Məlum həqiqətdir ki, Ermənistanın dövlət kimi, formal olsa da, ayaqda qalmasında diaspor, kilsə və Rusiya faktoru daim mühüm rol oynayıb. Amma hazırda Nikol Paşinyan iqtidarının hər üç amillə mühüm problemləri var. Artıq sirr deyil ki, Rusiya Paşinyan iqtidarını hakimiyyətdə görmək istəmir.
Beynəlxalq münasibətlər üzrə erməni ekspert Ara Papyan bildirir ki, Kreml heç vaxt Paşinyanı qəbul etməyəcək. Onun sözlərinə görə, hər şeydən əvvəl qəbul etmək lazımdır ki, hazırda beynəlxalq münasibətlərdə, eləcə də daxili dövlət münasibətlərində vəziyyət olduqca fərqlidir: “Mən hər zaman demişəm, indi də deyirəm ki, Nikol Paşinyanın Rusiyaya qarşı hansı siyasəti həyata keçirəcəyindən asılı olmayaraq, o, əvvəlki hakimiyyətdən daha çox rusyönümlü siyasət aparır. Amma Rusiya onu qəbul etmir. Putinin şəxsən Paşinyanla problemi var. Bu, şəxsi məsələdir və Putin Paşinyana inanmır. Bu, heç vaxt dəyişməyəcək və Kremlin hərəkətləri də bunu isbat edir”.
Diaspor qüvvələri, xüsusən Rusiyada, ABŞ-da və Avropada olan erməni lobbisi ilə də Paşinyan arasında münasibətlər gərginləşən xətt üzrə inkişaf edir. Eləcə də Paşinyanın kilsə ilə problemləri dərinləşir. Ümumiyyətlə, faktdır ki, Paşinyan baş nazir olduqdan sonra kilsə ilə hökumət arasında dərin bir uçurum yaranıb. Xatırladaq ki, Paşinyan hələ hakimiyyətə gələnə qədər II Qaregindən qurtulmağın vacibliyindən açıq danışırdı. İrəvanda sırf buna görə bir neçə etiraz yürüşünü də təşkil etmişdi. Lakin erməni keşişləri arasında Paşinyanın yetərli dəstəyi olmadı. Maraqlıdır ki, indiki durumda Rusiyada da Paşinyan-kilsə qarşıdurmasında ikinciyə daha çox dəstək ifadə olunur. Bu hal sabiq prezident Robert Köçəryan amili ilə bağlı olaraq daha da dərinləşib. Qeyd edək ki, katolikos bundan öncə Köçəryanın koronavirus təhdidi ilə əlaqədar olaraq azadlığa buraxılmasını istəyib. Ermənistan hökuməti isə bunun əleyhinə çıxıb. Bundan başqa, “axar.az” portalının məlumatına əsasən, Ermənistan hökumətinin koronavirus səbəbindən ölkədə tətbiq etdiyi fövqəladə vəziyyət erməni kilsəsinin narazılığına səbəb olub. Ölkədə bir sıra qurum və hətta sahibkarların belə koronavirusla əlaqədar məsuliyyətli davranmağına baxmayaraq, kilsə baş verənləri görməzdən gələrək, hələ də kütləvi mərasimlərin keçirilməsinə izn verir.
