Azərbaycanla Türkmənistan arasında münasibətlərin ən perspektivli istiqamətlərindən biri enerji əməkdaşlığıdır. Xəzərin iki sahilində yerləşən bu iki ölkənin enerji potensialı, coğrafi mövqeyi və mövcud nəqliyyat infrastrukturu onların yalnız ikitərəfli deyil, həm də Avropanın enerji təhlükəsizliyi baxımından əhəmiyyətli tərəfdaşlara çevrilməsinə imkan verir. İki ölkə arasında digər istiqamətlərdə uğurlu əməkdaşlıq da buna zəmin yaradır.
Azərbaycan prezidenti İlham Əliyev Türkmənbaşı şəhərində Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə çıxış edərkən qeyd edib ki, Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik şəkildə inkişaf edir. Ötən ildən bəri ali səviyyədə artıq beş səfərin həyata keçirildiyini vurğulayan dövlət başçısı qeyd edib: “Bu, siyasi dialoqumuzun intensivliyini və ikitərəfli əlaqələrin daha da möhkəmləndirilməsinə olan qarşılıqlı istəyimizi əks etdirir”. İlham Əliyev Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun təşəbbüsü ilə Füzuli şəhərində məscidin inşasını xüsusi vurğulayıb: “Ötən il biz birlikdə onun təməlinin qoyulmasında iştirak etdik. Qardaş Türkmənistanın ölkəmizə bu hədiyyəsi xalqlarımızın dostluğunun və mənəvi yaxınlığının daha bir sübutudur”. Bütün bunlar eneji sahəsində də əməkdaşlıq üçün zəruri imkanlar yaradır. Xüsusilə Türkmənistan təbii qazının Azərbaycan üzərindən Avropa bazarlarına çıxarılması ideyası – Transxəzər qaz kəməri layihəsi – uzun illərdir müzakirə olunan və reallaşacağı təqdirdə regionun enerji xəritəsinə ciddi təsir göstərə biləcək layihələrdəndir.
Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev "Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında enerji sahəsində əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi haqqında fərman imzalayıb. Sənədə əsasən, 22 iyun 2026-cı ildə Bakıda imzalanmış saziş rəsmi olaraq təsdiqlənib. Sənəd qüvvəyə mindikdən sonra onun müddəalarının həyata keçirilməsini təmin etmək Azərbaycan Energetika Nazirliyinə həvalə edilib. İki ölkə arasında enerji sahəsində əməkdaşlıq hazırda dinamik şəkildə inkişaf edir. Xatırladaq ki, Azərbaycan və Türkmənistan arasında enerji əməkdaşlığının mühüm mərhələlərindən biri 2021-ci ildə Xəzər dənizindəki “Dostluq” yatağının karbohidrogen ehtiyatlarının birgə işlənməsi haqqında Anlaşma Memorandumunun imzalanması oldu. Bu sənəd iki ölkə arasında enerji sahəsində qarşılıqlı etimadın möhkəmlənməsinə və Xəzərin enerji resurslarından birgə istifadə imkanlarının genişlənməsinə yeni imkanlar yaratdı. Bu faktlar göstərir ki, enerji əməkdaşlığı artıq yalnız niyyət və siyasi bəyanatlar səviyyəsində deyil, konkret hüquqi mexanizmlərlə də möhkəmləndirilir. Qarşılıqlı əməkdaşlığın genişlənməsi üçün əsas məsələlərdən biri də Türkmənistanın zəngin təbii qaz ehtiyatlarının yeni marşrutlarla dünya bazarlarına çıxarılmasıdır. Transxəzər qaz kəmərinin əsas ideyası isə Türkmənistan qazının Xəzər dənizinin dibi ilə Azərbaycan ərazisinə çatdırılması, daha sonra isə mövcud Cənub Qaz Dəhlizi infrastrukturu vasitəsilə Türkiyə və Avropa bazarlarına nəql edilməsidir. Belə bir marşrutun reallaşması Azərbaycanın enerji və tranzit mərkəzi kimi rolunu daha da gücləndirə bilər. Əslində, Azərbaycan artıq bunun üçün mühüm infrastruktur bazasına