Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbiləri nəticəsində silsilə oğurluqlar törədən rayon sakinləri saxlanıb. Saxlanarkən onlardan birinin üzərindən narkotik vasitə də aşkar edilib.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Cəlilabad RPŞ-nin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən rayonun Alar kənd sakini Kainat Əliyev saxlanıb. Şəxsi axtarış zamanı onun üzərindən 3 qrama yaxın narkotik vasitə heroin aşkarlanıb. K.Əliyevin ətrafında aparılan əməliyyat-axtarış tədbirləri ilə onun həmkəndlisi Seymur Hüseynovla birlikdə rayonun Alar və Günəşli kəndlərində ayrı-ayrı vaxtlarda gizli yolla daxil olduqları 6 yaşayış evindən ümumilikdə 7700 manat dəyərində pul və qızıl zinət əşyaları oğurladıqları müəyyən olunub. Cəlilabad RPŞ əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində S. Hüseynov da saxlanıb və hər iki şəxs istintaqa təhvil verilib.
Davam etdirilən əməliyyat tədbirləri ilə K.Əliyevə narkotik vasitəni satan şəxs Cəlilabad şəhər sakini Elməddin Quliyev də müəyyən edilərək saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.