Baharın gəlişilə daha da gözəlləşən bu bərəkətli torpaqlarda yaşayan soydaşlarımız, həmişə olduğu kimi, yenə rahatca, arın-arxayın əkin-biçinlə məşğul olur, ucu-bucağı görünməyən meyvə bağlarına qulluq edir, bol məhsul götürmək üçün var güclərilə çalışırlar.
Xaçmaz rayonunun Hülövlu kənd sakini Məsumə Qasımovanın ailəsinin də çörəyi torpaqdan çıxır. Ailə yaşamını dövlət tərəfindən verilmiş pay torpağında əkib-becərdiyi məhsulları satmaqla təmin edir. Səhərdən gün batanacan tər töküb ruzi qazanırlar.
Nəql etmək istədiyimiz hadisə baş verən gün də M.Qasımovanın həyat yoldaşı evdən hava hələ açılmamış çıxmışdı. Xanımı ailə başçısını yola salandan sonra mətbəxə keçmişdi, biş-düşlə məşğul idi. Başı elə qarışmışdı ki, oğrunca həyətə keçən, sonra da mətbəxə girən yad adamı heç görmədi də. Ta o vaxtacan ki, qadının boğazına arxadan bıçağa oxşar iti bir əşyanı dirəyib: "Tez ol, pul və qızılların yerini söylə!"-deyincə.
- Sən kimsən, nə istəyirsən? Biz kasıb adamlarıq, pul, qızıl nə gəzir...
- Kəs səsini, yoxsa...
Bir anlıq qadına elə bil güc gəldi və səsi gəldikcə çığırmağa, qonşuları köməyə çağırmağa başladı. Bunu gözləməyən "qonaq" onu susdura bilməyəcəyini görüb tələm-tələsik masanın üstündəki mobil telefonu götürüb aradan çıxdı.
Fakt barədə Xaçmaz RPŞ-yə məlumat verildi. Şöbə rəisi, polis polkovniki Nofəl Məhərrəmovun tapşırığı ilə yaradılmış əməliyyat-istintaq qrupuna rəhbərlik əməliyyat işləri üzrə rəis müavini, polis polkovnik-leytenantı Amil Tahirliyə tapşırıldı. Hadisə yerinə yollanan əməliyyat-istintaq qrupu zərərçəkmişlə və qonşuluqda yaşayanlarla söhbətlər apardılar. Ev sahibəsinin istintaqa verdiyi ilkin ifadəsindən aydın olur ki, hadisəni törədən şəxs tanınmaması üçün ağzını ağ mələfə ilə bağlayıb, başına idman papağı keçiribmiş. Lakin qadın, çox qorxmağına rəğmən, hadisəni törədənin bəzi əlamətlərini yadında saxlaya bilmişdi. Bu da özlüyündə təcrübəli polis əməkdaşları üçün bir ipucu oldu...
Polislər evin ətrafını da diqqətlə nəzərdən keçirdilər. Əkin sahəsinin kənarındakı yarımtikilidə yeni çəkilmiş siqaret kötükləri və iki ədəd boş şirə şüşəsi aşkarlandı. Onlar da lazımi qaydada qablaşdırılıb digər dəlillərlə birlikdə ekspertizaya göndərildi.
Polis polkovnik-leytenantı A.Tahirlinin dediklərindən: "Zərərçəkənin hücum edən şəxsin əlamətləri barədə söylədikləri çox köməyimizə çatdı. Bu əlamətlər şahid ifadələrinə əsasən rayonda əvvəllər baş vermiş iki mənzil və iki mağaza oğurluğunu da törətməkdə şübhəli bilinən şəxsin görünüşü ilə üst-üstə düşürdü. Zənnimiz bizi aldatmadı. Baş vermiş hadisələrdə əsas diqqət çəkən, əvvəllər məhkumluq həyatı yaşamış Vüqar Sadıqovun və Taleh Cavadovun şübhəli şəxs qismində polisdə ifadələri alındı. İstintaqa dediklərindəki ziddiyyət polisin düz yolda olduğunu sübut edirdi. Əvvəlcə hər şeyi ciddi-cəhdlə inkar etməyə çalışdılar. Tutarlı dəlil-sübutlar qarşısında, nəhayət, törətdikləri əməlləri etiraf etməli oldular".
Vüqarla Taleh həbsdən çıxandan sonra heç bir faydalı işlə məşğul olmurdu. Az vaxtda çox pul qazanıb kef çəkmək istəyi isə tezliklə onları yenə bir araya gətirdi. Yuxarıda qeyd etdiyimiz oğurluqları törədəndən sonra isə polisin hər yerdə onları axtardığının xəbərini aldılar. Bir müddət gözdən-könüldən uzaq yerdə gizlənmək qərarına gəldilər. Elə bu məqsədlə də Hülövlü kəndini seçdilər. Bir neçə gün kimsənin diqqətini çəkməyən yarımtikilidə yaşadılar. Ərzaq və pul qurtaranda isə ac canavar kimi hərəkətə keçdilər...
Bu cinayətin üstünün açılmasında CAB-nin rəisi, polis kapitanı Səxavət Abbasov, əməliyyat müvəkkili, polis leytenantı Vüsal Mahmudov xüsusilə fərqləndi.
Çingiz Şıxverdiyev, polis polkovnik-leytenantı