Azərbaycan tarixinin öyrənilməsi və gələcək nəsillərə düzgün şəkildə çatdırılması yalnız keçmişi tanımaq baxımından deyil, həm də milli kimliyin qorunması, vətəndaşlıq şüurunun formalaşdırılması və ölkənin milli təhlükəsizliyinin təmin edilməsi baxımından böyük əhəmiyyət daşıyır. Eyni zamanda milli adət-ənənələrin gənc nəslə aşılanması cəmiyyətin mənəvi bütövlüyünü möhkəmləndirən mühüm amillərdən biridir. Öz tarixini bilməyən insan milli kimliyinin mahiyyətini tam dərk etməkdə çətinlik çəkə bilər. Tarixi yaddaş cəmiyyətin birliyini təmin edən əsas mənəvi dayaqlardan biridir. Buna görə də məktəblərdə, ali təhsil müəssisələrində, ailədə və ictimai mühitdə Azərbaycanın dövlətçilik tarixinin obyektiv, ardıcıl və elmi əsaslarla təbliğ edilməsi mühüm vəzifədir.
Yeni Azərbaycan Partiyasının Qurultayından verilən mühüm mesaj
Burada daha bir önəmli nüans bütün bunların həm də ölkənin təhlükəsizliyinə, ideoloji durumunun qorunmasına xidmət etməsi ilə bağlıdır. Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxışı zamanı prezident İlham Əliyev bu fonda mühüm məqamlara toxunub: “İdeoloji işimiz, o cümlədən partiya fəalları tərəfindən elə aparılmalıdır ki, Azərbaycan reallıqları, ölkəmizdə gedən işlər, çox müsbət ab-hava daim ictimai müzakirədə olsun. Bu gün Azərbaycanda elə genişmiqyaslı quruculuq işləri aparılır ki, bilmirəm hansı ölkədə buna bənzər quruculuq işləri var. Mən təkcə Qarabağı, Şərqi Zəngəzuru nəzərdə tutmuram, halbuki orada da misli görünməmiş inkişaf var, hər bir bölgədə. Ona görə ideoloji işin düzgün qurulması, şablonlardan əl çəkmək, hansısa formal xarakter daşıyan tədbirlərdən əl çəkmək vaxtı gəlib çatıb. Yəni yeni, müasir ideoloji işlər aparılmalıdır. Bizim üstünlüyümüz ondan ibarətdir ki, bəzi ölkələrdən fərqli olaraq bizə əfsanə yaratmaq lazım deyil. Bəzi ölkələrdə bəzi rəhbərlər həm keçmişdə olan bəzi nailiyyətləri öz adlarına çıxarmaq istəyirlər, yaxud da ki, tarixi təhrif edərək öz rollarını şişirtmək istəyirlər, bizə bu lazım deyil. Bizə lazımdır ki, həqiqətlər hər bir vətəndaşa çatsın - bu gün çox şaxələnmiş informasiya mənbələri olan bir zamanda, o cümlədən Azərbaycan dilində. Buna da fikir vermək lazımdır. Nə üçün hansısa ölkədə Azərbaycan dilində bir resurs yaradılır? Yəni bizə kömək etmək üçün? Yox, bizə qarşı təxribat etmək üçün. Xalqımızı çaşdırmaq üçün. Gənclərin beyinlərini zəhərləmək üçün. Budur. Görürsünüz ki, haradasa Azərbaycan dilində resurs yaranıb, bilin ki, məqsəd odur. O faktları tapmaq üçün uzağa getmək lazım deyil, bizim böyrümüzdə Azərbaycan dilində gecə-gündüz bizə qarşı təxribatlar yağdırılır. Ya da ki, Qərb ölkələrində, orada da azərbaycandilli resurslar yaradılıb. Nə üçün? Yəni bax, bu birliyi sarsıtmaq üçün, Azərbaycanı özlərinə tabe etdirmək üçün, bizi müstəqillik yolumuzdan döndərmək üçün, sonra da bizi idarə etmək üçün. Bax, budur məqsəd. Ona görə bu, fiziki təhlükəsizlik qədər önəmli sahədir”.
İdeoloji işlər yalnız tarixi məlumatların çatdırılması ilə məhdudlaşmamalıdır. Burada əsas məqsədlərdən biri tarixi biliklərin vətəndaş məsuliyyəti ilə əlaqələndirilməsidir. İnsan öz dövlətinin keçdiyi tarixi yolu bildikdə müstəqilliyin, ərazi bütövlüyünün, dövlət rəmzlərinin, ana dilinin və milli mədəniyyətin əhəmiyyətini daha dərindən dərk edə bilər. Bu baxımdan təhsil müəssisələrində, hərbi hissələrdə, əmək kollektivlərində və ictimai təşkilatlarda keçirilən maarifləndirici tədbirlər mühüm rol oynayır. Milli adət-ənənələrin aşılanması da ideoloji və tərbiyəvi işlərin mühüm istiqamətidir. Azərbaycan xalqının qonaqpərvərlik, böyüyə hörmət, ailə dəyərlərinə bağlılıq, həmrəylik, qarşılıqlı yardım və mərhəmət kimi mənəvi keyfiyyətləri əsrlər boyu formalaşaraq nəsildən-nəslə ötürülüb. Novruz bayramı, xalq yaradıcılığı, milli musiqi, folklor, milli mətbəx, sənətkarlıq və digər mədəni irs nümunələri xalqın tarixi yaddaşının mühüm hissəsidir.
