Azər Allahverənov: “İstər Cənubi Qafqaz, istərsə də Orta Asiya bazarı sərt şəkildə Yaponiya və Almaniya istehsalı olan avtomobillərin təsiri altındadır”
Türkiyə yerli avtomobilləri Azərbaycana və Orta Asiya ölkələri bazarlarına ixrac etməkdə maraqlıdır. Bu barədə mətbuata Türkiyənin Sənaye və Texnologiya Nazirliyindən məlumat verilib. Həmin məlumata görə, yerli maşınların türkdilli ölkələrin bazarlarına çıxarılmasından əvvəl Türkiyə bu ölkələrin avtomobil bazarlarını öyrənməyi planlaşdırır. Türkiyə, həmçinin, yerli avtomobilləri digər qonşu bazarlara ixrac etmək niyyətindədir. Bununla yanaşı, yerli avtomobillər xaricdə digər avtomobil istehsalçılarının məhsulları ilə rəqabət aparacaq.
Qeyd edək ki, daha əvvəl Türkiyə sənaye və texnologiya naziri Mustafa Varankın sözlərinə görə, Türkiyənin yerli avtomobilinin ilk prototipi 2019-cu ildə hazır olacaq. Varank, həmçinin, yerli avtomobilin istehsalının hazırda Türkiyənin prioritetlərindən biri olduğunu demişdi. Türkiyənin "Zorlu Holdinq" şirkəti yerli türk avtomobilini yaratmaq üçün konsorsiumun tərkibinə daxil olan dörd şirkətlə birgə avtomobilin ilk prototiplərini təqdim edib. Prototip "Vestel Elektronik" şirkəti ilə birlikdə yaradılıb və "VEO" adlanır.
Onu da qeyd edək ki, əvvəllər Türkiyənin sabiq elm, sənaye və texnologiya naziri Faruk Özlünün sözlərinə görə, yerli avtomobili yaratmaq üçün 3 milyard dollar sərmayə qoyulacaq. Hazırda yerli avtomobilin beş müxtəlif modelinin prototiplərini hazırlamaq üçün işlər aparılır. Yerli avtomobil modellərindən biri elektrik mühərriki ilə təchiz olunacaq.
Maraqlıdır, bəs ekspertlər Türkyədə istehsal olunan avtomobillərin Azərbaycan və Mərkəzi Asiya ölkələri bazarlarına çıxarılma perspektivlərini necə dəyərləndirirlər?
Məsələyə münasibət bildirən nəqliyyat sahəsi üzrə ekspert Azər Allahverənovun sözlərinə görə, bunun üçün bazardakı rəqabət nəzərə alınmalıdır: “Türkiyə rəsmiləri bununla bağlı perspektivi gördükləri üçün belə açıqlama ilə çıxış edirlər. Nəzərə almaq lazımdır ki, 90-cı illərdə belə bir təcrübə var idi. O zaman Türkiyədə yığılan “Tofaş” markalı avtomobillər Azərbaycanda taksi xidmətində geniş istifadə edilirdi. Daha sonra “Şahin Doğan” modelli avtomobillər gətirildi. Bundan sonra Türkiyədə istehsal olunan yerli avtomobillərin Azərbaycan və Mərkəzi Asiya ölkələrinin bazarlarına çıxarılmasına gəldikdə isə, müəyyən amillər nəzərə alınmalıdır. Yəni Türkiyə o bazara daxil ola bilər ki, orada avtomobil rəqabətinə davam gətirə bilsin. Məsələn, vaxtilə Qazaxıstanda “Dayvo” avtomobil zavodu fəaliyyət göstərirdi. Sonra digər Koreya modelləri bazara daxil oldu. Ancaq indi vəziyyət fərqlidir. Məsələ ondadır ki, istər Cənubi Qafqaz, istərsə də Orta Asiya bazarı sərt şəkildə Yaponiya və Almaniya istehsalı olan avtomobillərin təsiri altındadır. Azərbaycanın avtoparkına nəzər salsaq görərik ki, əsasən Almaniya, Yaponiya və Cənubi Koreya avtomobilləri üstünlüyə malikdir. Hətta Çində istehsal olunan avtomobillər belə, bizim bazara tam daxil ola bilmirlər. Çünki Çin avtomobilləri ucuz olsa belə, rəqabətə dözümlü deyil. Ona görə ki, keyfiyyəti aşağıdır. Bundan başqa, Azərbaycanın özünün avtomobil sənayesi inkişaf edir. Artıq Azərbaycan da daxili bazarda tələbatın müəyyən hissəsini yerli istehsal hesabına təmin etmək istəyir. Azərbaycan yerli avtomobillərin rəqabət qabiliyyətini artırsa, o zaman Türkiyədə istehsal olunan avtomobillər rəqabətlə üzləşəcəklər. Nəzərə almaq lazımdır ki, idxal olunan avtomobillərlə bağlı aksiz vergisi artırılıb. Bu proseslərin fonunda, Türkiyə istehsalı olan yerli avtomobillər üçün çətin olacaq. Ancaq bunun müqabilində onlar müəyyən güzəştlər nəzərdən keçirsələr, Azərbaycan bazarına daxil ola bilərlər”.
Vidadi ORDAHALLI