Xatırladaq ki, bu xüsusda Rusiyanın “lenta.ru” saytı da elə bu günlərdə maraqlı yazı dərc edib. Qeyd olunur ki, Ermənistan hökumətinin ölkədə fövqəladə vəziyyət rejimini daha 30 gün uzatmasına rəğmən, ermənilər Pasxa bayramı zamanı buna əməl etməkdən imtina edib. Məlumata görə, Pasxa bayramı zamanı kilsələrin bağlı olması belə özünütəcridlə bağlı qaydaların pozulmasının qarşısını almağa kifayət etməyib. Sayt əhalinin belə davranışının koronavirusdan öz maraqları üçün istifadə etməyə çalışan kilsə və dövlətin addımları ilə əlaqədar olduğunu bildirib. Belə ki, ölkədə bir sıra qurum və hətta sahibkarların belə koronavirusla əlaqədar məsuliyyətli davranmağına baxmayaraq, kilsənin baş verənləri görməzdən gələrək, hələ də kütləvi nikah mərasimlərinin keçirilməsinə izn verdiyi vurğulanıb: “89% erməni özünü inanclı sayır, amma yalnız 10% şəxs həftədə bir dəfə kilsəni ziyarət edir. Digər tərəfdən, Ermənistanda infeksiyanın əsas ocağı ölkənin dini paytaxtı sayılan Eçmiədzin oldu. Məhz burada bütün ermənilərin katalikosu II Qareginin əsas iqamətgahı yerləşir. Bu şəhərdə 8 martda bir müddət öncə İtaliyadan qayıdan, öz simptomlarını gizlədən qadın nişan mərasimi zamanı qonaqları yoluxdurdu. Kilsə təkcə hakimiyyətin çağırışlarını nümayişkaranə şəkildə rədd etmədi, həm də dünyəvi hakimiyyətin dini hakimiyyətə əmr verə bilməyəcəyinə eyham vurdu”. Qareginin hökumətin çağırışlarına cavab olaraq kilsələri bağlamaq yerinə özünün adamları vasitəsilə ona qarşı kəskin hücumlara başladığı da vurğulanıb. Belə ki, kilsə səhiyyə naziri Arsen Torosyanı hədəf alıb və onun kilsəni ləkələmək üçün koronavirusdan bəhanə kimi istifadə etdiyi qeyd edilib. Torosyan isə ittihamlara səssiz qalmayıb və kilsəyə bir sıra ölkələrdə koronavirusun məhz dini rituallar ucbatından yayıldığına dair eyham vurub. Hökumət bundan sonra da kilsə ilə məxfi danışıqlar aparsa da, heç bir uğur əldə edə bilməyib.
Vəziyyətin nəzarətdən çıxmasından sonra Paşinyan sərt hərəkət edərək, ölkədə fövqəladə vəziyyət tətbiq edib və bütün toplantı yerlərinin, o cümlədən kilsələrin fəaliyyəti tam dayandırılıb. Buna rəğmən kilsə hələ də təslim olmayıb və fəaliyyətini əvvəllər günah hesab edilən onlayn rejimə keçirib. “Lenta.ru” əslində hökumətlə kilsə arasında yaşananların dinlə əlaqəsinin olmadığını bildirib. Belə ki, Paşinyanın hakimiyyətə gəlməsindən sonra hökumət kilsənin zənginliyinin səbəblərini araşdırmağa başlayıb, məktəblərdən dini yığışdırıb və ateistlər üçün dövlət vəzifələrini açıq elan edib. Hətta Eçmiədzinə belə ateist qadın rəhbər gətirilib ki, bu da kilsəni qəzəbləndirib:“Koronavirus kilsəyə revanş üçün yaxşı bəhanə olub. Bütün dünyada həkimlər, virusoloqlar koronavirus tapmacası üzərində baş sındırdığı bir zamanda Ermənistanda dindarların səyləri ilə buna “çarə” dərhal tapılıb. Məsələn, erməni kilsələrindən birinin Feysbuk səhifəsində buxur tüstüsünün mikrobların havada, suda və orqanizmində artmasının qarşısını aldığı və bütün virusları məhv etdiyinə dair saxta elmi dezinformasiya paylaşılıb. Bunun mənasının nə olduğu aydındır. Erməni Apostol Kilsəsinin Ararat Yeparxiyasının rəsmi saytında buxurun təkcə kilsədən alınmasına dair tapşırıq var”. Bundan başqa, Paşinyana yaxın media orqanları, sosial şəbəkə istifadəçiləri yenidən kilsə rəhbərinin dəyişdirilməsinin vacibliyini gündəmə gətiriblər. Ermənistan parlamentinin vitse-spikeri Alen Simonyan bu xüsusda bildirir ki, minlərlə Ermənistan vətəndaşı artıq çoxdan katolikosun dəyişdirilməsini tələb edir:“II Qaregin bəyan edib ki, Robert Köçəryana münasibətdə həbs-qətimkan tədbiri dəyişdirilməlidir. Mən deyərdim ki, Ermənistanın minlərlə vətəndaşı artıq çoxdan katolikosun dəyişdirilməsini tələb edir. Düşünürəm ki, vətəndaş Ktriç Nersisyan (II Qareginin əsl adı) illərlə səssiz qalıb, bu gün isə pulu bol olan Köçəryanın ilkin həbsinin dəyişdirilməsinin zəmanətçisi kimi çıxış etmək qərarına gəlib”. Hesab edilir ki, yaranmış vəziyyətdə kilsə ilə Paşinyanın qarşıdurması daha də dərinləşəcək. Bu isə Ermənistanı hələ qarşıda daha çox problemlərin gözlədiyini deməyə əsas verir.
Nahid SALAYEV