Prezident İlham Əliyev öz sədrliyi ilə keçirilən, ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində müşavirə zamanı yaranmış pandemiya vəziyyətilə bağlı dövlət xərclərinə yenidən baxılmasının zəruriliyini bildirib:
”Ancaq bir daha demək istəyirəm ki, iqtisadi vəziyyətə pandemiyanın təsiri qaçılmazdır. Biz artıq bunu görürük. Ona görə hökumətə tapşırıq verirəm, xüsusilə Baş nazirə, Maliyyə nazirinə və İqtisadiyyat nazirinə ki, dövlət xərclərinə yenidən baxılsın və prioritet təşkil etməyən xərclər ixtisar edilsin. Eyni zamanda, vəsaitin xərclənməsinə çox ciddi nəzarət mexanizmi tətbiq olunmalıdır. Bu məsələ ilə bağlı mən öz fikirlərimi bundan əvvəl də bildirmişdim. Son vaxtlar bu istiqamətdə müsbət dinamika göz qabağındadır və bunun nəticəsində biz həm keçən il, həm də bu ilin üç ayında büdcəmizə əlavə maliyyə vəsaiti daxil edə bilmişik. Ancaq hesab edirəm ki, burada hələ ehtiyatlar var, həm investisiya xərclərinə, eyni zamanda, cari xərclərə yenidən baxılmalıdır. Çünki bəzi hallarda cari xərclər şişirdilir. Xüsusilə dövlət təşkilatlarının, dövlət şirkətlərinin cari xərcləri əfsuslar olsun ki, şişirdilir və bu sahəyə çox ciddi diqqət göstərilməlidir. Bu sahədə şəffaflığın tam təmin olunması istiqamətində əlavə addımların atılması zəruridir. Hesab edirəm ki, biz bunun hesabına, əlbəttə, öz iqtisadi-maliyyə vəziyyətimizi sabit saxlayacağıq. Eyni zamanda, hökumətə tapşırıram ki, yeni gəlir mənbələri aşkar edilməlidir. Yenə də demək istəyirəm ki, ehtiyatlar var, çoxdur. Son müddət ərzində bu ehtiyatların bir hissəsi artıq üzə çıxıb və büdcəyə daxilolmalar artır, keçən il və bu il. Keçən il büdcəyə proqnozdan əlavə bir milyard manatdan çox vəsait daxil edilibdir, bu ilin üç ayında 300 milyon manatdan çox. Ona görə bu məsələyə çox diqqətlə baxmaq lazımdır və təkliflər hazırlanmalıdır. Yenə də demək istəyirəm ki, biz bilmirik bu vəziyyət nə qədər çəkəcək. Ona görə öz addımlarımızı elə atmalıyıq ki, iqtisadi, makroiqtisadi sabitlik təmin edilsin”.
Göründüyü kimi, Prezident həm investisiya, həm də cari xərclərə nəzarətin vacibliyini vurğuladı. Bu istiqamətdə indiyədək edilənlərdən fərqli daha hansı addımları atmaq olar?
Asif İbrahimov:“Cari xərclərin azadılması ilə bağlı qurumların qarşısına konkret tələblər qoyulsa yaxşı olar”
Beynəlxlaq qiymətləndirmə üzrə ekspert, iqtisadçı Asif İbrahimov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, indiki zamanda büdəcəyə korrektələr mütləq lazımdır:
“Azərbaycanın iqtisadiyyatında olan müəyyən idarəetmə modelləri çoxxərcli sayılır. Biz məmur sayına görə öndə gedən ölkələrdənik. Bu da öz növbəsində əlavə xərclər və maliyyə itkisinə gətirib çıxarır. Dövlət tərəfindən ayrılan vəsaitlər bəzən müəyyən qurumlar tərəfindən israfçılıqla və şişirdilmiş şəkildə xərclənir. Məhz bunların qarşısının alınması istiqamətində ötən ildən başlayaraq daha intensiv şəkildə struktur və kadr islahatları həyata keçirilir. Eyni zamanda, büdcəyə nəzarəti təmin etmək üçün ictimai nəzarət də güclənməlidir. Bunun da vacibliyini dəfələrlə ölkə başçısı vurğulayıb. Mövzuya geniş miqyasda yanaşanda, struktur islahatları davam etdirilməlidir. Bir-birinin təkrarlayan qurumlar birləşdirilməlidir. Ancaq indiki qısa zaman üçün daha operativ qərarların verilməsi zəruridir. Büdcəmizdə investisiyaya ayrılan vəsaitin çəkisi böyükdür. Onları ixtisar edib, növbəti ilə də saxlamaq olar. Cari xərclərin azadılması ilə də bağlı büdcəyə xeyli qənaət etmək olar. Cari xərclərin əsas hissəsi dövlət qurumlarının saxlanmasına gedir. Onların qənaət rejiminə keçməsi lazımdır. Onsuz da bunu dəfələrlə ölkə başçısı tələb kimi qoyub. Məmurlara tövsiyələr olunub ki, xidməti avtomobil kimi yerli istehal olan avtomobillərdən istifadə etsinlər. Kabinetlərinə bahalı xarici mebel almasınlar. Cari xərclərin azadılması ilə bağlı qurumların qarşısına konkret tələblər qoyulsa yaxşı olar. Pandemiyadan sonra dövlət xərclərinə daha ciddi nəzarət edilməlidir. İmkan vermək olmaz ki, bir manat belə kənara getsin. Çünki pandemiya ilə mübarizə, bütün dövlətləri olduğu kimi, bizi də əlavə xərclərlə üz-üzə qoydu. Prezidentin çıxışından irəli gələn tapşırıqlara ciddi əməl edilməlidir ki, bu vəziyyətdən minimal itkilərlə çıxa bilək”.
Məhəmmədəli QƏRİBLİ