Aİ ölkələrinin daimi nümayəndələri Rusiyaya qarşı yeni sanksiyalar paketini razılaşdırıblar. Məlumata görə, məhdudiyyətlər əsasən Rusiyanın hərbi-sənaye kompleksini hədəfləyir və 743 fiziki şəxsə, 826 təşkilata şamil olunacaq.
Bundan əlavə, Rusiyada keçirilən Dövlət Duması seçkiləri ilə bağlı 77 şəxsə, o cümlədən 74 deputat və 3 seçki komissiyası üzvünə sanksiya tətbiq ediləcək. Kimyəvi silahlarla bağlı isə 31 şəxs və 6 şirkət sanksiya siyahısına daxil ediləcək.
Yeni məhdudiyyətlərin 12 oktyabrda Aİ xarici işlər nazirlərinin toplantısında rəsmən təsdiqlənməsi gözlənilir. Ümumilikdə paket təxminən 1570–1650 Rusiya şirkətini və vətəndaşını əhatə edə bilər. Sanksiyalar əsasən hərbi sənayeyə, xüsusilə raket istehsalına yönəlib.
Bu tədbirlər Rusiyaya qarşı ayrıca 22-ci sanksiya paketi sayılmır, mövcud məhdudiyyətlərin genişləndirilməsi hesab olunur.
Aİ-nin Rusiyaya qarşı yeni sanksiyalarının əsasən hərbi-sənaye kompleksini və raket istehsalını hədəfə alması Moskvanın hərbi potensialına real təsir göstərəcəkmi, yoxsa Rusiya alternativ bazarlar və təchizat kanalları hesabına bu məhdudiyyətləri kompensasiya edə biləcək?
Azər Həsrət: "Rusiyanın çıxış yolu qalmayıb"
A.Həsrət hesab edir ki, Rusiyaya qarşı sanksiyaların təsiri yalnız birbaşa iqtisadi məhdudiyyətlərlə məhdudlaşmır. Onun fikrincə, Rusiyadan uzaqlaşan ölkələrin və şirkətlərin sayının artması Moskvanın alternativ bazarlara çıxış imkanlarını da zəiflədir. Bu isə, xüsusilə enerji ixracı baxımından Rusiya üçün ciddi problemlər yarada bilər.
Ekspertin sözlərinə görə, Avropanın Rusiya enerji resurslarından mərhələli şəkildə imtina etməsi Moskvanın gəlirlərinə uzunmüddətli təzyiq göstərəcək. "Məsələn, Almaniya artıq elan edib ki, 2027-ci ildən sonra Rusiya qazını ümumiyyətlə almayacaq. Bu gün Avropa bazarında Rusiya qazı, nefti və digər enerji daşıyıcılarının payı getdikcə azalır. Əgər Rusiya hazırda müəyyən həcmdə enerji daşıyıcısını aşağı qiymətlərlə də olsa sata bilirsə, qarşıdakı mərhələdə bu imkanları daha da məhdudlaşa bilər", – deyə o bildirib.
A.Həsrət hesab edir ki, enerji ixracından əldə olunan gəlirlərin azalması Rusiyanın iqtisadiyyatının digər sahələrinə də təsir göstərə bilər. Eyni zamanda, Ukraynanın Rusiya ərazisində enerji və yanacaq infrastrukturlarına zərbələrinin də vəziyyəti ağırlaşdırdığını deyən ekspert Rusiyanın ayrı-ayrı bölgələrində yanacaq çatışmazlığı və növbələrin yaranmasını bu prosesin nəticələrindən biri kimi qiymətləndirib.
Siyasi şərhçinin fikrincə, bütün bu proseslər Rusiyanın qarşısında müharibənin davam etdirilməsi ilə bağlı ciddi iqtisadi və siyasi risklər yaradır. O hesab edir ki, Moskva sanksiyaların daha da sərtləşməsinin və beynəlxalq təcridin dərinləşməsinin qarşısını almaq üçün Ukrayna müharibəsinin dayandırılması istiqamətində qərar verməlidir.
"Rusiyada əgər doğrudan da dövlət ağlı qalıbsa, o ağıl müharibəni dərhal dayandırmaq qərarı verməlidir, özü də qeyd-şərtsiz. Ukrayna bu variantı həmişə təkrarlayıb, qeyd-şərtsiz atəşkəsə hazır olduğunu deyir. Rusiya fürsətdən istifadə etməlidir və qeyd-şərtsiz atəşkəsə getməlidir ki, vəziyyətdən çıxa bilsin. Əks təqdirdə, bundan sonra daha ağır sanksiyalar gələcək", – deyə A.Həsrət bildirib.
Ekspertin qənaətinə görə, yeni sanksiyalar Rusiyanın həm iqtisadi imkanlarını, həm də beynəlxalq əlaqələrini daha da məhdudlaşdıraraq Moskvanın qarşısında seçimləri azaldır.
Dəniz NƏSİRLİ