Azərbaycanın zəbt edilmiş ərazilərində Ermənistan tərəfindən təşkil edilən “seçkilər”ə beynəlxalq reaksiyalar İrəvan üçün növbəti diplomatik zərbə qismində qəbul edilir. Artıq Ermənistanın özündə də etiraf edilir ki, dünya ictimaiyyəti Dağlıq Qarabağda baş verənlərə əvvəlki dövrlə müqayisədə indi daha sərt reaksiya sərgiləyir. Bu isə Azərbaycanın fəal diplomatiya yürütməsi ilə də izah olunur.
Baş verənlərlə bağlı Ermənistanın “İrates” qəzeti yazır ki, İrəvan və erməni diasporu lazımı addmlar ata bilmir: “Azərbaycan bundan maksimal dərəcədə istıfadə etməyə çalışır və istəyinə də nail olur. Hər halda, Qarabağda “seçki” məsələsinə reaksiyalar da bunu göstərdi”. Həqiqətən də “seçkinin” həm birinci, həm də ikinci “turundan” sonra bütün aparıcı beynəlxalq təşkilatlar açıq-aydın şəkildə bu “seçkiləri” tanımadıqlarını bəyan etdilər. Ekspertlərin fikrincə, bununla işğalçı Ermənistanın separatçı rejimdə keçirdiyi qondarma “seçkilərin” nəticələrini tanımamaqla bağlı beynəlxalq birliyin nümayiş etdirdiyi yekdil mövqe Azərbaycanın münaqişənin həlli ilə bağlı həm siyasi, həm diplomatik, həm də hərbi üstünlüyünü daha da gücləndirmiş oldu. Burada bir daha xatırladaq ki, separatçı rejimin “seçki” adlı oyunundan dərhal sonra bütün aparıcı beynəlxalq təşkilatlar, xüsusilə ATƏT-in Minsk Qrupunun həmsədrləri, ATƏT Parlament Assambleyası, Avropa İttifaqı, Avropa Parlamenti, NATO, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, Türk Şurası səsləndirdikləri bəyanatlarında qondarma “seçkiləri” tanımadıqlarını və beləliklə də Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu bir daha bəyan etdilər. ATƏT-in Minsk Qrupunun həmsədrləri olan ABŞ, Fransa və Rusiyanın ayrıca müvafiq açıqlamalar verməsi də Ermənistan üçün daha bir zərbə oldu. Ermənistan parlamentinin “Mənim addımım” fraksiyasının deputatı Şirak Torosyan belə etiraf edir ki, bu hal Ermənistan üçün qeyri-məqbuldur:“Qarabağda baş tutmuş “seçkilər”lə bağlı beynəlxalq ictimaiyyətin reaksiyaları vacibdir. Xüsusən, ATƏT-in Minsk Qrupu həmsədrlərinin bəyanatı Ermənistan üçün vacib idi. Onalrın bəyanatında açıq qeyd edilirdi ki, onlar Qarabağın gələcək statusu məsələsində bu “seçkilər”in nəticələrini tanımırlar. Deməli, biz yetərincə iş apara bilməmişik”. Erməni mediası yazır ki, regionda vacib oyunçu olan Rusiya və ABŞ qeyd olunan məsələdə Azərbaycanı dəstəkləyir. “İrates” qəzeti yazır ki, “seçki” ilə yanaşı, digər parametrlər baxımından da onlar Azərbaycanın yanında yer alır. Məsələn, bir müddət əvvəl ABŞ hökuməti Dağlıq Qarabağın inzibati ərazisində və işğal edilmiş ətraf rayonlarda neçə illərdir minaların təmizlənməsini həyata keçirən “Halo Trust” təşkilatının maliyyələşdirilməsini dayandırıb. Bundan dünya erməniləri, o cümlədən diaspor çox narahat olub. ABŞ-ın İrəvandakı səfiri Linn Treysi bu günlərdə keçirdiyi videokonfransda Qarabağa maliyyə yardımını kəsəcəkləri ilə bağlı məsələyə münasibət bildirərkən, Ermənistan istisna olmaqla, son 20 ildə işğal altındakı Dağlıq Qarabağa maliyyə yardımı ayıran yeganə ölkə olduqlarını xatırladıb:“Son 20 ildə müvafiq proqram