Fikrət Yusifov: “... əsasən turizm sektoru bu sahədə üstünlük təşkil edir”
Qeyri-neft sektorunun inkişafı bu sahədə vergi daxilolmalarının da artmasına səbəb olub. Belə ki, cari ilin on ayı ərzində büdcəyə daxil olmuş vergilərin 25,1 faizi dövlət, 74,9 faizi isə qeyri-dövlət sektorunun payına düşüb. Vergilər Nazirliyinin media və kommunikasiya mərkəzinin yaydığı məlumatda qeyd olunur ki, qeyri-neft sektorunun qeyri-dövlət bölməsində fəaliyyət göstərən vergi ödəyiciləri tərəfindən ödənilmiş vəsaitin həcmi isə 3 milyard 4,5 milyon manata bərabər olub.
Qeyri-neft daxilolmalarının həcminin artırılmasında başlıca istiqamətlərdən biri kimi vergidən yayınmaların qarşısının alınması məqsədilə nağd hesablaşmaların məhdudlaşdırılması və transfer qiymətlərinin tətbiqinə nəzarətin gücləndirilməsi, ƏDV-nin vergitutma bazasının genişləndirilməsi kimi tədbirlərin görülməsi nəzərdə tutulur. Aparılan vergi siyasəti həm də əlavə mənbələr hesabına vergi bazasının genişləndirilməsi və vergi daxilolmalarının həcminin artırılmasına hesablanıb.
Qeyri-neft sektoru üzrə vergi daxilolmalarının artmasına münasibət bildirən iqtisadçı-ekspert Fikrət Yusifov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, son illər ölkə iqtisadiyyatında inkişaf qeydə alınır. İnkişaf əsasən qeyri-neft sektorunda yaşanır. Qeyri-neft sektorunun müxtəlif sahələrində inkişaf müşahidə olunur. Təbii ki, inkişaf olan yerdə vergi daxilolmalarının həcmi də artacaq: “Qeyri-neft sənayesində, tranzit yükdaşımalarda, turizm sahəsi üzrə vergi daxilolmalarında artım qeydə alınır. Qeyri-neft sektorunun bir sıra sahələri üzrə vergi daxilolmalarının həcmi artıb. Əsasən turizm sektoru bu sahədə üstünlük təşkil edir. Onu da nəzərə almaq lazımdır ki, qeyri-neft sektorunun bəzi sahələrinə vergi güzəştləri tətbiq olunur. Buna baxmayaraq, büdcəyə vergi daxilolmalarının həcmində artım yaşanır”.
Həmsöhbətimizin sözlərinə görə, qarşıdakı illərdə qeyri-neft sektoru üzrə vergi daxilolmalarının həcmi daha da artacaq. Çünki bu sektorun inkişafı gözləniləndir.
Günel CƏLİLOVA