Ermənistan hökuməti Rusiyaya daha bir güzəştə getdi. Qaz boru kəmərinin İran hissəsində diametri 1,5 m olduğu halda, Ermənistan-İran sərhədindəki qaz kəmərinin diametri 715 mm-ə endirildi. Sonra bir neçə il ərzində “Qazprom” İran-Ermənistan qaz boru kəmərinin səhmlərini əldə etdi və onun yeganə sahibi oldu, Ermənistan isə öz ərazisi ilə Avropaya qaz nəql etmək imkanından məhrum oldu. Strateji enerji obyektləri ilə yanaşı, Robert Köçəryan digər obyektləri də Rusiyaya təhvil verdi. Hətta vəzifəsindən getmədən az əvvəl, 2008-ci ilin fevral ayında 30 il müddətinə Ermənistan Dəmir Yollarının güzəştli idarəetməsini Rusiyaya təhvil verdi”. Nəşr yazır ki, məhz bütün bunların müqabilində Rusiya Köçəryanı sona qədər müdafiə edəcək. Paşinyanın əks addımları isə Kremli İrəvana qarşı daha qəzəbli addım atmağa sövq edəcək.
Nahid SALAYEV