Ermənistan parlamentində hökumət saatı zamanı TRIPP layihəsi və Azərbaycan ərazisindən erməni yüklərinin maneəsiz hərəkətinin təmin edilməsi ilə bağlı erməni deputat Artur Xaçatryanla baş nazir Nikol Paşinyan arasında maraqlı mübahisə yaşanıb. “Hayastan” fraksiyasının deputatı Artur Xaçatryan konkret olaraq Azərbaycanın, yəni Naxçıvan ərazisi nəzərdə tutulmaqla, erməni yüklərinin Azərbaycan ərazisindən maneəsiz hərəkətinin təmin edilməsi üçün hansı addımları atdığını soruşub. Paşinyan bildirib: “Azərbaycan tərəfi, Ermənistan ərazisindən Azərbaycan yüklərinin maneəsiz hərəkətinin təmin edilməsi üçün nə qədər səy göstərilibsə, o qədər səy göstərib. Yəni heç bir. Kommunikasiyalar yoxdur, yol yoxdur, dəmir yolu yoxdur və sair”.
Bunlar fonunda Ermənistanın “168.am” nəşri yazır ki, son günlərdə Ermənistanda TRIPP layihəsi ilə bağlı müzakirələrin aktivliyi təsadüfi deyil və daha çox xarici faktorlardan qaynaqlanır. Xarici faktorlar qismində isə Rusiya və İran çıxış edir: “Ermənistanın Qərb vektoru və Avropaya inteqrasiya ambisiyaları regional İran maraqları və qırmızı xətləri ilə qaçılmaz və kəskin şəkildə ziddiyyətə girir. Ermənistan xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyanın İran İslam Respublikasına rəsmi səfəri regional vəziyyətin mürəkkəb və yüksək gərgin olduğu bir dövrə təsadüf edib. Mirzoyan İran prezidenti Məsud Pezeşkian, İslam Şurasının sədri Məhəmməd Baqer Qalibaf və xarici işlər naziri Seyid Abbas Əraqçi ilə görüşüb. Danışıqlarda ikitərəfli iqtisadi, nəqliyyat və enerji əməkdaşlığının dərinləşdirilməsi, regional təhlükəsizlik problemləri və kommunikasiya yollarının açılması məsələləri əsas yer tutub. Bütün yüksək səviyyəli görüşlərdə iranlı rəsmilərin ritorikasının əsas xətti ABŞ-ın hərəkətlərinin, təhdidlərinin və strateji ambisiyalarının tənqidi idi. İran rəhbərliyi Vaşinqtonun həyata keçirdiyi siyasətə, nüvə fəaliyyəti ətrafında yaranmış təzyiqlərə və ölkəyə qarşı həyata keçirilən hücumlara ətraflı şəkildə toxunub”. Nəşr bildirir ki, İran tərəfi ABŞ ilə danışıqların artıq bir məna daşımadığını, çünki danışıqların ardınca müharibə və sanksiyaların gəldiyini vurğulayıb: “Tehranın bu mövqeyi təsadüfi deyil və İran qonşuları vasitəsilə xarici qüvvələrin regiona, o cümlədən Cənubi Qafqaza nüfuz etməsi ilə bağlı öz qırmızı xətlərini açıq şəkildə müəyyənləşdirməyə çalışır. İran tərəfinin ABŞ amilinə belə diqqət yetirməsi Ermənistanın həyata keçirdiyi xarici siyasətlə, xüsusilə Avropa İttifaqına inteqrasiya meylləri və Ermənistan ərazisində formalaşan “Tramp yolu”, yaxud TRIPP layihəsi ilə birbaşa bağlıdır. Tehran Ermənistanın Qərb istiqamətində yaxınlaşmasını böyük həssaslıqla izləyir. Bunun səbəblərindən biri Vaşinqtonun Cənubi Qafqaza Rusiya və İranın təsirini zəiflətmək üçün istifadə olunan məkan kimi yanaşmasıdır. Buna görə də İran rəsmilərinin bəyanatlarında ABŞ-a xüsusi diqqət yetirilməsi Tehranın özünün bilavasitə qonşuluğunda təhlükəsizlik risklərini diqqətlə izlədiyinə işarədir”. Nəşrin yazdığına görə, Mirzoyan Ermənistanın öz ərazisindən İrana qarşı hər hansı fəaliyyətin həyata keçirilməsi üçün istifadə edilməsinə imkan verməyəcəyini bildirib: “Bu ifadə Ermənistanda mümkün Amerika və ya Qərb infrastrukturunun, eləcə də Qərbin mövcudluğunun gücləndirilməsi ilə bağlı Tehranın narahatlıqlarını aradan qaldırmağa yönəlib. İran təhlükəsizlik təminatları tələb edir və sərhədlərin