Tarixən mürəkkəbliyi və bitməyən savaşlara ev sahibliyi etməsi ilə seçilən Yaxın Şərq coğrafiyasında cərəyan edən proseslər bu gün də mahiyyəti baxımından dünyanın xüsusi diqqət mərkəzindədir. Təəssüf ki, bu yerlərdə torpaq hələ də qanla suvarılır, coğrafiyada təmsil olunan, eləcə də kənardan ərazidəki proseslərə müdaxilə edən ölkələr arasında ziddiyyətlər davam edir. Daha bir maraqlı nüans odur ki, hansısa prosesə, ölkəyə, təşkilata münasibətdə fərqli olan maraqlar başqa bir hadisəyə, dövlətə, quruma yanaşmada üst-üstə düşür. Az qala biri-birilə düşmən olan ölkələr belə hallarda əlaqələrini koordinasiya edərək, tərəfdaşa da çevrilə bilirlər. Elə bu da Yaxın Şərqdə cərəyan edən proseslərin mürəkkəblik düyününün açılmasına imkan verməyən başlıca amillərdən biridir. Qeyd edilənlərin konkret nümunələrini Yaxın Şərqdə Türkiyə, İsrail, İran, ABŞ və ərəb ölkələrinin üst-üstə düşən maraqları və ziddiyyətləri kontekstində bir daha görmək mümkündür.
Bu gün də Yaxın Şərq müxtəlif dövlətlərin, siyasi qüvvələrin və beynəlxalq aktorların maraqlarının kəsişdiyi, yaxud da bəzi hallarda üst-üstə düşdüyü mürəkkəb region statusunu qoruyur. Zəngin enerji resursları, mühüm nəqliyyat və ticarət yolları üzərində yerləşməsi, xüsusən də Aralıq dənizi, Qırmızı dəniz və Fars körfəzi kimi strateji məkanlarla əlaqəli olması Yaxın Şərqdə həm əməkdaşlıq imkanları yaradır, həm də ciddi ziddiyyətlərin meydana çıxmasına səbəb olur. Xüsusən də ABŞ və İran arasında başlanan savaş bu deyilənlərin yenə çoxsaylı nümunələrini üzə çıxarıb. Türkiyə, İsrail, İran, ABŞ, Çin, Rusiya, Avropa və ərəb dövlətləri qismində bəzi proseslərdə kəskin ziddiyyət, digərində isə əməkdaşlıq halları müşahidə olunur. Yəni ölkələr arasında qütbləşmə konkret prosesdən asılı olaraq dəyişir, düşmənçilik həddinə çatan münasibətlər çox asanlıqla yerini əməkdaşlığa verir. Məsələn, son günlərdə daha çox diqqət mərkəzində yer alan husilər hərəkatına qarşı İsrail, Türkiyə, ABŞ, Səudiyyə Ərəbistanı, Avropa ölkələri eyni mövqedən çıxış edirlər. Halbuki, husilərin arxasında dayanan əsas qüvvə olan İrana münasibətdə bu ölkələr arasında kəskin mövqe fərqləri, dərin ziddiyyətlər var. ABŞ və İsrailin İran siyasəti, burada idarəçilikdə dəyişikliklər niyyəti Türkiyə, Avropa ölkələri, bir sıra ərəb dövlətləri tərəfindən rədd edilir. Yaxud da husilərə qarşı mövqeləri üst-üstə düşən Türkiyə və İsrailin Suriyada münasibətləri az qala müharibə həddinə çatıb. ABŞ-ın Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin Yaxın Şərq üzrə eksperti
Vəli Rza Nəsr qeyd edir: “Yaxın Şərq köhnə təhlükəsizlik düzənindən yeni, hələ tam formalaşmamış düzənə keçid mərhələsindədir. Burada ilk növbədə İran–İsrail rəqabəti davam edəcək. Xüsusən də İran Livan və Yəmən kimi məkanlardakı təsir imkanlarını yenidən qurmağa çalışacaq. Eyni zamanda ABŞ-nin və Rusiyanın regionun gələcəyinə təsiri əvvəlki ilə müqayisədə zəifləyə bilər. Çin, Türkiyə kimi oyunçular da ön plana çıxmağa çalışırlar. Yaxın Şərq çətinlik çəkən və çiçəklənən iqtisadiyyatların məkanıdır. Bu da regionu kənar təsirlərə qarşı həssas edən məqamlardan biridir”. Yaxın Şərqdə maraqların üst-üstə düşməsi və ya toqquşması, bunun ölkələrin mövqeyinə təsiri İran ətrafında davam edən savaş kontekstində özünü qabarıq büruzə verir. Məsələn, Körfəz ölkələri ABŞ ilə təhlükəsizlik əməkdaşlığını qoruyarkən eyni zamanda İranla kommunikasiya kanallarını açıq saxlamağa çalışır. Türkiyə NATO üzvü olaraq Vaşinqtonla əlaqələrini davam etdirir, lakin ABŞ-ın mövcud İran siyasətinə qarşı çıxır. İsrail üçün İranın nüvə