malikdir. Cənub Qaz Dəhlizi çərçivəsində Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP kimi layihələr Xəzər qazının Avropa bazarlarına çatdırılması üçün işlək sistem yaradıb. Beynəlxalq Enerji Agentliyinin məlumatına görə, TANAP-ın ötürmə imkanlarının artırılması potensialı mövcuddur, TAP isə Avropaya qaz nəql edən əsas infrastrukturlardan biridir. Bu baxımdan Transxəzər layihəsinin üstünlüyü ondan ibarət ola bilər ki, yeni qazın Avropaya çatdırılması üçün tamamilə ayrıca və alternativ bir ixrac sisteminin qurulmasına ehtiyac azalır. Türkmənistan qazının Azərbaycan ərazisinə daxil olmasından sonra mövcud Cənub Qaz Dəhlizinin imkanlarından istifadə edilməsi nəzərdə tutula bilər. Başqa sözlə, Xəzərin şərq sahilindəki zəngin qaz ehtiyatları Avropanın enerji bazarlarına Cənubi Qafqaz və Türkiyə üzərindən bağlana bilər. Bu imkanın əhəmiyyəti Avropanın enerji mənbələrini və marşrutlarını şaxələndirmək siyasəti fonunda daha aydın görünür. 2026-cı ilin martında Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurasının toplantısında prezident İlham Əliyev Azərbaycanın etibarlı tranzit ölkəsi kimi rolunu xüsusi vurğulayıb. Avropa İttifaqının enerji üzrə komissarı Dan Jørgensen də həmin tədbirdə Cənub Qaz Dəhlizinin Avropanın enerji təchizatının dayanıqlığının artırılmasındakı rolunu qeyd edib.
Transxəzər kəmərinin mümkün əhəmiyyəti yalnız Azərbaycan və Avropa ilə məhdudlaşmır. Layihə Türkmənistan üçün də enerji ixracının coğrafiyasının genişləndirilməsi baxımından mühüm ola bilər. Türkmənistan dünyanın ən böyük təbii qaz ehtiyatlarına malik ölkələrindən biridir, lakin onun ixrac marşrutları nisbətən məhduddur. Hazırda Türkmənistan qazının əsas istiqamətlərindən biri Çindir. 2026-cı ildə Türkmənistanın qaz ixracının şaxələndirilməsini prioritet kimi nəzərdən keçirməsi barədə açıqlamalar da səslənib. Bu baxımdan Azərbaycan üzərindən Avropa istiqamətində yeni marşrut Türkmənistan üçün əlavə bazarlara çıxış imkanı yarada bilər. İxrac istiqamətlərinin çoxaldılması isə istənilən enerji istehsalçısı üçün iqtisadi və strateji baxımdan əhəmiyyətli üstünlükdür. Transxəzər kəmərinin reallaşması Azərbaycanın regional enerji qovşağı statusunu daha da möhkəmləndirə bilər. Azərbaycan artıq öz təbii qazını Cənub Qaz Dəhlizi vasitəsilə Avropa bazarlarına çatdırır. Buna əlavə olaraq Türkmənistan qazının tranzitinin həyata keçirilməsi Azərbaycanın tranzit, logistika və enerji xidmətləri sahəsində rolunu genişləndirir. Azərbaycanın üstünlüklərindən biri də Xəzərin qərb sahilində formalaşmış enerji infrastrukturu və beynəlxalq boru kəmərləri şəbəkəsidir. Prezident İlham Əliyev 2026-cı ilin martında Azərbaycanın şərq sahilindən, o cümlədən Türkmənistan və Qazaxıstandan enerji resurslarının qəbul edilməsi üçün mövcud imkanların olduğunu bildirib. Ən başlıcası, Transxəzər kəməri Azərbaycanı yalnız enerji istehsalçısı deyil, Mərkəzi Asiyanın enerji resurslarını Avropa bazarlarına bağlayan strateji tranzit platforması kimi daha da ön plana çıxara bilər. Bu baxımdan Azərbaycan–Türkmənistan enerji əməkdaşlığının inkişafı həm ikitərəfli münasibətlərin, həm Xəzər regionunun, həm də daha geniş Avrasiya enerji təhlükəsizliyinin gələcəyi baxımından mühüm perspektiv vəd edir.
Tahir TAĞIYEV