Respublikanın daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində mayın 7-də keçirilən tədbirlər nəticəsində polis əməkdaşları tərəfindən 3 kiloqramadək narkotik vasitə aşkar edilərək götürülüb.
Belə ki, Səbail Rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) və 228-ci (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə axtarışda olan Saleh Həsənov saxlanıb. Şəxsi axtarış zamanı ondan narkotik vasitə olan marixuana, tiryək və metamfetamin aşkar edilib.
Nəqliyyatda Baş Polis İdarəsi və Xətai RPİ 37-ci Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdiyi əməliyyat tədbirləri nəticəsində saxlanan Lənkəran şəhər sakini Ramil Əsədovdan isə 8 qramdan çox heroin, 102 qramdan artıq tiryək, həmçinin metamfetamin və 16 ədəd metadon həbləri aşkar edilərək götürülüb.
Bərdə Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikyi əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan şəhər sakini Fuad Sadıqovdan şəxsi axtarış zamanı 9 qramdan artıq marixuana, “Lada” markalı avtomobilindən isə çəkisi 2 kiloqram 730 qram marixuana aşkar edilərək götürülüb.
Saxlanan şəxslər götürülmüş maddi sübutlarla birgə istintaqa təhvil verilib.
Faktlarla bağlı cinayət işləri başlanıb. Araşdırmalar aparılır.
Natiq CAVADOV DİN Mətbuat Xidmətinin əməkdaşı