Mayın 14-də Bakı şəhər sakini olan 4 nəfər Binəqədi RPİ-nin 7-ci Polis Bölməsinə müraciət edərək 2017-ci ilin avqust-oktyabr aylarında Elmir adlı şəxs tərəfindən aldadılaraq ümumilikdə 17.000 manat pullarının alındığını bildirib.
Dərhal polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində dələduzluğu törətməkdə şübhəli bilinən paytaxt sakini Elmir Dadaşov müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanıb. Araşdırmalarla onun həmin şəxsləri müxtəlif nazirliklərdə işə düzəltmək adı ilə aldadaraq dələduzluq yolu ilə pullarını aldığı müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanıb.
Polis əməkdaşları dələduzluqda şübhəli bilinən bu şəxsin digər analoji cinayətdə iştirakını da istisna etmir. Onun qanunsuz əməllərindən zərər çəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin “102 - Zəng Mərkəzi” Xidmətinə və ya Binəqədi RPİ-yə müraciət edə bilər.
Natiq CAVADOV
DİN Mətbuat Xidmətinin əməkdaşı