Zaqatala Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdiyi tədbirlər nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Aşağı Tala kənd sakini, əvvəllər məhkum olunmuş Nail Hüseynov saxlanıb. Şəxsi axtarış zamanı ondan 1,9 qram, yaşadığı evdən isə 115 qram marixuana aşkar edilib.
Polis əməkdaşları onun narkotiki əldə etdiyi mənbəni də müəyyən edib. Narkotik vasitəni ona satmaqda şübhəli bilinən şəxsin saxlanması zamanı o, idarə etdiyi “VAZ-2106” markalı avtomobili polis əməkdaşının idarə etdiyi avtomobilə vurub. Bütün cəhdlərinə baxmayaraq, polis əməkdaşlarının çevikliyi sayəsində həmin şəxs saxlanııb.
Araşdırmalarla onun Mahamalar kənd sakini Fərrux Xəlilov olduğu müəyyən edilib. Axtarış zamanı ondan çəkisi 1 kiloqrama yaxın narkotik vasitə - üzərindən 10 qram, avtomobilindən 557 qram, evindən isə 345 qram marixuana aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Natiq CAVADOV DİN Mətbuat Xidmətinin əməkdaşı