Fuad İbrahimli: “... əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumu aztəminatlılığın həddini müəyyən edir”
Milli Məclisin iclasında "2019-cu il üçün yaşayış minimumu haqqında” qanun layihəsi üçüncü oxunuşda qəbul edilib. Sənəddə göstərilib ki, 2019-cu ildə Azərbaycanda yaşayış minimumu 180 manat nəzərdə tutulub. İclasda Azərbaycanda 2019-cu il üçün ehtiyac meyarı da səsə qoyulub. Qanun layihəsinə əsasən, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə gələn il üçün ehtiyac meyarının həddi 143 manat məbləğində müəyyən edilib.
Ehtiyac meyarının 143 manat təsdiq olunması ilə bağlı fikir bildirən iqtisadçı-ekspert Fuad İbrahimli “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, “Yaşayış minimumu haqqında” Qanunun 4.4-cü maddəsində deyilir ki, əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumu aztəminatlılığın həddini müəyyən edir. “Yaşayış minimumu haqqında” Qanunun 5.1-ci maddəsinə görə, ölkə üzrə təsdiq edilmiş yaşayış minimumu əməkhaqqının minimum məbləğinin, müavinətlərin, təqaüdlərin, digər ödənişlərin və ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə ehtiyac meyarının müəyyən edilməsinin əsasını təşkil edir: “Məlumat üçün bildirim ki, Sovet dönəmində vətəndaşların istehlak səbəti elmi-tədqiqat institutları tərəfindən hesablanırdı. Hesablamalar nəticəsində vətəndaşların normal həyatı üçün müəyyən məbləğ təyin olunurdu. Həmin məbləğlə insanlar normal şəkildə yaşayırdılar”.
Həmsöhbətimizin sözlərinə görə, yaşayış minimumu və ehtiyac meyarında hər il artım qeydə alınır: “Təklif edərdim ki, yaşayış minimumu və ehtiyac meyarının məbləği artırılan zaman müstəqil ekspertlər, bu sahə ilə məşğul olan dövlət nəzarəti orqanları və sosialyönümlü tədqiqat institutlarının da rəyi nəzərə alınsın”.
Günel CƏLİLOVA