Polis əməkdaşlarının narkotiklərlə mübarizə istiqamətində mayın 22-də keçirdiyi tədbirlər nəticəsində külli miqdarda narkovasitə, həmçinin xeyli sayda kultivasiya yolu ilə yetişdirilmiş narkotik tərkibli bitkilər aşkar edilərək götürülüb.
Belə ki, Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində saxlanan şəhər sakini, əvvəllər məhkum olunmuş Ağababa Abbasovdan 430 qram marixuana aşkar edilib.
Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlananılan Nərimankənd kənd sakini Qədir Babayevdən narkotik vasitə olan marixuana götürülüb. Polis əməkdaşları onun narkotiki əldə etdiyi mənbəni də müəyyən edib və görülmüş tədbirlərlə narkovasitəni ona satmaqda şübhəli bilinən həmkəndlisi S.Əhmədov da saxlanaraq, ondan da marixuana götürülüb.
Davam etdirilən tədbirlərlə S.Əhmədovun narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olduğu da məlum olub. Əməliyyat-axtarış tədbirləri ilə onun Həşimxanlı kəndi ərazisində aqrotexniki qaydada becərdiyi 41 ədəd çətənə kolu və çəkisi 485 qram olan marixuana da aşkar edilərək götürülüb.
Xaçmaz Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində isə Ağtala kənd sakini Əlövsət Cəbiyevə məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 109 ədəd çətənə kolu aşkar edilərək götürülüb.
Götürülmüş maddi sübutlar ekspertizaya təqdim olunub.
Faktlarla bağlı cinayət işləri başlanıb.
Natiq CAVADOV DİN Mətbuat Xidmətinin əməkdaşı