Oktyabrın 8-də Cəbrayıl rayonunun işğaldan azad edilmiş Dağmaşanlı kəndi ərazisində sakin minalardan təmizlənməmiş ərazidə piyada əleyhinə minaya düşüb. Bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətləri birgə məlumat yayıb.
Bildirilib ki, 2000-ci il təvəllüdlü Cəbrayıl rayon sakini Orxan Əşrəf oğlu Qəhrəmanov minalardan təmizlənməmiş ərazidə mal-qara otararkən piyada əleyhinə minaya düşüb.
Hadisə nəticəsində o, müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Faktla bağlı Cəbrayıl Rayon Prokurorluğunda araşdırma aparılır.
Qurumlar vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinə diqqətlə yanaşmağa, şübhəli əşyalara toxunmamağa, bələd olmadıqları ərazilərə daxil olmamağa və çəpərlənmə işləri aparılan ərazilərə müdaxilə etməməyə çağırıb.
ZÜMRÜD