Prezident milli dəyərlərlə təhlükəsizlik arasındakı incə əlaqəni uğurla göstərdi
Barəsində bəhs olunan dəyərlərin cəmiyyətə çatdırılmasında ənənəvi üsullarla yanaşı, müasir kommunikasiya imkanlarından da istifadə edilməlidir. Tarixi və mədəni mövzular üzrə seminarların, dəyirmi masaların, sərgilərin, müsabiqələrin, sənədli filmlərin və maarifləndirici layihələrin təşkili gənclərin mövzuya marağını artıra bilər. Sosial media və rəqəmsal platformalar vasitəsilə milli tarix və mədəniyyət haqqında etibarlı, qısa və anlaşıqlı məlumatların yayılması da müasir ideoloji işin mühüm hissəsinə çevrilib. Təsadüfi deyil ki, YAP-ın VIII Qurultayında çıxışı zamanı prezident İlham Əliyev ideoloji təhlükəsizliyin fiziki təhlükəsizlik qədər əhəmiyyətli olduğunu vurğulayaraq, müasir informasiya, internet, kiberməkan və süni intellekt mühitində ideoloji təxribatlardan qorunmağın vacibliyini qeyd edib.
Prezident İlham Əliyevin VIII Qurultaydakı çıxışında vurğuladığı əsas məsələlərdən biri də təhsilin ideoloji təhlükəsizliyin təmin edilməsində roludur. Onun sözlərinə görə, əhali nə qədər təhsilli, bilikli və savadlı olarsa, yalanlara, şayiələrə və ideoloji təxribatlara bir o qədər az uyar. Bu fikir müasir dövrdə ideoloji işlərin mahiyyətinin yalnız təbliğatla məhdudlaşmadığını göstərir. İdeoloji iş həm də insanların düzgün məlumatı yanlış məlumatdan ayırmaq, hadisələrə tənqidi yanaşmaq və informasiya mənbələrini qiymətləndirmək bacarığının inkişaf etdirilməsini nəzərdə tutur. İdeoloji işlərin digər mühüm istiqaməti milli adət-ənənələrin və milli-mənəvi dəyərlərin qorunmasıdır. İlham Əliyev əvvəlki YAP qurultayındakı çıxışında da gənc nəslin milli ruhda və milli-mənəvi dəyərlər ruhunda tərbiyə edilməsini mühüm vəzifə kimi qeyd edib, ənənələrin, dəyərlərin və yaşayış tərzinin xalqın sərvəti olduğunu vurğulayıb. Eyni zamanda Azərbaycanda yaşayan müxtəlif xalqların və dini icmaların öz ənənələrinə hörmət edilməsini ölkənin mühüm sərvətlərindən biri kimi təqdim edib. Prezidentin VIII Qurultaydakı çıxışında təhlükəsizlik məsələsinə xüsusi yer ayırması mövzunun digər mühüm tərəfini – milli dəyərlərlə təhlükəsizlik arasındakı əlaqəni önə çıxarır. O qeyd edib ki, fiziki risklərdən fərqli olaraq ideoloji risklər sərhəd tanımır və xüsusilə internet, kiberhücumlar və süni intellektin geniş yayıldığı müasir dünyada bu risklərə qarşı cəmiyyətin hazırlıqlı olması vacibdir. Belə şəraitdə milli tarix və milli-mənəvi dəyərlər haqqında düzgün biliklər cəmiyyətin ideoloji dayanıqlığını gücləndirən amillərdən birinə çevrilir. Tarixini, mədəniyyətini və dövlətçilik ənənələrini yaxşı bilən insan müxtəlif informasiya təsirlərini daha düzgün qiymətləndirə bilər. Bu səbəbdən ideoloji işlərdə təhsil, tarix, mədəniyyət və vətənpərvərlik istiqamətləri bir-birindən ayrı deyil, qarşılıqlı əlaqədə həyata keçirilməlidir. Buna görə Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin və mədəni irsinin gənc nəslə düzgün və sistemli şəkildə aşılanması həm milli kimliyin qorunmasına, həm də informasiya və ideoloji təhdidlərə qarşı cəmiyyətin dayanıqlığının artırılmasına xidmət edir. Bu yanaşmanın əsasında təhsil, tarixi yaddaş, vətənpərvərlik, milli-mənəvi dəyərlər və informasiya savadlılığı dayanır. Beləliklə, ideoloji iş yalnız keçmişi təbliğ etmək deyil, dövlətçilik ənənələrini müasir dövrün çağırışları ilə əlaqələndirərək gələcək nəsillərin məsuliyyətli vətəndaş kimi formalaşmasına şərait yaratmaqdır.
Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikası Media və Yayım Şurasının maliyyə dəstəyi ilə çap olunur.