proqramı, raket imkanları və regiondakı silahlı müttəfiqləri əsas təhlükəsizlik məsələləridir. Maraqlıdır ki, bu fonda İsraillə rəsmi münasibətləri olmayan Səudiyyə Ərəbistanı İran məsələsində, Yəməndəki husilərə qarşı mübarizə kimi regional məsələlərdə Təl-Əvivlə pərdəarxası təmaslar saxlayır. Eləcə də Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Qətər və digər Körfəz ölkələri İranın hərbi gücündən narahat olsalar da, İsrail–Fələstin münaqişəsinin davam etməsini də regional sabitlik üçün ciddi problem hesab edirlər. Qəzza məsələsi bu ölkələr arasında ziddiyyəti xüsusilə kəskinləşdirir. Brukinqs İnstitutunun Yaxın Şərq Mərkəzinin əməkdaşı Heydi Əmir qeyd edir: “İsrail-Fələstin problemi regional ziddiyyətlərin əsas mənbələrindən biri olaraq qalır. Xüsusən də İran ətrafında müharibə regional siyasəti elə bir şəkildə yenidən formalaşdırıb ki, bu da İsrail-Fələstin münaqişəsi zonasında vəziyyətin yaxşılaşdırılmasına yönəlmiş diplomatik səyləri çətinləşdirir. Körfəz ölkələri arasında artan fikir ayrılıqları, İsrailin siyasətinə Qərb dünyasında münasibətin bitmənalı olmaması prosesləri, həll yollarını daha da mürəkkəbləşdirir. Üstəlik, Türkiyə faktoru da var”.
Daha bir maraqlı məsələ Suriya ilə bağlıdır. Nə qədər qəribə görünsə də, burada əzəli düşmən olan İsrail və İranın mövqeləri üst-üstə düşür. İsrail Bəşər Əsədin devrilməsindən sonra hakimiyyətə gələn Əhməd əş-Şaraa hakimiyyətinin Türkiyəmeylli siyasət yürütməsini qəbul etmir və Suriya ərazisində özünə təhlükəsizlik zonası yaradır, buradakı druzlara hərbi-siyasi dəstək verir. Bu da Suriya ilə israil arasında ziddiyyətləri kəskinləşdirir. İran Əsəd hakmiyyəti dönəmində Suriyadan Livandakı “Hizbullah” qruplaşmasına silah və digər resursların ötürülməsi üçün mühüm tranzit xətti kimi istifadə edirdi. Yeni Suriya hakimiyyəti isə bu marşrutların bərpasında maraqlı deyil və heç buna imkan da vermir. Həm bu səbəbdən, həm də Əhməd əş-Şaraanın Türkiyəyönümlü siyasəti üzündən Tehranın Dəməşqlə ziddiyyətləri dərinləşir. Yəni həm İranın, həm də İsrailin indiki Suriya hakimiyyətinə yanaşmasında fərq yoxdur. Karneqi Fondundan Heder Xaddur bildirir: “Yeni Dəməşq hakimiyyəti İranla əvvəlki münasibət modelinə qayıtmaq istəmir. Suriya əsasən sərhədlərini sabitləşdirməyə və ölkənin regional münaqişələrə cəlb olunmasının qarşısını almağa çalışır. İranla qarşıdurmanın Suriyaya keçməsi hələ qaçılmaz deyil, lakin regional eskalasiya riski qalır. İran əvvəl Suriyadan Livandakı “Hizbullah”a silah və digər resursların ötürülməsi üçün mühüm tranzit xətti kimi istifadə edirdi. Yeni Dəməşq hakimiyyəti isə bu marşrutların bərpasında maraqlı deyil. İranın dəstəklədiyi silahlı qruplara da Avropa, Türkiyə, İsrail, ABŞ və ərəb ölkələrinin münasibəti eyni deyil. “Hizbullah”, husilər, İraq milisləri, HƏMAS və “İslami Cihad” İranla müxtəlif səviyyələrdə əlaqələrə malikdirlər. ABŞ və İsrail birbaşa bu qüvvələrə qarşıdır. Amma, məsələn, Türkiyə fərqli və daha mürəkkəb mövqe tutur. Ankara İranın regiondakı təsirinin həddindən artıq genişlənməsində maraqlı deyil. Lakin Türkiyə İranın bütün müttəfiqlərini avtomatik olaraq düşmən qüvvə kimi qəbul etmir. Məsələn, Ankara üçün “Hizbullah”ın Livandakı siyasi-hərbi rolu, husilərin Yəməndəki fəaliyyəti və İraq şiə milislərinin mövqeyi eyni kateqoriyada deyil. Ankara eyni zamanda İranla diplomatik kanalı saxlamağa çalışır. Buna görə Türkiyənin siyasəti İranın proksilərini tamamilə məhv etmək deyil, Tehranın regional təsirini idarə etmək və öz maraqlarını qorumaq kimi xarakterizə oluna bilər.
Tahir TAĞIYEV