Bu gün nəinki Cənubi Qafqazda, eləcə də bütün dünyada ayrı-ayrı sahələrdə nail olduğu uğurlara görə sayılıb seçilən, yüksək qiymətləndirilən Azərbaycan dövlətinin iqtisadi gücü onun daha da inkişaf etdiyini göstərən əsas amillərdən biridir. Son zamanlar Azərbaycanın daha da güclənməsi, böyük uğurlara imza atması, nailiyyətlərinin sırasının günü-gündən genişlənməsi, iqtisadi-siyasi baxımdan qazandığı qələbələr Ermənistan hökumətini ciddi narahat edir. Tarix səhnəsindən silinmək üzrə olan və səfalətin, aclığın, pandemiyanın, iqtisadi-siyasi böhranın içində boğulan Ermənistanın özünü Azərbaycanla müqayisə etməsi gülünc görünür.
Prezident İlham Əliyev cari ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfransda bir sıra məsələlərə toxundu.
Münhen Təhlükəsizlik Konfransından da danışan ölkə başçısı bu konfransın dünya miqyasında təhlükəsizliklə bağlı bir nömrəli konfrans olduğunu qeyd etdi. “...Bu dəfə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı imkan oldu ki, canlı efirdə həm tarixi həqiqətlər, həm münaqişə ilə bağlı həqiqətlər geniş auditoriyaya çatdırılsın. Çünki bu auditoriya milyonlarla insanı əhatə edir. Nəzərə alsaq ki, tarixdə ilk dəfə olaraq Azərbaycan və Ermənistan rəhbərləri canlı efirdə debatda idilər. Bu debatlara çox böyük maraq var idi. Bu, bir daha göstərdi ki, erməni təbliğatı saxtakarlıq, yalan, mifologiya üzərində qurulub. Bizim sözümüz isə tarixə, tarixi sənədlərə, tarixi reallıqlara və beynəlxalq hüquqa əsaslanır. Ona görə Münhen Təhlükəsizlik Konfransının yekunları Ermənistan təbliğatını darmadağın edib və bunların uzun illər ərzində uydurduğu yalan məlumatlara son qoyub. Əlbəttə, istisna edilmir ki, bu cəhdlər bundan sonra da göstəriləcək, ancaq artıq buna heç kim inanmayacaq. Ona görə hesab edirəm ki, həm münaqişə ilə bağlı, həm Cənubi Qafqazın tarixi ilə bağlı keçirilmiş bu tədbir bizim böyük uğurumuzdur. Azərbaycan xalqı mənə göndərilən on minlərlə mesajlarda, məktublarda öz dəstəyini bir daha ifadə etmişdir. Münaqişə ilə bağlı onu da bildirməliyəm ki, Ermənistan təbliğatına və ümumiyyətlə, Ermənistanın münaqişə ilə bağlı mövqeyinə növbəti böyük zərbə bu yaxınlarda vuruldu. Bu zərbəni, əslində, onlar özləri özlərinə vurdular. Əlbəttə ki, bizim məqsədyönlü fəaliyyətimiz, beynəlxalq təşkilatlarla yaranmış əlaqələr bu zərbəni daha da gücləndirdi. Söhbət qondarma “Dağlıq Qarabağ Respublikası”nda keçirilmiş qondarma “prezident”in qondarma “seçkiləri”ndən gedir. Bu “seçkilər” bir daha göstərdi ki, bu qanunsuz xunta rejimini heç kim tanımır”.
Qeyd edək ki, bundan əvvəlki çıxışlarından birində ölkə başçımız Ermənistan baş nazirinin öz ölkəsinin dırnaqarası uğurlarını Azərbaycanın uğurları ilə müqayisə etmək iddiasında olduğunu bildirmişdi. “...Son vaxtlar siz də bunu görürsünüz, Ermənistanın baş naziri öz ölkəsinin dırnaqarası uğurları haqqında danışarkən Ermənistanı Azərbaycanla müqayisə edir. Onun gəldiyi qənaətə görə, Ermənistan Azərbaycanı bir çox parametrlər üzrə qabaqlayır. Bəri başdan bildirirəm və bunu heç sübut etməyə ehtiyac yoxdur ki, belə bir fərziyyənin heç bir əsası yoxdur. Azərbaycan Ermənistanı bütün əsas parametrlər üzrə böyük fərqlə qabaqlayır” - deyə ölkə başçımız vurğulamışdı.
