Bu günlərdə sosial şəbəkələrin erməni seqmentində Azərbaycanın işğal altındakı ərazilərinə yanacaq və ərzaq daşıyan İran TIR-larının görüntüsü yayıldı. Bu görüntüləri Dağlıq Qarabağda yaşayan ermənilərdən biri paylaşmışdı və bu, Azərbaycan ictimaiyyətində haqlı olaraq hiddətlə qarşılandı. Qarabağda həmin müxalif bloqerlərin İran benzindaşıyan maşınları və yük maşınları karvanının Xankəndi küçələrində hərəkətini çəkib yaymasının məqsədi nə olub? Qarabağda koronavirus pandemiyasının yayılması təhlükəsi qarşısında elementar qorxu hissi. Axı İran koronavirusun tüğyan etdiyi ölkələrdən biridir. Və birdən-birə yüzlərlə iranlı sürücü-potensial koronavirus daşıyıcıları separatçı ərazinin “paytaxtında” peyda olur. İranın Bakıdakı səfirliyi bu görüntüləri təkzib etdi, onları qurama adlandırıb bəyan edib ki, görüntüləri “Tehran-Bakı əlaqələrinin inkişafını istəməyən qüvvələr” yayıb. Məqsəd isə iki qonşu ölkə arasında mövcud olan yaxşı qonşuluq münasibətlərini korlamaqdır. Bunun ardınca Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfovun İran xarici işlər nazirinin müavini Abbas Əraqçı və səfir Cavad Cahangirzadə ilə telefon danışıqları olub. Telefon danışıqlarında İran yük maşınlarının Qarabağa yük daşıması ilə bağlı narazılıq da çatdırılıb. İran tərəfi isə bu məlumatların həqiqətə uyğun olmadığını bildirib.
İranın bu məsələni rəsmən təkzib etməsi çox yaxşıdır. Ancaq ortada etimad mühitinin tam yaranması üçün İran belə hallarla bağlı Ermənistana hansı formada xəbərdarlıq etməlidir?
Elşən Həsənov:“Azərbaycanla arada olan etimad mühitini daha da möhkəmləndirmək üçün İran Ermənistanı bu məsələyə görə sərt tənqid etməlidir”
Azərbaycan Sosialist Partiyasının sədri Elşən Həsənov “Bakı-Xəbər”ə bildirdi ki, Azərbaycan İranla hər zaman yaxın qonşuluq münasibətləri qurub:“İran maşınlarının Qarabağdakı görüntülərinin yayılması ərəfəsində, aprelin 7-də isə Azərbaycan ağır günlər keçirən qonşusuna mənəvi dəstək verirdi. Həmin gün Heydər Əliyev Mərkəzinin binası üzərində İran İslam Respublikasının bayrağı videoproyeksiya olundu. Rəsmi Bakı bununla da COVID-19 epidemiyasından əziyyət çəkən İran dövlətinə və onun xalqına dəstəyini, hörmət və ehtiramını ifadə etdi. Ermənistan isə koronavirus səbəbindən İranla sərhədini birinci bağlayan ölkə oldu. Biz İranın Ermənistanla yaxın münasibət qurduğunu bilirik. Bundan xoşhal olımasaq da, iki ölkənin işinə qarışmırıq. Ancaq yayılan videoda söhbət İrandan qondarma rejimin nəzarəti altında olan ərazimizə keçən yardım maşınlarından gedirdi. Bu bizə həm beynəlxalq hüququn pozulması, həm də müsəlman həmrəyliyi baxımından pis təsir edir. Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Dağlıq Qarabağ separatçılarına istənilən yardım Azərbaycanın ərazi bütövlüyünə və dövlətçiliyinə qəsddir. Yaxşı oldu ki, İran bu məlumatın həqiqətə uyğun olmadığını rəsmən təkzib etdi. Həmin bəyanatda bildirildi ki, bunu edənlər İranla Azərbaycanın dostluğunu istəməyənlərdi. Məlum video ermənilər tərəfindən çəkildiyindən və onların sosial şəbəkələrə aid seqmentində paylaşıldığından İranın xəbərdarlığı və narazılığı daha korrekt və ünvanlı olmalıdır. Ermənistana sonuncu dəfə xəbərdarlıq etməlidir ki, belə avantüralara əl atmasın. Ermənistanın İrandan asılılığı çox olduğundan, Tehranın tövsiyəsinə tam əməl etməkdən başqa çarəsi qalmaz. Azərbaycanla arada olan etimad mühitini daha da möhkəmləndirmək üçün İran Ermənistanı bu məsələyə görə sərt tənqid etməlidir”.
Məhəmmədəli QƏRİBLİ