Qətər OPEK-dən (Neft İxrac Edən Ölkələr Birliyi) çıxacaq. Trend-in məlumatına görə, Qətərin energetika və sənaye naziri Saad bin Şrida əl-Kaabi deyib ki, ölkəsi yanvar ayının 1-dən OPEK-dən çıxmağa hazırlaşır.
Qətərin OPEK-in tərkibindən çıxması neft bazarında azalma trendini gücləndirə bilər. Bunu Trend-ə SOCAR-ın keçmiş rəhbəri, iqtisadçı Sabit Bağırov Qətərin 2019-cu ildə təşkilatı tərk edəcəyi qərarını şərh edərkən deyib.
O bildirib ki, neft qiymətlərində dalğalanma səviyyəsi çox yüksəkdir və burada siyasi amillər də öz rolunu oynayır: “Mən inanmıram ki, Qətərin OPEK-dən çıxması domino effektinə səbəb olsun və OPEK ölkələri bu trendə hazır olsun. Amma prinsipcə bu, həmin istiqamətdə müəyyən təkan verə bilər. Çünki Qətər enerji bazarında kifayət qədər nüfuzlu ölkədir”.
Qeyd edək ki, OPEK 1960-cı il sentyabrın 10-14-də Bağdadda keçirilən konfransda yaradılıb.
Qətərdən başqa İran, İraq, Küveyt, Səudiyyə Ərəbistanı, Venesuela, Liviya, Birləşmiş Ərəb Əmirlikləri, Əlcəzair, Nigeriya, Ekvador və Anqola təşkilatın üzvüdür.
Xatırladaq ki, 2007-ci ildə İndoneziya OPEK-i tərk edib.