Əli Əlirzayev: “Bütün bunlar, nəticə etibarilə, həm Azərbaycanın iqtisadi gəlirlərini artıracaq, həm də geosiyasi mövqeyini möhkəmləndirəcək”
Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan "Cənub Qaz Dəhlizi" layihəsi Macarıstan üçün enerji resursları mənbələrinin şaxələndirilməsi baxımından vacibdir. Bunu mətbuata açıqlamasında Macarıstanın Azərbaycandakı səfiri Viktor Sederkenyi deyib.
Onun sözlərinə görə, Macarıstan üçün enerji təhlükəsizliyi prioritet məsələdir: “Buna görə də biz fəal olaraq enerji resursları mənbələrinin şaxələndirilməsi imkanlarını axtarırıq, xüsusən də təbii qaz mənbələrinin. Azərbaycan qazı real alternativdir, buna görə də o, diversifikasiya variantlarının baxılması zamanı diqqət mərkəzində olacaq. "Cənub Qaz Dəhlizi" bizim üçün enerji resursları mənbələrinin və tədarük marşutlarının şaxələndirilməsi baxımından vacibdir, bu səbəbdən də biz bu layihəni yaxşı bir variant kimi qiymətləndiririk”.
Sederkenyi qeyd edib ki, Macarıstan Azərbaycanın - bu böyük layihəyə təkan verən və boru kəmərini qazla dolduracaq ölkənin rolunu yüksək qiymətləndirir: “Hazırda məqsədlərdən biri Macarıstanın "Cənub Qaz Dəhlizi" ilə regionumuzun ölkələri arasında olan interkonnektorlar vasitəsilə birləşməsidir. Transadriatik (TAP) və Transanadolu (TANAP) boru kəmərləri vasitəsilə Azərbaycan qazı Avropa bazarlarında satışa çıxarılacaq və bu çox gözəl xəbərdir”.
Səfir onu da deyib ki, "Cənub Qaz Dəhlizi"nin gələcəkdə yeni mənbə ölkələr və alıcılar hesabına ötürmə qabiliyyətinin genişlənməsi çox böyük əhəmiyyət daşıyır.
Görünən odur ki, get-gedə daha çox Avropa ölkəsi "Cənub Qaz Dəhlizi" layihəsinin imkanlarından istifadə etmək barədə düşünür. Bütün bunlar həm də qaz bazarında müştəri probleminin olmayacağı anlamına gəlir. Ümumilikdə, Macarıstanın "Cənub Qaz Dəhlizi"nə interkonnektorlar vasitəsilə birləşmək istəyini necə dəyərləndirmək olar?
Sözügedən məsələni dəyərləndirən iqtisadçı-alim Əli Əlirzayevin fikrincə, Macarıstanın belə istəklə çıxış etməsi müsbət haldır: “Bütün bunlar o deməkdir ki, "Cənub Qaz Dəhlizi" tam gücü ilə işə düşəndən sonra qaz alıcılarının sayı artacaq. O cümlədən Macarıstan kimi digər Mərkəzi Avropa ölkələri də qaz tədarük etməyə səy göstərəcəklər. Bu baxımdan Macarıstanın məlum istəyini ortaya qoyması digər ölkələrin də “Cənub Qaz Dəhlizi”nə marağını artıracaq. Ola bilsin ki, bəlli bir müddətdən sonra sözügedən ehtiyacları qarşılamaq üçün təkcə Azərbaycan qazı yetərli olmasın. O zaman “Cənub Qaz Dəhlizi” vasitəsilə digər qaz ixracı ilə məşğul olan ölkələr öz enerji resurslarını Avropa bazarına çıxaracaqlar. Bu, Türkmənistan ola bilər. Çünki bu ölkənin böyük qaz resursları var. Hesab edirəm ki, region ölkəsi olan İran da “Cənub Qaz Dəhlizi”nin imkanlarından gələcəkdə yararlana bilər. Nəzərə almaq lazımdır ki, Avropa ölkələri enerji mənbələrinin şaxələndirilməsində qərarlıdırlar. Bu məsələdə “Cənub Qaz Dəhlizi”ndən gözləntilər böyükdür. Bütün bunlar da, nəticə etibarilə, həm Azərbaycanın iqtisadi gəlirlərini artıracaq, həm də geosiyasi mövqeyini möhkəmləndirəcək”.
Vidadi ORDAHALLI