Ramil Osmanlı: “Bütün bunlar nəticə etibarilə ucuz və orta dəyərdə olan nəqliyyat vasitələrinin qiymətinin artmasına gətirib çıxarıb”
Son vaxtlar Azərbaycanın avtomobil bazarında bahalaşma müşahidə olunur. Bakıda oktyabr ayında kiçikhəcmli mühərrikli avtomobillərin qiymətində bahalaşma qeydə alınıb. Belə ki, mühərrik həcmi 2 litrə qədər olan avtomobillərin orta qiyməti 17,483 manat təşkil edib və əvvəlki ayla müqayisədə qiymətlərdə 14,25 faiz artım müşahidə olunub.
Mühərrik həcmi 2-3 litr olan avtomobillərin isə orta qiyməti 33,758 manat olub və bu seqmentdə olan avtomobillər 14,27 faiz bahalaşıb.
Bununla yanaşı, ikinci əl avtomobil bazarında da qiymətlər bahalaşmağa başlayıb. Belə ki, ikinci əl avtomobil bazarında qiymətlər 10-15 faiz artıb. Məlumata görə, son 10 gündə avtomobil satışlarında canlanma yaranıb. İkinci əl avtmobillərə olan tələbatın artması isə qiymətləri xeyli artırıb. Satışlarda yaranan canlanma daha çox tələbat olan avtomobilin bahalaşmasına səbəb olub. Bahalaşma avtomobillərin bazar qiymətindən asılı olaraq, 200 manatdan 10 min manata kimi dəyişir. Dekabrda da Bakının avtomobil bazarında işlənmiş maşınların müxtəlif markalarında qiymət artımı gözlənir. Çünki, ənənəvi olaraq, yeni il ərəfəsində avtomobil bazarında canlanma müşahidə edilir.
Onu da qeyd edək ki, ölkəyə son bir neçə ayda gətirilən təzə avtomobillərin sayı kəskin azalıb. Məsələn, ötən il bir ayda ölkəyə 10 mindən çox yeni avtomobil gətirilirdisə, hazırda bu rəqəm 1300-ə yaxındır.
Bütün hallarda, ekspertlər avtomobil bazarında yaranan vəziyyəti necə dəyərləndirirlər? Qiymətlər niyə qalxır?
Məsələyə münasibət bildirən Əmlak Ekspert Mərkəzinin rəhbəri Ramil Osmanlı avtomobillərin bahalaşmasını bir sıra amillərlə əlaqələndirdi: “Başlıca səbəb avtomobillərə olan tələbatın ilbəil artması ilə əlaqədardır. Tələbatın artmasına rəğmən, avtomobil idxalı çətinləşir. Müəyyən inzibati qərarların qəbulu, bazara təsir edən digər amillər idxalı kəskin dərəcədə aşağı salır. Yəni idxal azaldığına görə faktiki indiki vəziyyətdə tələblə təklifin strukturu arasında böyük fərq yaranıb. Bütün bunlar nəticə etibarilə ucuz və orta dəyərdə olan nəqliyyat vasitələrinin qiymətinin artmasına gətirib çıxarıb. İstər təkrar, istərsə də ilkin bazarda qiymətlər artıb. Təkrar bazar bilavasitə ilkin bazarla bağlı olduğuna görə burada qiymət artımını başa düşmək olar. Məsələn, devalvasiyanın təsirləri nəticəsində ilkin bazarda yeni avtomobillərin qiyməti artır. Bu da, öz növbəsində, az istismar olunmuş nəqliyyat vasitələrinin qiymətlərinə təsir göstərir. İdxalın məhdudlaşması isə birbaşa ölkəyə avtomobil axınını azaldır. Yaranan vəziyyət tələbi qarşılamağa imkan vermir. Nəticədə avtomobil bazarında qiymətlər artır. Ona görə də sadaladığım amillər ölkədə avtomobillərin qiymətinin artmasına öz təsirini göstərir”.
Vidadi ORDAHALLI