Ötən gün polis orqanları tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində bir sıra oğurluqlar törətməkdə şübhəli bilinən şəxslər saxlanaraq istintaqa cəlb edilib.
Belə ki, mayın10-da Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində 3 mağazadan pul, gümüş və məişət əşyaları oğurlamaqda şübhəli bilinən 4 nəfərdən ibarət qrup üzvləri saxlanıb. Araşdırmalarla onların Yevlax rayon sakinləri Bəxtiyar Zamanov, Aidə Hüseynova və 2 nəfər yeniyetmə olduqları məlum olub.
B.Zamanovun və bir yeniyetmənin aprelin 30-da paytaxtın Nizami rayonu ərazisindəki mağazaların birindən 12 ədəd mobil telefon və noutbuk oğurladıqları da müəyyən edilib. Polis əməkdaşları tərəfindən 3 mobil telefon maddi sübut kimi onlardan götürülüb.
Keçirlmiş növbəti əməliyyat tədbirləri ilə 3 avtomobildən pul və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Şərur rayon sakini, əvvəllər məhkum olunmuş İsmayıl Məmmədov saxlanıb.
Faktlarla bağlı araşdırmalar aparılır.
Natiq CAVADOV DİN Mətbuat Xidmətinin əməkdaşı