Polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Gəncə şəhəri ərazisində ictimai nəqliyyatda cibgirliklə məşğul olan şəxslər yaxalanıb.
Belə ki, Nizami (Gəncə) Rayon Polis İdarəsinə müraciət edən Gülüstan qəsəbə sakini G.Nəcəfli iyunun 11-də qəsəbə ərazisində marşrut avtobusunda çantasından içərisində 303 ABŞ dolları və 10 manatı, habelə sənədləri olan pulqabısının oğurlandığını bildirib.
Dərhal başlanan əməliyyat-axtarış tədbirləri nəticəsində ictimai nəqliyyatda oğurluq etməkdə şübhəli bilinən 3 nəfər polis əməkdaşları tərəfindən müəyyən edilərək “isti izlər”lə saxlanıb. Araşdırmalarla onların Gəncə şəhər sakinləri, əvvəllər narkotik, oğurluq, soyğunçuluq və quldurluq cinayətləri törətdiklərinə görə məhkum olunmuşlar - Namiq Cəlalov, Şahin İbrahimov və İlham Hüseynov olduqları müəyyən edilib.
Saxlanan şəxslər götürülmüş maddi sübutla birgə istintaqa təhvil verilib.
Natiq CAVADOV DİN Mətbuat Xidmətinin əməkdaşı