DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə Yasamal rayonu ərazisində avtomobildən oğurluq edilməsi barədə müraciət daxil olub.
Məlumatla əlaqədar hadisə yerinə gələn Yasamal RPİ 29-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Məlum olub ki, A.M.Şərifzadə küçəsində Bakı şəhər sakini Saleh Bağırova məxsus “KİA” markalı avtomobildən şüşəni sındırmaq yolu ilə içərisində şəxsiyyət vəsiqəsi və avtomobilin sənədləri olan çanta oğurlanıb.
Dərhal əməliyyat-axtarış tədbirlərinə başlayan polis əməkdaşları oğurluğu törətməkdə şübhəli bilinən şəxsi qısa zamanda müəyyən edərək saxlayıb. Araşdırmalarla onun Ağcabədi rayon sakini, əvvəllər məhkum olunmuş Vüqar Babayev olduğu məlum olub. Şəxsi axtarış zamanı ondan narkotik vasitə olan heroin də aşkar edilərək götürülüb.
Daha bir analoji hadisə həmin gün paytaxtın Nəsimi rayonunda baş verib. DİN-in “102-Zəng Mərkəzi” Xidmətinə Nəsimi rayonu ərazisində avtomobildən oğurluq edilməsi barədə müraciət daxil olub. Dərhal hadisə yerinə gələn Nəsimi RPİ 19-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla mayın 26-dan 29-dək olan müddətdə A.Məhərrəmov küçəsində Ramiz Ramazanova məxsus “Volkswagen” markalı avtomobildən şüşəni sındırmaq yolu ilə mobil telefon, içərisində geyim və ərzaq məhsulları olan 2 ədəd çantanın oğurlandığı müəyyən edilib.
Əməliyyat-axtarış tədbirlərinə başlayan polis əməkdaşları oğurluğu törətməkdə şübhəli bilinən 2 nəfəri qısa müddətdə müəyyən edərək saxlayıb. Araşdırmalarla onların Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Kənan Muxtarov və Abşeron rayon sakini Məhərrəm Süleymanov olduqları məlum olub.
Faktlarla bağlı cinayət işləri başlanıb.
Natiq CAVADOV DİN Mətbuat Xidmətinin əməkdaşı