çərçivəsində Qarabağda minalanmış ərazilərin təmizlənməsinə etdiyimiz yardımlardan məmnunuq. Ötən bu müddətdə ABŞ Dağlıq Qarabağa 17 milyon dollar məbləğində maliyyə yardımı göstərib. Amma indi buna ehtiyac olmadığı düşünülür”. Rusiya da prosesə yanaşmada Ermənistan üçün sərfəli mövqe sərgiləmir. Bu xesusda erməni mediası ABŞ-da Rusiya əleyhinə çıxışlar etmiş və qondarma “seçkilərin” “ikinci turunda” da “uduzmuş” Masis Mailyanın Moskva tərəfindən cəzalandırılmasını buna misal göstərir. Ona Rusiya ərazisinə 5 il müddətinə səfər etmək qadağan edilib. Bunun səbəbi açıqlanmayıb. Ehtimal etmək olar ki, Mailyan amerikapərəstdir və buna görə Moskvanın ondan xoşu gəlmir. Lakin erməni mediası yazır ki, Moskva istənilən vaxt eyni yanaşmanı “seçkilərdə” qalib gəlmiş keçmiş “baş naziri” Araik Arutyuyana münasibətdə də sərgiləyə bilər. Erməni hüquq müdafiəçisi Artur Sakunts bildirir ki, ümumiyyətlə, Moskvanın İrəvana münasibəti əhəmiyyətli dərəcədə dəyişib: “Bunu Qarabağdakı “seçkilərə” münasibətdə sezmək olar. Amma digər məqamlar da var. Məsələn, Rusiyanın 102-ci hərbi bazasının hərbçilərini koronavirus təhdidi ilə bağlı testdən keçirməsi ortaya yeni məqamlar çıxarıb. Rusiya bu bazaya virusla bağlı xeyli ləvazimat göndərib. Ermənistana da, az miqdarda olsa da, belə yardım göndərib. Amma burada xeyli problemlər də mövcuddur. Testlərin Rusiya hərbi bazasında keçirilməsi nə qədər yaxşı olsa da, Ermənistan Silahlı Qüvvələri ilə əlaqəli olaraq narahatlıqlar var. Bir qayda olaraq, belə bir şəraitdə texniki və ya təşkilati, maddi dəstəyin verilməsi yalnız bəzi materialların ayrılmasını deyil, həm də həmin imkanların inkişafını nəzərdə tutur. Yəni göstəriləcək dəstəyi göstərə bilmək, həyata keçirmək üçün mütəxəssislərin hazırlığı olmalıdır. Rusiya məhz bu məsələdə Ermənistana heç bir yardım göstərmir. Burada onlar infeksiya olmadığını söyləsələr, bunun reallığa uyğun olub-olmaması barədə sual yarancaq. 102-ci Rusiya hərbi bazasının hər bir hərbçisi yoxlanılmalıdır, xüsusən yeni növbə, yeni heyət gəldiyində hamısı sınaqdan keçirilməlidir və risqləri ehtiva edən, Gümrü sakinlərinin və ümumilikdə Ermənistan vətəndaşlarının sağlamlığına təhlükə yarada biləcək Rusiya hərbi bazasına heç bir virusa yoluxmuş hərbçinin Ermənistana daxil olmayacağına əmin olunmalıdır. Amma Moskva bunu etmir. Əvəzində Rusiyadakı erməniləri geri göndərməyə hazırlaşır. Yəni görünən budur ki, Rusiya Ermənistanda sadəcə öz hərbçilərini düşünür və bu da onun ermənilərə münasibətidir. Bu halda Qarabağdakı “seçkiləri” Rusiyanın əhəmiyyətsiz bir hal adlandırmasında da təəcüblü heç nə axtarmaq lazım deyil. Onun üçün indi Azərbaycan və Türkiyə daha maraqlı tərəf qismində çıxış edir”.
Bütün bu qeyd edilənlərdən bəlli olur ki, Qarabağda “seçkilərə” dünyanın, o cümlədın ABŞ və Rusiyanın reaksiyası Ermənistanda böyük rezonans yaradıb. Ekspertlər hesab edir ki, əslində bu “seçkiləri” təşkil etməklə Ermənistan sülh prosesinin üzərindən xətt çəkir. Elə dünyanı narahat edən əsas məqamlardan biri də bu olduğu üçün İrəvanın Qarabağdakı şousuna sərt reaksiya sərgiləndi.