Prezident İlham Əliyev bildirirdi ki, Azərbaycan faşizmə qarşı mübarizə aparır, Ermənistan isə faşizm canilərinə heykəl qoyur, onları qəhrəmanlaşdırır. Azərbaycanın idman uğurlarının da Ermənistandan qat-qat üstün olduğunu deyən Prezident bu sahədəki uğurlarımızı da qeyd etmişdi. Yəni Paşinyan hər dəfə Ermənistanın “uğurları”nı Azərbayanın real uğurları ilə müqayisə etmək istəyir, hər dəfə də Azərbaycan Prezidenti onun yalanını ifşa edir, ona dərs verir.
Keçirdiyi son müşavirədə də ölkə başçısı İlham Əliyev Ermənistanın həyata keçirdiyi saxta siyasətə də toxunaraq, onunla bağlı bəzi məqamları xatırladaraq, Paşinyana yenidən bir dərs verdi.
“Bu gün Ermənistan Cənubi Qafqazın tamamilə zəif, gücsüz bir dövlətidir”
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Qafqazşünaslıq İnstitutunun ermənişünaslıq şöbəsinin müdiri, professor Qasım Hacıyev bildirdi ki, həm Prezident İlham Əliyevin rəhbərliyi ilə cari ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfransda, həm də bundan əvvəlki müşavirələrdə Azərbaycan iqtisadiyyatının, Azərbaycan siyasətinin inkişafı təhlil edilib. “Prezident İlham Əliyevin sədrliyi ilə cari ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfransın çox böyük əhəmiyyəti var və bu konfransda aktual məsələlər müzakirə olundu. Cənab Prezident bu videomüşavirədə bir çox məsələyə toxundu. Pandemiya ilə mübarizədən tutmuş, Azərbaycanın iqtisadi inkişafı, qarşıda duran vəzifələr, Dağlıq Qarabağ problemi, Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi təxribatlar, lakin bu təxribatların tez bir zamanda qarşısının alınmasından danışdı. Paşinyanın uğursuz siyasəti dizləri boşalmış Ermənistanı daha da çökdürdü. Münhen Təhlükəsizlik Konfransında biabır olan Paşinyana İlham Əliyev böyük bir tarixi dərs verdi. Paşinyanın küçədən hakimiyyətə gəldiyi məlumdur. Küçə psixologiyası ilə dövləti idarə edən Paşinyan son illər Ermənistana böyük uğursuzluqlar gətirdi. Pandemiya dövründə Ermənistan ən ağır durumdadır. Bu gün Ermənistan nəinki pandemiya ilə mübarizədə, hətta cənab Prezidentin təbirincə desək, heç bir sahədə Azərbaycanla müqayisə oluna bilməz. Ermənistan faşizmin beşiyi başında dayanır, Hitler əlaltılarına heykəl qoyur, Azərbaycan isə faşizmə qarşı mübarizə aparır. İdman, mədəniyyət, iqtisadiyyat, səhiyyə, eləcə də digər sahələrdən Azərbaycan Ermənistandan çox irəlidədir. Yəni Ermənistan Azərbaycanla heç cür müqayisə edilə bilməz. Azərbaycanda koronavirusla mübarizə sahəsində nümunəvi işlər görülüb. Amma Ermənistan heç bir iş görmür.
Bu gün pandemiya içində məhv olan Ermənistan başsız bir ölkə kimi görsənir. Prezident öz çıxışlarında Azərbaycandan bütün sahələrdə qat-qat zəif olan Ermənistanın, onun baş nazirinin yalan, saxta siyasətini, fikirlərini hər zaman ifşa edir. Bu gün Ermənistan Cənubi Qafqazın tamamilə zəif, gücsüz bir dövlətidir, bu gün onun Azərbaycanla müqayisə olunmaq üçün heç bir gücü, imkanı yoxdur.
Ermənistan qondarma “DQR”də keçirdiyi saxta seçkilərlə bir daha beynəlxalq aləmdə özünü nüfuzdan saldı. Cənab Prezident bu faktı da xatırlatmaqla bir daha Pasinyanı, onun saxta hakimiyyətini ifşa etdi. Pasinyan İlham Əliyevin ona verdiyi dərslərdən nəticə çıxarmalıdır, Ermənistan işğal altında saxladığı Azərbaycan torpaqlarında oynadığı saxta oyunlara son qoymalıdır” - deyə Q.Hacıyev vurğuladı.
İradə SARIYEVA