dəyişdirilməsi və ya xarici nəzarət altında olan dəhlizlər məntiqini istisna edir. Çünki belə layihələr Ermənistanı İrandan ayıra və ya İrana qarşı platsdarm kimi istifadə oluna bilər. Yaranmış geosiyasi düyünü təhlil etdikdə aydın olur ki, Ermənistanın Qərbə yönəlməsi və iqtisadiyyatını şaxələndirmək istəyi İranın sərt regional maraqları ilə toqquşur. Ermənistan hakimiyyəti beynəlxalq layihələrə və Qərb tərəfdaşlığına ümid etdiyi halda, Tehran Ermənistan və Azərbaycan arasında kommunikasiyaların açılmasının və nəqliyyat yollarının bərpasının İranın ərazi bütövlüyünə və geosiyasi sabitliyinə təhlükə yaratmamalı olduğunu açıq şəkildə bildirir. “Tramp yolu” layihəsi ətrafında gedən geosiyasi danışıqlar Ermənistan üçün ciddi sınağa çevrilib. Beləliklə, Mirzoyanın Tehrana səfəri Ermənistanın Qərb layihələri ilə regionun qaçılmaz reallıqları arasında daim balans yaratmağa məcbur olduğunu bir daha göstərir. İranla münasibətlərin dərinləşdirilməsi və qonşularla diplomatiya Ermənistan üçün böyük dövlətlər arasındakı qarşıdurmaların mənfi nəticələrindən uzaq qalmaq baxımından həyati əhəmiyyət daşıyır. Ermənistanın Qərb vektoru və Avropaya inteqrasiya ambisiyaları regional İran maraqları və qırmızı xətləri ilə qaçılmaz və kəskin şəkildə ziddiyyətə girir. Ermənistan hakimiyyəti Qərblə yaxınlaşmaq yolu ilə təhlükəsizliyini və iqtisadiyyatını şaxələndirməyə çalışdığı halda, Tehran Ermənistan və Azərbaycan arasında kommunikasiyaların açılmasının və xarici qüvvələrin himayəsi altında irəli sürülən nəqliyyat layihələrinin İranın təhlükəsizliyinə təhdid yaratdığını açıq şəkildə bildirir. Ermənistan elə bir vəziyyətə düşüb ki, Qərb istiqaməti ilə regional sərt reallıqlar arasında müstəsna gərginlik yaranıb və Ermənistan daim bu problemlərin, ziddiyyət təşkil edən maraqların toqquşmasının və davamlı təhlükələrin içindən keçməyə məcbur olur. Görəsən, bu dəfə Mirzoyanın şifahi təminatları İran tərəfi üçün kifayət edəcəkmi? Bunu zaman göstərəcək”. Politoloq və enerji təhlükəsizliyi üzrə ekspert Vahe Davtyan isə bildirir ki, regionda və ondan kənarda, xüsusən də Vaşinqton və Brüssel arasındakı münasibətlərdə baş verən hadisələr TRIPP və Avropa inteqrasiyasının bir-biri ilə uyğun olmayan layihələr olduğunu göstərir: “ABŞ-ın qlobal gündəliyi liberal hegemon kimi əvvəlki statusundan imtina etmək və Cənubi Qafqaz da daxil olmaqla dünyanın müxtəlif guşələrində sərt iqtisadi proteksionizmi qəbul etməkdir. Bu arada, Aİ onilliklərdir ki, Avropa-Qafqaz-Asiya nəqliyyat və logistika proqramını həyata keçirir və onun məqsədi, Çin də daxil olmaqla, Qafqaz vasitəsilə dinamik şəkildə böyüyən Asiya bazarlarına çıxışı təmin etməkdir. ABŞ prezidenti özünün TRIPP proqramı ilə Aİ tərəfindən formalaşdırılan "Avropa-Qafqaz-Asiya" meqalogistika sisteminə müdaxilə etməklə avropalıların planlarını faktiki olaraq çaşdırır. Bir tərəfdən bu, artıq müvafiq reaksiya verən İrana qarşı yönəldilə bilər. Digər tərəfdən bu, Rusiyaya qarşı yönəlib, çünki Rusiyanın regional nəqliyyat infrastrukturuna təsirini azaldır və ilk növbədə Şimal-Cənub meqalayihəsini sarsıdır. Nəhayət, bu, ABŞ tərəfindən Cənubi Qafqaz üzərində nəzarət səviyyəsini müəyyən edir ki, bu da, mənim dərin inamımla, Aİ-nin Asiya bazarları ilə dialoq aparmaqda müstəqilliyini əhəmiyyətli dərəcədə məhdudlaşdırır. O səbəbdən Ermənistan indi hərtərəfli sərt təzyiq altındadır”.
Samirə SƏFƏROVA