İşğal olunmuş Dağlıq Qarabağda keçirilmiş qondarma "seçkilər" münaqişənin nizamlanması üzrə danışıqlar üçün müsbət mühitin yaradılmasına xidmət etmir. ATƏT-in Minsk Qrupunun amerikalı sabiq həmsədri Metyu Brayza da məsələyə məhz bu prizmadan yanaşır. O bildirib ki, bir ölkə tərəfindən digər ölkənin işğal olunmuş ərazilərində “seçki” keçirilməsi tərəflərin barışığı üçün zəruri olan psixoloji əhvalın formalaşmasına xidmət etmir: "Dağlıq Qarabağa gəldikdə, bu, Azərbaycanın ərazisidir və bunu dünya ölkələri qəbul edir. Yaxşı olardı ki, qondarma "seçkilər" keçirilməyəydi". Brayzanın sözlərinə görə, hökumətlərin bəyanatında açıq-aşkar deyilir ki, qondarma "seçkilər" heç nə ifadə etmir, çünki onlar Dağlıq Qarabağda qurulmuş qondarma rejimin "müstəqilliyini" tanımırlar:"Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının uzun müddət müzakirə olunan və 2019-cu ilin yanvarında razılaşdırılan əsas prinsipləri ifadə edir ki, Dağlıq Qarabağ sakinləri öz nümayəndələrini seçmək hüququna malik olacaq, amma bu yalnız münaqişə üzrə əldə olunan baza prinsiplərinə əsaslanan çərçivə sazişi əldə olunduqdan sonra mümkün ola bilər". Rusiyalı ekspert Qalina Niyazova isə xatırladır ki, qondarma "Dağlıq Qarabağ Respublikası" heç bir şəkildə dövlət deyil. Onun sözlərinə görə, ilk növbədə, dünya ictimaiyyəti işğal olunmuş bu torpaqların müstəqilliyini tanımır və tanımayacaq:"İkincisi, "müstəqillik" sözü öz daxili ehtiyatları hesabına, müstəqil şəkildə inkişafı ifadə edir. Amma nə marionet "DQR" rejimi, nə də qondarma "DQR"i idarə edən və özü də Rusiyanın himayəsində olan Ermənistan bütün bunlara malikdir". Ekspert əlavə edib ki, işğal olunmuş Dağlıq Qarabağda legitim seçkilər barədə yalnız bu ərazilərin azad edilməsindən sonra danışmaq olar: "Aydındır ki, o zaman qondarma "prezident seçkiləri"ndən söhbət getməyəcək, yalnız regionun inkişafı və sakinlərin təhlükəsizliyi üçün məsuliyyət daşıyan qurumların seçilməsindən söhbət gedir. Amma indiki qondarma "respublika"da koronavirus pandemiyası və karantin şəraitində seçkilər keçirməklə hakimiyyətə iddia edənlər bu xüsusiyyətlərə malik deyillər".
Amerikalı ekspert Rob Sobhaninin fikrincə isə, dünyada müşahidə olunan koronavirus böhranı fonunda işğal olunmuş Dağlıq Qarabağda qondarma "seçkilər"in keçirilməsi qəribə və uğursuz addımdır. O bildirib ki, bu, heç bir şəkildə sülhə nail olmağa xidmət etmir və hətta sülh prosesinə ziyan vura bilər:"Münaqişələrin həllinə görə məsuliyyət daşıyan beynəlxalq ictimaiyyət qondarma "seçkilər"in keçirilməsindən məmnun olmayacaq, çünki onlar əməkdaşlıq və sülhə xidmət etmək niyyətindədir". Sobhani qeyd edib ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri bu şəraitdə münaqişənin nizamlanması üzrə səyləri bərpa edə bilər:"Faktiki olaraq, dünyada pandemiya ilə bağlı yaranan vəziyyət göstərir ki, dünya liderləri Ermənistan və Azərbaycan arasındakı münaqişə kimi problemlərin həlli üçün əməkdaşlıq etməlidir". Məhz belə vəziyyət bir daha nümayiş etdirir ki, Qarabağda “seçkilər” Ermənistan üçün diplomatik müstəvidə problem yaratmaqdan başqa heç nəyə xidmət etmir.
Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə vəsaiti ilə çap olunur.