Pərviz Heydərov: “Beynəlxalq maliyyə agentlikləri son zamanlar ölkəmiz haqqında hesabatlar yayırlar, həmin təşkilatların Azərbaycanın makroiqtisadi vəziyyətilə bağlı səsləndirdikləri rəylər müsbət xarakterlidir”
Avropa Yenidənqurma və İnkişaf Bankı bu ilin yekununda Azərbaycanda orta illik inflyasiyanın hansı səviyyədə olacağı barədə hesabat yayıb. Bank Azərbaycanda orta illik inflyasiyanın 3,5% olacağını proqnozlaşdırır.
Məlumat üçün bildirək ki, Azərbaycan Hökuməti ölkədə orta illik inflyasiyanın 2018-ci ildə 3,1% olacağını, 2019-cu ilidə 3,8%, 2020-ci ildə 3,5%, 2021-ci ildə 3,3%, 2022-ci ildə isə 3,3% olacağını gözləyir.
Avropa Yenidənqurma və İnkişaf Bankının ilin sonunadək Azərbaycanda orta illik inflyasiyanın 3,5% olacağı proqnozu ilə bağlı fikir bildirən iqtisadçı-ekspert Pərviz Heydərov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, beynəlxalq maliyyə agentlikləri son zamanlar ölkəmiz haqqında hesabatlar yayırlar. Həmin təşkilatların Azərbaycanın makroiqtisadi vəziyyətilə bağlı səsləndirdikləri rəylər müsbət xarakterlidir: “Sevindirici haldır ki, bu vəziyyət daha da yaxşılığa doğru dəyişir. Məlumdur ki, ötən illər ərzində əldə olunmuş iqtisadi sabitlik cari ildə daha da möhkəmlənib. Bir sıra makroiqtisadi göstəricilərdə ümumdaxili məhsul istehsalı artıb, inflyasiya və digər göstəricilərdə sabitlik daha da möhkəmlənib. Məlumat üçün bildirim ki, ötən il 2018-ci il üçün hökumətin inflyasiya proqnozu 6 faiz idi. Bu il isə inflyasiyanın 6 faizdən aşağı qeydə alındığının şahidi olduq. Artıq hökumətin özünün inflyasiyaya dair gözləntisi aşağı düşüb. Bu hal beynəlxalq qurumların səsləndirdiyi proqnozlarla daha uyğun gəlir. Ölkədə makroiqtisadi sabitliyin davam edəcəyi gözlənir. Bu əsasən neftin dünya bazarındakı qiymətindən asılıdır. Neftin satış qiyməti 50 dollardan üstün olarsa, Azərbaycanın növbəti illərdə də makroiqtisadi göstəriciləri üçün təhlükə gözlənilmir”.
Həmsöhbətimiz hesab edir ki, 2019-cu ildə inflyasiyanın 3 faiz ətrafında möhkəmlənəcəyi istisna olunmur.
Günel CƏLİLOVA