Ermənistanın Baş naziri Nikol Paşinyan hüquq-mühafizə orqanları rəhbərlərinin iştirakı ilə toplantı çağıraraq, hökumətə pul vəsaitlərini geri qaytara bilən bütün cinayət işlərinin yenidən açılmasını tələb edib. Bu haqda Ermənistanın “Past” qəzeti hökumətdəki mənbələrə istinadən yazıb.
Erməni mediası ironiya ilə yazır ki, Paşinyan koronavirusun büdcəyə vurduğu zərəri bu “üsulla” geri qaytarmaq istəyir: “Paşinyan koronavirus böhranının büdcəyə vurduğu ciddi zərbədən sonra dövlət büdcəsinə vəsait axınının təmin edilməsi üçün müxtəlif yollar axtarır. Onlardan biri də belə üsuldur”.
Bununla yanaşı, Ermənistan parlamenti “Qanunsuz mənşəli əmlakın müsadirə edilməsi haqqında” qanun layihəsini müzakirə edir. Erməni mediası yazır ki, sözügedən qanunu qəbul etməkdə məqsəd qanunsuz əmlakın iqtisadi dövriyyədən çıxarılmasına və qanuni sahibinə qaytarılmasına dəstək olmaqdır. O da qeyd edilib ki, qanun qəbul edildikdən sonra korrupsioner məmurların əmlaklarının müsadirə edilməsi prosesinə başlanacaq.
Qanun, həmçinin, Baş Prokurorluğa lazımi əsaslar olduqda əmlakın əldə edilməsinin qanuniliyini öyrənməyə və əmlakın müsadirə edilməsini tələb edən iddia təqdim etməyə imkan verəcək. Əlbəttə, əldə edilmiş əmlakın gəlir mənbələri əsaslandırılmalıdır və dəyəri 50 milyon dramı (100 min dollar) aşmamalıdır.
Göründüyü kimi, Paşinyan koronavirusun büdcəyə vurduğu zərəri müxtəlif vasitələrlə doldurmaq istəyir. Ümid edir ki, bəlkə bu yolla nəyəsə nail olacaq.
“Ermənistanda artıq biznesmenlər də iflasa doğru gedir”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadənin fikrincə, Paşinyan ciddi maliyyə mənbələri tapa bilmədiyi üçün belə üsullara əl atır: “Ermənistanın iqtisadi və sosial vəziyyəti getdikcə çətinləşir. Bir tərəfdən ölkənin blokadası, digər tərəfdən də koronavirusun geniş yayılması Paşinyanı əlavə maliyyə mənbələri axtarmağa sövq edib. İqtisadiyyatın səmərəsizliyi və rentabelliyin olmaması, demək olar ki, Paşinyanın vəd etdiyi islahatların reallaşmamasına gətirib çıxardı. Bəli, Paşinyan indi də biznesmenləri soymaq, “Qarabağ klanı”nın maliyyə imkanlarını zəiflətmək və ələ keçirmək üçün belə bir tapşırıq verib. Hesab edirəm ki, Paşinyanı buna məcbur edən ölkənin sosial bataqlığa yuvarlanmasıdır. Fikrimcə, Paşinyan bununla heç də iqtisadi dayanıqlığı möhkəmləndirə bilməyəcək. Ölkədə gedən proseslər siyasi böhrana gətirib çıxaracaq. Ümumiyyətlə, ölkədə artıq biznesmenlər də iflasa doğru gedir. Belə olan təqdirdə bu, Paşinyanın üzən samandan yapışıb imdad diləməsinə bənzəyir. Ona görə də nə qədər ki, Ermənistan işğalçı mahiyyətindən əl çəkməyəcək, iqtisadi rifah olmayacaq”.
Vidadi ORDAHALLI