“Təəssüflər olsun ki, bizim özümüzə maneələr var idi, partiyanın qeydiyyat məsələsi həll olunmurdu”
Deputatlığa sabiq namizəd Musa Ağayevin təsis etdiyi “Yeni Zaman” partiyası Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınıb.
“Yeni Zaman” partiyasının sədri Musa Ağayevlə əlaqə saxlayıb onunla partiyanın təsis tarixi, görəcəyi işlər, fəaliyyət istiqamətləri, qarşıya qoyduğu hədəflər barədə danışdıq.
- Musa müəllim, rəhbərlik etdiyiniz partiyanın Ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınması münasibətilə sizi təbrik edirik. “Yeni Zaman” partiyasını nə zaman yaratmısınız?
- Partiya 2007-ci ildə təsis olunub, lakin 13 il idi ki, partiyamızı qeydiyyata almırdılar. Qeyd edim ki, aprelin 15-də partiyamız qeydiyyatdan keçib və aprelin 16-da isə bizə partiyanın qeydiyyatı haqqında şəhadətnaməsini təqdim ediblər.
- Musa müəllim, partiyanız qeydiyyata alınmasa da, fəaliyyətiniz olub. Ümumiyyətlə, fəaliyyətiniz hansı istiqamətləri əks etdirib?
- Fəaliyyətimizin əsas göstəricilərindən biri o idi ki, biz imkan daxilində ölkədə keçirilən seçkilərdə iştirak etmişik, ölkə ictimaiyyətinə dəstək olmağa, ölkədə siyasi plüralizmin qorunmasına, siyasi partiyaların fəaliyyətinin genişlənməsinə həmişə töhfələr verməyə çalışmışıq. Təəssüflər olsun ki, bizim özümüzə maneələr var idi, partiyanın qeydiyyat məsələsi həll olunmurdu. Amma indi hesab edirəm ki, ölkə başçısının siyasi partiyaları dialoqa çağırması, eyni zamanda da aparılan islahatlar öz nəticəsini verir. Fikrimcə, bundan sonra da bu islahatlar, bu dialoqlar Prezidentin rəhbərliyi ilə davam edəcək. Çünki ölkədə yalnız iqtisadi deyil, siyasi və məhkəmə islahatlarının da həyata keçirilməsi lazım idi. Biz həmişə bunu müsahibələrimizdə vurğulayırdıq. Yəni ölkədə siyasi-iqtisadi, məhkəmə islahatlarının davam etdirilməsi çox vacibdir və buna da artıq start verilib. Ölkədə vətəndaş həmrəyliyi, vətəndaş birliyi, eləcə də iqtidar-müxalifət məsələsində konstruktiv dialoqa nail olunması, o cümlədən də bir sıra başqa taleyüklü məsələlər var ki, burada həmrəylik göstərmək lazımdır. Biz bir partiya olaraq bu məsələlərə konstruktiv mövqedən yanaşmağın tərəfdarıyıq. Çünki artıq dünya dəyişib, bir neçə ildir bir qütblülükdən çıxıb, çoxqütblülüyə doğru gedir. Koronavirusdan sonra, ümumiyyətlə, pandemiya olmasaydı belə, başqa problemlər ortaya çıxacaqdı. Həmişə belə olub, əsrdə bir neçə dəfə dünyanın bölüşdürülməsi məsələsi ortaya çıxıb.
Azərbaycan dövləti 29 illik müstəqillik tarixinə malik gənc, müstəqil dövlətdir. Hesab edirəm ki, dövlətçiliyin möhkəmlənməsi üçün hər bir siyasi partiyadan, hər bir vətəndaşdan çox şey asılıdır və hər birimiz buna uyğun hərəkət etməliyik.
- Musa müəllim, dediniz ki, rəhbərlik etdiyiniz partiyanın qeydiyyata alınması üçün maneələr vardı. Konkret hansı əngəlləri nəzərdə tutursunuz?
- Bütün sənədlər qaydasında olmasına baxmayaraq, 13 il bizim partiyanın qeydiyyata alınmasından imtina edilmişdi. Partiyanın qeydiyyata alınması ilə əlaqədar olaraq bizim Ədliyyə Nazirliyi ilə saysız yazışmamız olub. Nazirlik bizə partiyanın nizamnaməsində, proqramında, sənədlərində hansısa bir nöqsanın olduğunu konkret göstərə bilməyib. Bizim partiyanın qeydiyyatdan keçməsinə qarşı süni əngəllər var idi. Hesab etmirəm ki, bu, Ədliyyə Nazirliyindən asılı bir məsələ idi. Hesab edirəm ki, bu, “Aparatda” oturan köhnə kadrlardan, bürokratlardan asılı idi. İndi bilirsiniz ki, Prezident Administrasiyasında da, hökumətdə də islahatlar həyata keçirilir, kadr dəyişikliyi edilir. Fikrimcə, bu dəyişikliklər Azərbaycan dövləti, xalqı naminə öz müsbət bəhrəsini verməlidir, verir də.
- “Yeni Zaman”ın neçə üzvü var, partiyanızın hansı rayonlarda təşkilatları yaradılıb?
- 28 rayonda partiyamızın ilkin təşkilatları var, üzvlərimizin sayı isə 11 minə yaxındır. Mən həmişə demişəm ki, söhbət partiyanın üzvlərindən getmir. Partiya elə fəaliyyət göstərməlidir ki, tərəfdarları çox olsun. Yəni partiyanın seçkilərdə qalib gəlməsi, partiyanın nüfuzu, partiyanın öz proqramını yerinə yetirməsi üçün onun tərəfdarları daha çox olmalıdır. Bu da, əlbəttə, partiyanın proqramından, onun nə cür təbliğatını aparmağından və insanları öz proqramına inandırmağından asılıdır. İndi XXI əsrdir. Partiyaların proqramını internetdə də yerləşdirmək, mətbuat vasitəsilə də yaymaq olur. Bu məsələdə KİV nümayəndələri xüsusi rol oynayır. Həmişə deyirəm ki, Azərbaycan dövlətinin, xüsusilə də vətəndaş cəmiyyətinin inkişafı üçün oynadığı rola görə, ilk növbədə, birinci yeri mətbuat tutur. Yəni siyasi partiyalar mətbuatdan həmişə çox-çox geri qalırlar.
- Ölkəmizdəki partiya bolluğunda “Yeni Zaman” nə ilə fərqlənəcək?
- Hesab edirəm ki, başqa siyasi partiyalardan bizim partiya həm özünün proqramı, həm də o proqramı həyata keçirmək mexanizmi ilə fərqlənəcək. Eyni zamanda, biz vətəndaşlarımızı aparılan islahatlara, demokratik inkişafa və plüralizmə inandırmağa müvəffəq olacağıq. Çalışacağıq ki, xalq üçün daha vacib olan müasir, konstruktiv proqramlar ortaya qoyaq.
- Görünən odur ki, cəmiyyət, ictimaiyyət rəhbərlik etdiyiniz partiyanın aktivliyinin şahidi olacaq.
- Bəli, inşallah.
İradə SARIYEVA