“Artıq Azərbaycan təkcə Avropa qitəsi üçün deyil, həmçinin Mərkəzi Asiya ölkələri üçün də olduqca mühüm tərəfdaş statusuna sahibdir. Əgər əvvələr ölkəmizlə Asiya ölkələri arasında əlaqələr sadəcə müəyyən əməkdaşlıqdan ibarət idisə, hazırda Azərbaycan bu ölkələrlə mühüm iqtisadi layihələr, infrastruktur planlar üzərində iş aparır. Qazaxıstan və Özbəkistanda son bir neçə ay ərzində Azərbaycanın reallaşdırdığı nəhəng layihələr dediklərimizi tamamilə təsdiq edir”.
Bu fikirləri "Bakı Xəbər"ə açıqlamasında araşdırmaçı jurnalist Mətləb Salahov bildirib. O qeyd edib ki, Azərbaycan Prezidentinin oktyabrın 8-də Türkmənistanın Türkmənbaşı şəhərində Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü zamanı səsləndirdiyi fikirlər, xüsusilə burada imzalanmış sənədlər gələcək tərəfdaşlıq üçün vacib əhəmiyyət daşıyır. SİTAT: ”Əvvələr Türkmənistanla əlaqələrimiz qarşılıqlı nəzakət və müəyyən məsələlər barədə görüşlər o yana keçmirdi. Son bir neçə il ərzində Azərbaycan Prezidentinin bu ölkə ilə böyük əməkdaşlığa hesablanmış tərəfdaşlıq siyasəti artıq Azərbaycanla Türkmənistanı vacib tərəfdaşlara çevirib. İndi rəsmi Aşqabadla Bakını mühüm regional tərəfdaşlıq əlaqələri, xüsusilə hər iki ölkənin maraqlarına cavab verən enerji siyasəti birləşdirir. Həmçinin Xəzər dənizi və Orta Dəhliz iki ölkənin tranzit potensialını birləşdirən əsas həlqəyə çevrilib. Tam əminliklə demək olar ki, hazırda Azərbaycan Mərkəzi Asiya bölgəsində əsaslı siyasi və iqtisadi təsir imkanlarına sahib dövlətdir. Bu, olduqca mühüm faktdır”.
Namiq Quliyev