20/09/2019 23:05
728 x 90

Muzeylərin Turizm Agentliyinə verilməsi ilə nə dəyişəcək...

“İlk növbədə məqsədimiz tarixi-mədəni irsi qorumaq, eyni zamanda, dövlət xərclərini optimallaşdırmaq...”

img

Azərbaycanda fəaliyyət göstərən muzey, mədəniyyət evləri və rəsm qalereyalarının tam yeni qaydada xidmət göstərməsi məsələsi aktuallaşıb. Nəzərə alsaq ki, sözügedən mədəniyyət ocaqlarının əksəriyyətində xidmət səviyyəsi çox aşağıdır, ona görə də onların tamamilə müasir standartlar əsasında fəaliyyətlərini davam etdirməsi vacibdir.

Məlum olduğu kimi, bzi muzeylər Mədəniyyət Nazirliyinin tabeliyindən çıxarılaraq Turizm Agentliyinə verilib. Belə ki, Nazirlər Kabineti “Mədəniyyət Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”na dəyişiklik edib. Baş nazir Novruz Məmmədovun imzaladığı qərara əsasən, Lahıc Tarix-Diyarşünaslıq Muzeyi, Şəki Tarix-Diyarşünaslıq Muzeyi, Şəki Xalq Tətbiqi Sənəti Muzeyi, Şəki Dövlət Rəsm Qalereyası, Basqal qəsəbə Mədəniyyət Evi, Xınalıq kənd Mədəniyyət Evi Dövlət Turizm Agentliyinin strukturuna daxil edilib.

Qeyd edək ki, adları qeyd edilən mədəniyyət ocaqları buna qədər Mədəniyyət Nazirliyinin balansında olub.

Muzey və digər mədəniyyət ocaqlarının Turizm Agentliyinin balansına verilməsi nə ilə bağlıdır? Bu yenilik nələrin dəyişməsinə səbəb olacaq?

  • Kənan Quluzadə: “Həmin obyektlərdə ümumən yenidənqurma aparılacaq və burada turistlər üçün yeni turizm məhsulları yaradılacaq”

Dövlət Turizm Agentliyinin mətbuat xidmətinin rəhbəri Kənan Quluzadə “Bakı-Xəbər”ə bildirdi ki, agentliyin tabeliyinə verilən qurumlar agentliyin tabeliyində olan qoruqlarda fəaliyyət göstərən mədəniyyət ocaqlarıdır. “Həmin o muzeylər, mədəniyyət evləri, rəsm qalereyası Dövlət Turizm Agentliyinin tabeliyində olan qoruqların ərazisində yerləşir. Bizim qoruqlarla bağlı yeni konsepsiyamız var və konsepsiyaya əsasən, qoruqlarda yenidənqurma işləri aparırıq, bununla da qoruqları turistlər üçün daha cəlbedici edirik. Bu konsepsiyanın tam olaraq bütün qoruqların ərazisində olan qurumları - muzeyləri, mədəniyyət evlərini və s. əhatə etməsi üçün onlar Turizm Agentliyinin tabeliyinə keçib. İlk növbədə məqsədimiz tarixi-mədəni irsi qorumaq, eyni zamanda da dövlət xərclərini optimallaşdırmaq, dövlət tərəfindən verilən maliyyənin həcmini azaltmaq, həmin obyektlərdə yeni konsepsiyaya uyğun yenidənqurma işləri aparmaq və onları turistlər üçün daha da cəlbedici etməkdir. Məqsəd, həmçinin, həmin obyektlərin özünümaliyyələşdirmə sisteminə keçirilməsidir. Məsələn, həmin obyektlərdə ümumən yenidənqurma aparılacaq və burada turistlər üçün yeni turizm məhsulları yaradılacaq. Dövlət Turizm Agentliyinin tabeliyinə verilən muzeylərdə sərgilər, turistlər üçün ödənişli təlimlər və s. keçiriləcək. Məsələn, Xınalıqda həmin mədəniyyət obyektində turistlər yerli əhali ilə bərabər xalça toxuyacaq, yaxud Şəkidə, Basqalda kəlağayının hazırlanmasında iştirak edəcəklər”.

K.Quluzadənin sözlərinə görə, bu muzey və digər obyektlərdə turistlər üçün yeni ödənişli xidmətlər göstəriləcək. Bundan əldə edilən gəlir hesabına isə həmin obyektlərin ilk vaxtlarda özlərini müəyyən dərəcədə maliyyələşdirəcəyini deyən K.Quluzadənin bildirdiyinə görə, bu da dövlət büdcəsinə düşən yükün azaldılmasına xidmət edəcək. “Bu, eyni zamanda, həm tarixi-mədəni irsimizin qorunmasını, həm mədəniyyətimizin təbliğini, həm də yerli əhalinin iqtisadi aktivliyini təmin edəcək” - deyə K.Quluzadə qeyd etdi.

İradə SARIYEVA

Son xəbərlər